Həftənin “qənaətcil deputatı”    

18:47 30.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Mətbuatda bəzi deputat həmkarlarınızın, habelə Sizin parlament fəaliyyəti ilə yanaşı, özəl biznesinizn olduğu barədə yazılır. Həqiqətən, biznesiniz var, yoxsa deputat maaşınızla dolanırsınız?” sualına parlament üzvü Madər Musayev belə cavab verdi: “Bir neçə dəfə demişəm, indi də deyirəm: 14-15 yaşımdan ticarətdə işləmişəm, satıcı şagirdliyindən mağaza müdirinə qədər gedib çıxmışam. Bu da çox-çox əvvəl - Sovet dövründə olub. 1990-cı ildən isə deputat seçilirəm. Bir də görürsən ki, bəzi saytlar yazır ki, filan mağaza, filan yanacaqdoldurma məntəqəsi, nə bilim filan otel Hacı Madərindir. Amma həqiqətdə elə deyil. Kimin nə deməsindən asılı olmayaraq, qanunla deputatın bizneslə məşğul olması qadağandır. Mən də hamı kimi qanunlara hörmət edirəm. Deputat maaşım dolanışığıma kifayət edir...”

 

Həftənin “Şeyxülislam qohumu”

Daşkəsən Rayonunda Dini Komitə ilə Daşkəsən RİH-in birgə keçirdiyi müşavirədə rayon icra başçısı Əhəd Abıyev maraqlı açıqlama verdi. Ə.Abıyev çıxışı zamanı Şeyxülislam Allahşükür Paşazadəni yubileyi münasibəti ilə təbrik edib və ardınca bildirib ki, Şeyxlə yaxın qohumdurlar.

Xatırladaq ki, bu il avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı tamam olub.

 

Həftənin “Brejnevi”

Fransanın məşhur aktyoru Jerar Depardyenin 1968-ci ildə Praqada baş verən hadisələr haqqında çəkiləcək filmdə SSRİ-nin keçmiş rəhbəri Leonid İliç Brejnev rolunu oynayacağı bilindi. "Praqa baharı" haqqında filmin prodüsseri bununla bağlı danışıqların aparıldığını bildirib: "Biz cənab Depardye ilə müqavilə imzaladıq. Sentyabrda onunla görüşəcəyik və Parisdə aktyorun komandası ilə filmin çəkilişlərinin təfərrüatlarını müzakirə edəcəyik. Aleksandr Dubçek rolunun ifaçısına gəlincə, bu rolu dünyanın məşhur aktyoru oynamalıdır, onunla danışıqlar hələ davam edir". Keçmiş Çexoslovakiyada baş verən hadisələr haqqında filmi xorvat rejissoru Lordan Zafranoviç və Slovakiyanın "Leca Production" kinostudiyası çəkəcək, ekran əsərinin büdcəsi 10 milyon avrodan çox olacaq.

 

Həftənin “putinpərəstləri”

Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan baş naziri N.Paşinyan  İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü ilə bağlı Polşada keçiriləcək mərasimə qatılmaqdan imtina etdilər. Məlumata görə, Polşa Rusiya Prezidenti Vladimir Putinə dəvət göndərməyib, Lukaşenko və Paşinyan da bu səbəbdən keçiriləcək mərasimə qatılmaq istəməyib. Qeyd edək ki, rəsmi Varşava SSRİ 1939-cu ildə beynəlxalq hüquq normalarını pozduğu üçün Rusiyaya dəvət göndərməyib.

 

Həftənin “Rusiya azərbaycanlısı”

Rusiya prezident Vladimir Putin soydaşımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovu ikinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif etdi. Rafael Hüseynov 1949-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Paris Sorbon Universitetində təhsil alıb. “Molodyoj Azerbaycana”, “Komsomolskaya Pravda”, “Trud” və digər qəzetlərdə, ölkəmizin Rusiyadakı səfirliyində işləyib. Rusiyanın Əməkdar mədəniyyət işçisidir.

 

Həftənin “Tramp hədiyyəsi”

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşündə prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya üçün hədiyyələr təqdim etdi. Belarus prezidenti amerikalı həmkarına xəncər, ABŞ-ın birinci xanımına isə süfrə və salfetlər hədiyyə edib. Lukaşenko Boltona isə şəkərsiz şokolad bağışlayıb.