Həftənin “nankor övladı” - Həftə-reytinq

18:40 20.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Özcan Dənizin bacısının  anasına  kömək istəyinə cavab vermədi. 22 yaşlı Gülcan Dəniz sənətçiyə anasının vəziyyətinin ağır olduğunu deyib. Günlərdir anası ilə xəstəxanada qalan qız qardaşından heç bir kömək almadığını bildirib. Atasının ölümündən sonra məşhur müğənni onlardan imtina edib. Ürək xəstəliyindən əziyyət çəkən G.Dəniz  "Mən də, anam da xəstəyik. Məktəbə gedə bilmirəm. Yardıma ehtiyacımız var. Amma qardaşımdan heç bir xəbər yoxdur”, – deyə qeyd edib.

 

Həftənin “Quransevəri”

Ankarada səfərdə olan Rusiya Prezidenti Vladimir Putin  suala Qurandan sitat gətirməklə cavab verib: “Türkiyədə olduğum üçün Müqəddəs Qurandan bu sətirləri xatırlamaya bilmərəm:  “Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi”.  Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır”.  Putin əlavə edib ki, bu məsələdə Rusiyanın  mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar  aparmalı olduğunu bildirib. Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətlərinə dronlar vasitəsilə hücum olub.

 

Həftənin “avaraşünası”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə onu tənqid edənləri “avara” adlandırdı. O, 15 sentyabr Bakının azad olunmasının 101 illiyi ilə bağlı iki il öncə verdiyi açıqlamasına görə yenidən gündəmə gəlib. Partiya sədri iki il öncə paytaxtımızı erməni-bolşevik qüvvələrindən azad edən Nuru Paşanın Azərbaycana qızıl-zinət əşyaları aparmaq məqsədilə ilə gəldiyini söyləmişdi. O, bu açıqlamalarının ardından ciddi şəkildə tənqidlərə məruz qalmışdı, tez-tez sosial şəbəkələrin əsas “qəhrəmanlar”ından birinə çevrilmişdi. Bu il o, yenə ən ağır formada təhqir olunur. Bununla əlaqədar musavat.com-a danışan deputat təhqirlərinə davam edib: “Hər hürən itə sümük atmıram. Bu mövzu keçib gedib. Bunların mövzusu yoxdur. İşsiz qalıblar. Bilmirlər ki, neyləsinlər. Avara insanlardır. Bundan əlavə şərh vermək istəmirəm”.

 

Həftənin “ağlağanı”

İngilis jurnalist Piers Morgan portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo ilə unudulmaz bir reportaj həyata keçirdi. Ronaldo hələ 20 yaşında olarkən itirdiyi atasından, anasından və həyatında baş verən digər hadisələrdən danışarkən ağlayıb. Ronaldonun atası Jose Dinis Averio köhnə bir müharibə qazisi olan bağban idi. Spirtli içki problemi səbəbilə 52 yaşında həyatını itirib. Atasını itirdikdə karyerasının başlanğıcında olan Ronaldo "Atamı heç vaxt tam olaraq tanıya bilmədim. Daim sərxoş olurdu. Aramızda normal ünsiyyət olmurdu. Dünyasını tez dəyişdiyindən hazırda zirvədə olduğumu, qazandığım uğurları görə bilmədi",  –  sözlərini deyərkən göz yaşlarını saxlaya bilməyib.

Adının hallandığı təcavüz hadisəsi ilə bağlı "Bir gün sevgilimlə birlikdə oturarkən bir xəbər qarşımıza çıxdı. Mənin haqqımdakı xəbərlə bağlı danışırdılar. Uşaqların otağa gəldiyini eşitdikdə kanalı dəyişdirdim. Bu, çox utancverici idi", –  açıqlamasını edib.

 

Həftənin “fədakar Xalq artisti”

Xalq artisti Canəli Əkbərov tədbirə əlil arabasında qatıldı. Xalq artisti Heydər Əliyev Mərkəzində keçirilən “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimində iştirak edib.  Son vaxtlar səhhətində problem yaranan xanəndə tədbirə əlil arabasında gətirilib.  Onun yeni fotolarını sosial şəbəkədə  aparıcı Hacı Nuran Hüseynov paylaşıb:  “Xalq sənətkarları ilə öyünər, onlarla tanınar... Canəli Əkbərov da öyünəcəyimiz, fəxr edəcəyimiz bir xanəndə, sənətkardır ... Çağdaş muğam sənətinin mogikanı, sənə hər zaman ehtiyac var ... Səni xəstə yatağında deyil, səhnədə görməyə öyrəşmişik biz . Tezliklə  səsinin yenə böyük səhnələrdən, beynəlxalq tədbirlərdən gəlməsi ümidi ilə...”. 

 

Həftənin “Azərbaycan məktəblisi”

Azərbaycanlı məktəbli dünya ikincisi oldu. İki nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi Kənan Arzumanov Yaponiyada “Sənin xəyalının avtomobili-2019” adlı Dünya Uşaq Rəsm Müsabiqəsində bu uğura imza atıb. Müsabiqəyə 86 ölkə üzrə 100 minə yaxın rəsm işi təqdim olunub. Onların arasından 30 ən yaxşı sənət əsəri seçilib.

 

Həftənin “Ələddini”

Kanadanın baş naziri, ölkənin Yeni Demokratik Partiyasının lideri Castin Trüdo yayılan qalmaqallı fotosuna görə üzr istədi.  Belə ki, bu günlərdə məşhur “Time” jurnalının 18 sentyabr buraxılışında baş nazirin 18 il öncə məktəb tədbirində çəkdirdiyi qalmaqallı fotosu yayılıb. Fotoda Trüdo qara qrimdə və başında çalma var. Bununla da baş naziri irqçilikdə ittiham ediblər.  Bu foto Kanadada böyük qalmaqal yaradıb. Yaraşıqlı, fərqli düşüncəsinə görə dünya çapında özünə simpatiya yarada bilən Trüdo məcbur qarşısında qalaraq efir vasitəsilə geyindiyi geyimə və qrimə görə üzr istəyib.  Baş nazir qeyd edib: “Ələddin kimi geyinməyim çox məntiqsiz idi, bunun nə anlamına gəldiyini bilməli idim. Bütün kanadalılardan məni bağışlanmasını istəyəcəm. Öz-özümü çətin vəziyyətə saldım və buna görə özümü qınayıram”. 

 

Həftənin “nümunəvi ana-balası”

Xalq artisti Brilliant Dadaşova oğlu Cahad Hacıyevlə bağlı maraqlı açıqlama verdi.  Xəzər TV-nin "Hər şey daxil" verilişinin qonağı olan sənətkar oğlundan xəbərsiz onun təhsil aldığı ali məktəbdə konsert verdiyini və Cahadın bundan qəzəbləndiyini danışıb: "Cahad Türkiyədə oxuyurdu, gedib onun təhsil aldığı universitetdə konsert verdim. Ona deməmişdim. Həmin gün zəng edib dedim ki, sənin universitetində konsertimdi. Konsertin sonunda gəlib əlimdən tutub dedi ki, gəlib burada da aləmi qatdın bir-birinə. Vacib idi bilsinlər ki,  sən mənim anamsan?! İndi məni barmaqla göstərəcəklər. Burada belə şeylərə çox fikir verirlər".