Həftənin “ölməz Kaşşeyi” - Həftə-reytinq  

18:57 08.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Pop musiqisinin kralı Maykl Ceksonun yaşadığı barədə iddialar səsləndi. Məlum olduğu kimi, dünya pop musiqisinin kralı hesab edilən M.Cekson 2009-cu ildə Los-Ancelesdəki evində ölü tapılmışdı. Məşhur musiqiçinin həkimi Konrad Muray bildirmişdi ki, musiqiçi yüksək doza ilə propofol qəbul etdiyi üçün ürəyi dayanıb.  Bu günlərdə M.Ceksonun təqlidçisi kimi tanınan, ispaniyalı musiqiçi Sergio Kortezin son paylaşımı hər kəsi şoka salıb. Belə ki, o, öz “Twitter” hesabında 23 dekabrda Tailandın Pattaya şəhərində iştirak edəcəyi proqram ilə bağlı videogörüntü paylaşıb. Videonu görən kəs şoka düşərək M.Ceksonun yaşadığına inanıb. İzləyicilər pop kralının ölmədiyini, ispaniyalı müğənninin adı altında yaşadığını iddia edib. Onminlərlə izləyici S.Kortezdən DNT analizi verməsini tələb edib.  Bu olay izləyicilərə 2016-cı ildə baş verən hadisəni xatırladıb. Belə ki, həmi ildə pop kralının qızı Parisdə olarkən öz səhifəsində şelfi çəkdiyi şəkli paylaşmışdı. Avtomobilin arxa oturacağında şəkilin arxa fonuna düşən şəxs büsbütün M.Ceksona bənzəmişdi. Hər kəsin onun M.Cekson olduğunu iddia etmişdi.

 

Həftənin “təhlükəşünası”

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov Berlin divarının sökülməsinin 30-cu ildönümündə BBC kanalına danışdı. Özü sovet lideri kimi Azərbaycanda və digər keçmiş müttəfiq respublikalarda bir çox faciələrin, eləcə də Qarabağın işğalının əsasını qoymuş bu şəxs indi dünyadakı təhlükələrdən bəhs edir: “Baxın, müxtəlif yerlərdə hələ də atəş səsləri var. Döyüş təyyarələri, döyüş gəmiləri ora-bura göndərilir. Bizim istədiyimiz bu deyil. Rusiya ilə Qərb arasındakı mövcud gərginlik dünya üçün böyük bir təhlükədir. Bütün dövlətlər bizim və planetimiz üçün nüvə silahının məhv edilməsini elan etməlidir..."

 

Həftənin “yumruq ustası”

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Kalininqrad bölgəsindəki toplantıda yumruq işarəsi göstərməsini, "mükəmməl şəkildə ifadə edilmiş rəy" kimi xarakterizə etdi. Bu barədə o, "Rossiya 1" televiziyasında "Moskva Kreml Putin" proqramında danışıb. Qeyd edək ki, keçən cümə axşamı Kaliningrad bölgəsində olan Putin, yerli hakimiyyət orqanları ilə qeyri-rəsmi görüşü zamanı 41 kilometrlik velosiped yolunun inşası üçün 451 milyon gərəkdiyini deyən "Kurskskaya Kosa" adlı milli parkın müdirinə yumruq göstərib.

 

Həftənin “sürücülük vəsiqəsi”

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonunun noyabrın 14-də Moskvada hərraca çıxarılacağı bilindi. Brejnevə məxsus laminatla üzlənmiş “AAK № 000077” seriya nömrəli sürücülük vəsiqəsi və “AAI № 670077” seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində - Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib. Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox qayda pozuntularını əks etdirən möhürlər əks olunub. Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb. Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl aralığında qiymətləndiriləcək.

