Həftənin “pivədaşıyanı” - HƏFTƏ-REYTİNQ

18:31 25.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Belarus Prezidenti Aleksandr Lukaşenko bir vaxtlar, yəni dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev üçün məcazi mənada “pivədaşıyanlıq” etdiyini dedi. “Mən həmin vaxt daha təcrübəli isimlərlə rastlaşdım. Cəmi 40 yaşım vardı, amma orada Nursultan Nazarbayev, Rusiyanın birinci prezidenti Boris Yeltsin, Özbəkistanın birinci prezidenti İslam Kərimov kimi ağsaqqallar var idi. Onların yanında Tacikistanın prezidenti Emomoli Rahmonla birlikdə biz bir növ yeniyetmə sayılırdıq. Burda nə var ki, necə deyərlər, lap onlar üçün “pivədaşıyanlıq” da etmişik”,-deyə Belarus lideri zarafatla qeyd edib.

 

Həftənin “müsəlman xanımı”

Qadınlar arasında sürətli qayayadırmanma üzrə yeni dünya rekordu vuruldu. “Hörümçək-qadın” ləqəbi ilə tanınmış  24 yaşlı müsəlman xanım Aries Susanti Rahayu müəyyən olunmuş hündürlüyə 6,995 saniyəyə çataraq çinli Sonq Yilinqin aprel ayındakı rekordunu(7,101) təzələyib. A.Susanti  Rahayu ən böyük müsəlman ölkəsi olan İndoneziya vətəndaşıdır.

 

Həftənin “futbol icmalçısı”

Deputat, tanınmış yazıçı Aqil Abbas “Qarabağ”ın son oyunları haqda danışarkən Azərbaycanda futbolun ümumi səviyyəsini belə tənqid etdi: “Mən Lüksemburqda da olmuşam. Cırtdan bir ölkədir.  Əhalisi Sumqayıtın camaatından azdır. Amma 300-500 min əhalisi olan ölkənin futbol liqasına 14 klub oynayır.  Biz isə 10 milyonluq ölkəyik, çempionata 8 komanda çıxarırıq.  Bu klubların da demək olar ki, hamısı Bakıdadır. “Sumqayıt” klubu Bakının qulağının dibidir, “Qarabağ” Ağdamda oynamır, bircə “Qəbələ” qalıb.  Onun da adını dəyişsinlər, gəlib paytaxtda oynasın. Belə olmaz axı?! Əgər Tovuzda, Lənkəranda, Gəncədə futbol yoxdursa, Azərbaycanda futbol olmayacaq...”

 

Həftənin “zorakı meri”

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, hazırda Ukrayna paytaxtı Kiyevin meri olan Vitali Kliçko Solomenski rayonunun sakinləri ilə görüşdə özündən çıxdı. Veteran idmançı "Stop Korrupsiya" təşkilatının nümayəndəsinin Platonovskidəki qeyri-qanuni tikili ilə bağlı sualından sonra hisslərini cilovlaya bilməyib. Bundan sonra Kliçko həmin şəxsin çəkiliş apardığı telefonunu əlindən almaq istəyib. Daha öncə  Ali Antikorrupsiya Məhkəməsi Ukrayna Milli Antikorrupsiya Bürosuna Kliçkoya qarşı cinayət işinin açılması barədə göstəriş verib. O, Şulyavski körpüsünün bərpası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Qeyd edək ki, Vitali Kliçko peşəkar boksda 45 qələbə qazanıb və 2 döyüşdə məğlub olub.

 

Həftənin “şarlatan populisti”

ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden prezident Trampın orta sinif amerikalılara münasibətini tənqid etdi. Namizəd uşaqlıq illərini keçirdiyi Pensilvaniyanın Skranton şəhərində danışıb. Arxasında böyük bir Amerika bayrağı, köhnə dostları və böyük ailəsinin səmimiyyəti fonunda danışan Bayden prezidenti vergi siyasəti, iqtisadi idarəetmə və ümumilikdə ABŞ-ın işçilərinin rifahına xələl gətirən “şarlatan populist” adlandırıb. “Bu administrasiyanın ağır çalışan, ləyaqətli adi amerikalıların nələrdən keçdiyindən xəbəri belə yoxdur”, - deyə sabiq vitse-prezident bildirib.

 

Həftənin “alkoqoliki”

“UFC” üzrə keçmiş çempion Konor Makqreqor  Rusiya prezidenti Vladimir Putinə Proper 12 markalı viski hədiyyə verdiyini etiraf etdi: “Bu viskinin ilk şüşəsini Putinə hədiyyə etdim. İkincisi isə mənimdir. Əminəm ki, viski Putinin xoşuna gəlib. Təəssüf ki, bunu onun özündən dəqiqləşdirə bilməmişəm. Amma inanıram ki, prezident həmin viskidən içib” . Qeyd edək ki, bir müddət əvvəl Makqreqor “Proper 12” adlı viskini Rusiyada satışa çıxarıb.

 

Həftənin “türkçüsü”

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının Prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) tərəfindən beynəlxalq “Türk Dünyası Onur Medalı” na layiq görüldü. İLESAM başqanı Mehmet Nuri Parmaksızın professor İlham Rəhimova məktub ünvanlayıb. İLESAM- Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi 1986-cı ildə təsis edilib. Türkiyənin Mədəniyyət Nazirliyinə bağlı 3500 üzvü olan böyük təşkilatdır. Azərbaycanın bir çox qurumları ilə də əməkdaşlıq edən İLESAM Türk dünyası üçün önəmli layihələrə imza atmışdır. Artıq bir neçə ildir ki, oktyabrın 18-də, Müstəqillik günündə Beynəlxalq The Frist Mükafatları tədbirində İLESAM-ın “Türk Dünyası Onur Medal”ları da təqdim olunur.

 

Həftənin “güllələnmiş ekstrasensi”

Tanınmış azərbaycanlı ekstrasens Nadim Alixanov Rusiyada güllələndi. Məlumata görə,  34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində olub. Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib. Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur. Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı BAKU.WS-ə təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.