Həftənin “ermənipərəst selfisi” - Həftə-reytinq

18:45 15.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ötən çərşənbə axşamı - noyabrın 12-də Parisdə səfərdə olan işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makronun verdiyi ziyafətə qatıldı. Onun  BMT baş katibi Antonio Quterreşlə də ayaqüstü görüşdüyü bəlli olub. Paşinyan BMT rəhbərinə yanaşaraq onunla selfi də çəkdirib və onu “Facebook”da paylaşıb.

 

Həftənin “homoseksual hakimiyyəti”

Ötən həftənin şənbə günü işğalçı ölkə paytaxtındakı “Keçaris” otelində təşkil olunan beynəlxalq “LGBT”   forumuna yerli icma üzvləri ilə yanaşı, Ermənistanın rəhbər məmurlarının da qatıldığı bəlli oldu. Bu haqda etibarlı mənbələrə istinadla erməni "İrates" qəzeti yazıb. Məlumata görə, üzdəniraq tədbirdə Ermənistan parlament sədri Ararat Mirzoyan və Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyanın tez-tez birgə şəkil çəkdirdikləri sevimliləri- “Karabina” ləqəbli  transseksual da iştirak edib. Otel əməkdaşları jurnalistlərə bildirib ki, homoseksualların  forumuna adları ciddi şəkildə gizli saxlanılan bəzi erməni hakimiyyət nümayəndələri də qatılıb.

 

Həftənin “bərkgedəni”

Belarus prezidenti Aleksandr Lukaşenko belorusların nə Rusiyanın ayağındakı daş, nə də “çörəkyeyən”i olduğunu dedi. Onun sözlərinə görə, rəsmi Minsk Rusiya ilə ittifaq dövləti çərçivəsində sərhədlərin qorunması ilə məşğuldur və bu onlara ucuz başa gəlmir. A.Lukaşenko bu sözlərini Təhlükəsizlik Şurasının katibi Stanislav Zas və Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşdə söyləyib.  “Həmişə bizim başımıza bu sözlərlə qaxınc edirlər: “Belarusu saxlayan bizik, əgər bizim dotasiyalarımız olmasa, batarsınız”. Lakin sərhədi birgə qorumanın bizə neçəyə başa gəldiyini onlara xatırlatmaq lazımdır. Baltik dənizindən Qara dənizə qədər, biz Rusiya üçün işləyirik. Elə bunun özü nə qədər pula dəyir, özü də söhbət təkcə puldan getmir. Ancaq yenə də onların gözündə “havayı yeyənlərik”,- deyə Belarus lideri Rusiyanın ünvanına qəzəbli ifadələr səsləndirib. 

 

Həftənin “neft oğrusu”

"ABŞ neftimizi oğurlayır". Bunu Suriya prezidenti Bəşşar Əsəd "Rossiya 24" telekanalına müsahibəsində dedi. "Birləşmiş Ştatlar quldur dəstələri üzərində siyasi rejim kimi qurulmuş dövlətdir", - Suriya lideri əlavə edib. Qeyd edək ki, noyabrın 6-da KİV-də ABŞ prezidenti Donald Trampın Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqlədiyi barədə xəbərlər yayılıb. Yeni plana əsasən, qoşunlar Deyr-əz-Zordan Əl-Hasakiyə qədər, təxminən, 150 km uzanan ərazidə kürd yaraqlılarının nəzarətində olan böyük ərazini qoruyacaq.

 

Həftənin “prezident ad günü”

İran prezidenti Həsən Ruhaninin doğum günü təyyarədə qeyd olundu. Yəzd və Kirman vilayətlərinə səfərdən qayıdan Ruhani təyyarədə sürprizlə qarşılaşıb. Prezident təyyarəsinin heyəti tort hazırlayaraq onu təbrik ediblər. Xatırladaq ki, İran İslam Respublikasının 7-ci prezidenti Həsən Ruhaninin 71 yaşı tamam olub.

 

Həftənin “xoşagəlməz vəziyyəti”

ABŞ prezidenti Donald Tramp yeni bir xoşagəlməz situasiya ilə üzləşdi. Jurnalistlər onun xidməti maşınına minərkən ayaqqabısına yapışan tualet kağızına diqqət ediblər. Xəbərdə həmin vaxt Birləşmiş Ştatların dövlət başısının yanında xanımı Melaniya Trampın da olduğu bildirilir. Nyu-York şəhərindən Vaşinqtona keçmək üçün hərəkət edən Ağ Evin rəhbərinin ayağına yapışan həmin kağız təyyarəyə minənə qədər çıxmayıb. “Daily Mail” qəzeti prezidentin ətrafındakı şəxslərdən heç birinin bunu ona deməyə cürət etmədiyini yazıb. Qeyd olunur ki, belə bir hadisə Trampın başına ikinci dəfə gəlir. 2018-ci ilin oktyabrın 5-də o, Minneapolis hava limanından təyyarəyə qalxarkən də onun çəkməsində tualet kağızının yapışdığı görülmüşdü. Ümumiyyətlə, ABŞ prezidentinin adı tualet kağızları ilə tez-tez hallandırılır. 2017-ci ildə Antoniio Batalya adlı meksikalı iş adamı onun şəkli və soyadı qeyd olunan kağız istehsal etmişdi.

 

Həftənin “əxlaqlısı”

Müğənni Mətanət Əsədova “5\5” verilişinin qonağı oldu. Sənətçi bəzi qadın həmkarlarını tənqid edib: “Bura gələnləri yaxşı tanımırsınız. Sən öl, tanımırsınız. Mən gəlib deyib-gülərəm, deyərlər ki, buna bax. Əslində məndən əxlaqlısı yoxdur. Amma sakit duranlar var, sakit ilanlar. Onlardan qorxmaq lazımdır. Onların nələr etdiyini bilmirsiniz. Yanlarında da ərləri var. Amma artistliklər edirlər. Qurban olum, onlara inanmayın”.  Qeyd edək ki, Mətanət bir müddət öncə ərə getdiyini açıqlamışdı.

 

Həftənin “plagiatçı müğənnisi”

Aygün Kazımovanın yeni mahnısı plagiat çıxdı.  Musavat.com-un verdiyi xəbərə görə, sənətçi “Ehtiyacım var” adlı mahnısını klipi ilə birgə təqdim edib. Sözləri İsmayıl Əsədov ilə Saleh Səbata, musiqisi İsmayıl Əsədova məxsusdur. Çəkilişlər Nyu-Yorkda baş tutub. A. Kazımovanın tərəf müqabili kimi modelyer Rüfət İsmayıl kamera qarşısına keçib.  Klip bəyənilsə də, mahnı sosial şəbəkədə müzakirə olunub. A. Kazımovanın  mahnını zəif oxuduğu bildirilib.