 

Həftənin “qadınşünası”

“Mən  qadınlarınıyerinin cəhənnəm olduğunu deyə bilmərəm. Siz cənnəti, cəhənnəmi görmüsünüz?”.  Bunu  təqdimatların birində jurnalistlərin suallarını cavablandıran Xalq şairi Ramiz Rövşən Akif İslamzadənin “Qadınların yeri cəhənnəmdir” fikrinə münasibət bildirərkən söylədi. Şair daha sonra əlavə edib: “...Əgər qadının yeri cəhənnəmdirsə, onda kişilərin birbaşa gedəcəyi yer cəhənnəmdir. Mən bir dəfə Elçinin bir sözünü demişdim, başqaları düz başa düşməmişdilər. Demişdim, görün, biz qadını nə qədər alçaltmışıq, aşağı salmışıq ki, onu kişi ilə bərabər səviyyədə tuturuq. Qadın kişinin başının tacıdır… Fikirləşin ki, bir ailədə bir kişi haqqında nəsə onu aşağılayan bir söz deyilsin, bundan qadın üçün toz boyda da ləkə qonmaz. Amma qadın haqqında deyilən hər bir pis söz onun üçün ləkə olar. Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadını elə qorumalıdır ki, ona toz da qonmasın…”.

 

Həftənin “dövlətli müğənnisi”

“Tez-tez mətbuat orqanlarında yazılır ki, “İlqar Muradovun böyük biznesi var. Həqiqətən biznesiniz varmı?” sualına Xalq artisti İlqar Muradov gülərək cavab verdi: “Əksəriyyət düşünür ki, tanınmışlar milyonerdir, hamısının böyük var-dövləti var. Bəli, çox dövlətli adamam, ona görə ki, belə bir ölkədə yaşayıram, bu cür xalqın sevimlisiyəm. Bu mənim üçün böyük sərvətdir. Başqa ölkəyə gedəndən 2-3 gün sonra darıxmağa başlayıram. Bir növ xalqımız məni ərköyün edib. Hara gedirəm, orada böyük məhəbbət, təbəssüm görürəm. Bir növ buna vərdiş etmişəm. Biznesə gəldikdə, mənim heç bir biznesim yoxdur. Yalnız öz sənətimlə məşğul oluram”.

 

Həftənin “Amerika azərbaycanlısı”

ABŞ-a daimi yaşayış üçün köçən müğənni Elariz Məmmədoğlunun Amerikada yaradıcılıq fəaliyyətini davam etdirdiyi bəlli oldu. Sənətçi vaxtaşırı şəxsi “İnstaqram” hesabında xaricdəki yeni həyatı haqqında foto və videolar paylaşaraq yaşam tərzini bir növ reklam edir. E.Məmmədoğlu musiqisi və sözləri Elçin İmanova məxsus “Doğma Amerika” adlı mahnını özünəməxsus şəkildə lentə alıb. Müğənni Amerikanın gəzməli-görməli yerlərini çəkərək oxuduğu mahnını videoya əlavə edib. “Amerika, əzizim, mən səni sevirəm, ancaq axşamları yalnız Bakı üçün darıxacağam”, – deyən Elariz Məmmədoğlu paylaşımına bunabənzər sözlər əlavə edib: “Amerika, əzizim, mən səni əbədi sevirəm, amma ulduzlu gecələrdə Bakı üçün darıxıram”. Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi dördüncü dəfə baba olub və Nyu-York restoranlarının birində özünə iş tapıb. O, Amerikada baş tutan bir çox azərbaycanlıların toylarını idarə edir.

 

Həftənin “gileylisi”

Müğənni Tacir Şahmalıoğlu bir müddət öncə həbsxanadan çıxan Fədayə Laçının onunla duet oxumaq istəməsinə münasibət bildirdi:  “Fədayə ilə görüşməmişəm, nömrəsini tapa bilmirəm. O, həbsxanada olanda dəfələrlə yanına getməyə cəhd göstərdim. Dedilər ki, icazə yoxdur, ancaq anası və bacısı gələ bilər.  Qorxusundan Fədayənin adını çəkməyənlər və ümumiyyətlə, Laçınla ünsiyyəti olmayanlar indi onun yanına gedib, video çəkir, qucaqlayır. Fədayəni mən çox istəyirəm. Biz bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib. O düşünür ki, Fədayə mənə görə həbs olunub, günahı məndə görür. Fədayə həbsdə olanda anası ilə dəfələrlə danışmışıq. Həmişə getdiyim evdir. Niyə getməyim? Fədayə ilə görüşəcəyəm, yeni mahnılar haqda danışacağıq. Hələ başım qarışıqdır...”.