Həftənin “şikayətçi hakimi” - HƏFTƏ-REYTİNQ

19:36 09.08.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tanınmış keçmiş məhkəmə hakimi Ənvər Seyidov  pensiyasısının düzgün hesablanmamasından DSMF-yə şikayət etdi. Musavat.com yazır ki, ölkəni silkələyən cinayətlərə imza atmış bir qurumun sabiq şefi Eldar Mahmudova mədhiyyə məktubları yazan Ənvər Seyidov təqaüdünün azlığından narazıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi postundan təqaüdə göndərilən Ənvər Seyidov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. Hesab edir ki, onun pensiyası düzgün hesablanmayıb. Bu ilin martında onun 70 yaşı tamam olandan sonra hakimlik fəaliyyətinə xitam verilib. Ənvər Seyidov işdən çıxandan sonra pensiyasının çox artacağını gözləyib. Amma gözlədiyi kimi olmayıb. Ona görə fondu məhkəməyə verib.

 

Həftənin “Tolikşünas deputatı”

Milli Məclisin YAP-dan seçilmiş deputatı Tahir Rzayev  son müsahibəsində tele-aparıcı və prodüser Tarix Əliyev (Tolik) haqqında fikirlərinin təhrif olunduğunu  bildirdi: “Mənim fikirlərim təhrif olunub. Televiziyaların son durumundan danışırdıq. Mənə dedilər ki, bəzi aparıcılar cinsi azlıqları müdafiə edir. Onlara münasibətiniz necədir? Mən də cavab verdim ki, hər ölkədə belə problemlər ola bilər. Bunu televiziyaların rəhbərləri tənzimləməlidir, bizim mənəviyyatımıza, əxlaqımıza uyğun olmayan şəxslər xalqa təqdim olunmamalıdır. Mən Tolik haqda şəxsi fikir söyləməmişəm. Mənə sual verildi ki, Tolik YAP-ın üzvüdür, buna münasibətiniz necədir? Mən də dedim ki, hər partiyada onun nizamnaməsinə uyğun işləməyən adamlar ola bilər və bununla bağlı partiya müəyyən tədbirlər görə bilər. Axşam o jurnalistə zəng elədim ki, fikirlərimi niyə dəyişdirmisən? Bəhanələr gətirdi. Mən deməmişəm ki, Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, pis olaram. O da insandır, mən də. İkimizin də qüsuru ola bilər, insanıq. Tolik yaxşı aparıcıdır, onu təhqir etməmişəm. Düzünü deyirəm. Sözlərimin şişirdilməsi xoş deyil”. 

 

Həftənin “xərçəng şəfaçısı”

Azərbaycanlı psixoterapevt Paşa Yaqubun “Xərçəngdən belə qurtuldum” adlı kitabının işıq üzü gördüyü barədə məlumat yayıldı. Müəllif mediaya açıqlamasında  bunları deyib:“”Kitabım 100 səhifədən ibarətdir. Kitabda əsasən sağaltdığım xəstələrin müsahibəsi yer alıb. Artıq 5 ildir bu işlə məşğulam və bu günə qədər 5-6 xəstəni tam olaraq xərçəng xəstəliyindən qurtarmışam. Digərlərinin xəstəliyini isə yüngülləşdirmişəm. Qeyd edim ki, dünyanın bəlasına çevrilən xərçəng xəstəliyi əslində neqativ enerjidən yaranır. Bütün neqativ enerjilər bədəndə toplaşdıqdan sonra orqanizmin hansısa hissəsində özünü göstərir. Məsələn, birində bağırsaq hissəsində, digərlərində cinsi orqanlarda və yaxud digər yerlərdə şiş əmələ gəlməyə başlayır. Mən psixoloji prosedurlarla həmin şişi aradan götürür və müalicə edirəm və bir daha yaranmır. Tibbi yolla bu xəstəliyi müalicə edəndə isə həmin şiş kəsilərək götürülür, amma enerji həmin yerdə qalır və şiş yenidən dirçəlməyə başlayır.

 

Həftənin “məhbus eks-prezidenti”

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirildi. Bu barədə onun vəkili Sergey Slesarev məlumat verib. A. Atambayev avqustun 26-dək orada saxlanılacaq. Keçmiş dövlət başçısı kriminal avtoritet Əziz Batukayevi qanunsuz olaraq həbsdən azad etməkdə ittiham edilir. Xatırladaq ki, Qırğızıstanın sabiq Prezidenti A. Atambayev cümə axşamı gecə saxlanılıb. İki gün əvvəl isə A. Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı ölüb.Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

 

Həftənin “Şeyx Şamil tənqidçisi”

Çeçenistan rəhbəri Qafqazın qəhrəmanı Şeyx Şamili çeçen xalqına divan tutmaqda, rus çarından zadəganlıq alıb mübarizəsini dayandırmaqda suçladı. R. Kadırov Qafqaz xalqlarının qəhrəmanı Şeyx Şamilə böyük hörmətsilzik edib. O, “Çeçnya segodnya” agentliyinə verdiyi müsahibədə imam Şamilin apardığı savaşların Qafqaz xalqlarının sayını azaltdığını deyib. R.Kadırov onun ucbatından qadın, uşaq və qocaların soyuqdan donduğunu və aclıqdan öldüyünü bildirib. Çeçen lider Dağıstan imamının daha sonra Rusiyaya təslim olduğunu xatırladıb.

R.Kadırov Şeyx Şamilin mübarizəsinin çeçenlərin faciəsinə səbəb olduğunu, özünün isə zadəganlıq titulu qarşılığında Rusiyaya sədaqət andı içdiyini iddia edib.

 

Həftənin “qəzalı Xalq artisti”

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi. Avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb. Bildirilir ki, yol qəzası zamanı "Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır. Qeyd edək ki, "Chery" markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.

 

Həftənin “Tramp tənqidçisi”

Çərşənbə günü Prezident Donal Tramp Ohayo ştatının Deyton şəhərinə, sonra isə Texas ştatının El-Paso şəhərinə yola düşdü. Bu səfərin məqsədi keçən həftənin istirahət günlərində kütləvi güllələnmə hadisələri baş vermiş ərazidəki icmalarla görüşməkdir. Sabiq vitse-prezident Co Bayden Prezidenti tənqid edərək bildirib ki, Tramp öz ritorikası ilə ağdərililərin üstünlüyünü və zorakılığı təşviq edir. Bayden öz seçkiqabağı kampaniyası çərçivəsində Ayovadakı tərəfdarları qarşısında çıxış edərək belə bir ritorik sual verib: “Trampın sözləri El-Pasodan olan cinayətkarın “Bu hücum Latın amerikalılarının Texasa müdaxiləsinə cavabdır” sözlərindən nə ilə fərqlənir?”.Bayden öz sualına belə cavab verib: “Məncə, bu sözlər o qədər də fərqlənmir. Bu ölkədə ağların üstünlüyü alovunu qızışdıran Prezidentdir”.