Həftənin “qoca məşuqu” - Həftə-reytinq

18:24 22.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Belarus prezidenti ilə xoş münasibətdə olan və “Gözəllik kraliçası” kimi tanınan gənc xanımın parlamentdə təmsil olunacağı bilindi. Böyük Britaniyanın “The Times” qəzeti bu barədə geniş yazı hazırlayıb. Belarus prezidenti Aleksandr Lukaşenko ilə romantik münasibətdə olan 22 yaşlı gözəllik kraliçası parlament seçkilərindən sonra ölkənin ən gənc deputatı elan olunub. "Mariya Vasileviç 2018-ci ilin mayında “Miss Belarus” tacını aldıqdan sonra 65 yaşlı prezident Lukaşenko ilə tez-tez ictimaiyyət arasında görünürdü. Gözəl xanım hokkey oyunlarında, dövlət festivallarında və 2018-ci ildə Moskvada keçirilən futbol üzrə dünya çempionatında prezidentin yanında idi. Minskdə keçirilən və milli televiziya ilə yayımlanan Yeni il tədbirində isə onlar birlikdə rəqs etdilər", - məqalədə belə deyilir. “Miss Dünya 2018" yarışmasına hazırlıqlarına isə prezident şəxsən nəzarət edirdi. Həmin yarışda Lukaşenkonun sevimlisi üçüncü yer tutdu. Prezident xanım Vasileviçi “mədəniyyət və xeyriyyəçilik sahəsinə" əhəmiyyətli töhfəsinə görə dövlət medalı ilə təltif edib.

 

Həftənin “ərdöyən arvadı”

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyüldü. E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü DilrubaVaqifzadə  xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.  Mediaya məlum olub ki, “Sağlam vücudda saglam beyin olur” şüarı ilə yaşayan Dilrubə Vaqifzadə mütəmadi şəkildə idmanla məşğul olur. O, sosial şəbəkədə idmanla məşğul olarkən görüntülərini və fikirlərini paylaşıb.

 

Həftənin “korrupsioner baş naziri”

İsrailin Baş prokuroru Avihay Mandelblit baş nazir Binyamin Netanyahuya qarşı üç maddə üzrə ittiham irəli sürdü. Netanyahu rüşvət, korruspiya və vəzifəsindən sui-istifadədə günahlandırılır. Mandelblitin məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyi bildirilir. Bildirilir ki, Netanyahu solçu əleyhdarlarının və KİV nümayəndələrinin danışıqlarının qurbanı olduğunu bəyan edib.

 

Həftənin “prorektoru”

Azərbaycanın keçmiş Baş Naziri Novruz Məmmədov yeni vəzifəyə təyin olundu. O, Azərbaycan Dillər Universitetinə elmi işlər üzrə prorektoru təyin edilib. ADU-da Elmi məsələlər üzrə prorektor Novruz Məmmədov kollektivə təqdim olunub. Onu universitetin professor-müəllim heyətinə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib. Kamal Abdulla bildirib ki, Novruz Məmmədov uzun illər ADU-da dekan, kafedra müdiri kimi çalışıb. İnanıram ki, Novruz Məmmədov öz fəaliyyətini bizim universitetdə ləyaqətlə davam edəcək. Bundan sonra Novruz müəllim öz doğma universitetində çalışacaq”. N.Məmmədov ona göstərilən etimada görə təşəkkür edib.

 

Həftənin “hakimsevəri”

Deputat Fazil Mustafa  Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklərin müzakirəsi zamanı hakimlərin maaşlarının qaldırılmasını təklif etdi. F.Mustafa qeyd edib ki, hazırda Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı bir çox işlərə baxılır: “Ya bizim hakimlər bizim qanunlarımızı avropadakılardan aşağı səviyyədə bilirlər, ya da Avropadan hakimlər gətirməliyik ki, onlar qərar qəbul etsinlər”. F.Mustafa deyib ki, özəl ekspertizanın yaradılması vacibdir: “Çünki rəsmi ekspertiza qurumlarına inam azalıb”. Ardınca hakimlərin təminatından da danışdı: “Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, mütləq onlar təmin olunmalıdır”.  

 

Həftənin “təhqirsevəri”

ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı xalq artisti Səməd Səmədov oldu. Xalq artisti canlı yayımda təəccübləndirən açıqlama verib: “Əli Mirəliyevin ayın 30 günü toyu və 2 nəfər bərk gedən xanım müğənniləri var idi. Biri Firuzə İbadova, digəri isə Ruhəngiz Musəvi. O vaxtlar elə-belə müğənni deyildi, çox savadlı və populyar müğənni idi. Ötən gün verilişlərin birində Əli Mirəliyevlə birlikdə idim. Ona dedim ki, Əli, bu nə məsələdir? Çoxdandır dalımca danışmırsan, tənqid-təhqir etmirsən, toylarım azalıb”.

 

Həftənin “paylaşımı”

Dünya şöhrətli  kinoaktyor və idmançı Jan Klod Van Damm "Facebook" səhifəsində Azərbaycanın Qəbələ rayonunun Vəndam kəndində qoyulan abidəsinin fotosunu paylaşdı. Aktyor paylaşımına bu sözləri yazıb: "Azərbaycanın dağətəyi Vəndam adlı kəndində JVCD (Jean-Claude Van Damme) heykəli. Heykəltaraş Azad Əliyev tərəfindən. Təşəkkür edirəm". Xatırladaq ki, bir müddət əvvəl bu heykəlin fotosu yerli mediada, eləcə də sosial şəbəkədə maraqla qarşılanmışdı.