Həftənin “şoumeni” - Həftə-reytinq

18:27 04.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Şoumen Murad Dadaşovun  “Popumuz var” verilişində  Azərbaycanın neft sərvəti barədə dediyi sözlər sosial şəbəkələrdə sərt reaksiya ilə qarşılandı: “Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrəti ancaq sosializm ölkələrində görə bilərsiniz. Bilirsiniz, nə ilə bağlıdır? Sovet dövrünün rejimi kolxoz idi. Hamının nəyi var idisə, ortalığa qoyurdu. Bir nəfər kolxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik, necə oldu ki, siz qabağa keçdiniz? Bundan nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Sovet dövründə isə hamı bir-birinin pulunu qazanırdı. Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər, keç önə...”.

 

Həftənin “milyonçu mollası”

“Onun yanına təşrif buyuran məmurlar, müğənnilər, milyonçular, qapısının ağzını gecə-gündüz kəsən yüzlərlə adam olduğu deyilir. Deyilənə görə, Molla Məmmədsəfa şəfa verir, bəxt açır, yol bağlayır və ona inanan varlılar qabağına pullar tökürlər”.  “Yeni Müsavat”ın Leikdəki məşhur falabaxan milyonçu molla Məmmədsəfa haqqındakı reportajında belə deyilir. “Əvvəlcə güman etdik ki, Məmmədsəfa Astaranın Şüvi kəndindəki malikanəsindədir. Amma məlum oldu ki, vəzifəlilərin, tanınmış müğənnilərin yanına getdiyi milyonçu Molla Məmmədsəfa indi də Lerikin ən ucqar dağ kəndi Kaqoya çəkilib. Sürücülər deyirlər ki, Məmmədsəfanın fermaları, bahalı maşınları, evləri var. “Qabağındakı adamı otuzdurur, dualar oxuyur, əlini sürtür, sonra “Allah! Allah!” qışqırır, qəribə hərəkətlər edir. Amma bu binəva, nadan insanlar bilmirlər ki, onun nazirliklərin birində adamı var. Yanına gələn adamın problemini ona tapşırır, məsələni həll edir, fala baxdıran da inanır ki, molla işini dua ilə düzəltdi. Ona görə dönə-dönə minnətdarlıq edir, gətirib 1000-2000 manat verir.  Məmmədsəfada duaların qiyməti də müxtəlifdir; ruzi duası - 100, bəxt açmaq - 2000, işə düzəlmək duası 5000-10000 arası, ərə getmək üçün dua -1000-3000 manatdır...”.

 

Həftənin “sadə icra başçısı”

Mingəçevir şəhərinin icra başçısı İlham İsmayılovun marketdə bazarlıq etdikdən sonra növbədə dayanarkən çəkilmiş  fotosu yayıldı. “Yəqin ki, bu fotonu şəhər sakinlərindən kimsə çəkib.  İlham müəllimi marketdə, bazarda, şəhərdə tez-tez görmək mümkündür. Mingəçevirin icra başçısı məmur kimi yox, sadə vətəndaş kimi həyat sürür”. Bu sözləri  Mingəçevir şəhər icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova bildirib. Başçının müavini qeyd edib ki, bu, icra başçısı üçün adi haldır: “Bu foto mediada o qədər maraqla qarşılanıb ki, bizə də təəccüblü gəldi. İlham müəllimi marketdə, şəhərdə, küçədə tez-tez görmək mümkündür. Evinin alış-verişini daim özü edir. İstənilən şəhər sakini küçədə rahatlıqla icra başçısına yaxınlaşa bilər. Mingəçevirdə bu gün olduqca fərqli mühit var. Başçımız işə piyada da gəlir. Şəhərə gəzintiyə çıxır, rahatlıqla hər kəs ona yaxınlaşıb dərdini bölüşür...”

 

Həftənin “qazişünası”

Bir neçə gün öncə Binəqədi rayonu ərazisində “SOCAR” əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidentlə bağlı bir qrup  qazi deputat Çingiz Qənizadəyə müraciət edərək,  onları siyasi məqsədləri üçün istifadə edənlərə qarşı tədbir keçirilməsini xahiş etdilər. Tədbirin təşkilatçısı və aparıcı olan Ç. Qənizadə belə deyib:“Qazilərimizin müraciətini dinlədikdən sonra onları bir araya gətirmək qərarına gəldim. Hadisədə iştirak etmiş Qarabağ qaziləri, Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və  “Tərxis olunmuş Hərbiçilərin Gənclərin maarifləndirilməsi” İctimai Birliyinin sədri Emin Həsənli  tədbirə dəvətlilər arasında idilər. Ümumilikdə, tədbirdə 18 nəfər Qarabağ qazisi iştirak edirdi. Onlardan 15 nəfəri Binəqədidə baş vermiş insidentdə iştirak edənlər idi. Qazilər   onları siyasi proseslərə çəkən qüvvələrə etirazlarını bildirdilər”.

 

Həftənin “serialçısı”

"Serialdan aldığım aylıq 800 manat qonorar məni qane edir". Bunu Xalq artisti Arif Quliyev son vaxtlar aktyorların aldıqları qonorarların az olması məsələsini şərh edərkən dedi. Arif Quliyev serialda bir dəfə çəkilmək üçün 100 manat aldığını bildirib: “Aldığım qonorar məni qanə edir. Son olaraq çəkildiyim serialda həftədə iki dəfə olmaqla çəkilirdim və hər bir çəkilişə görə 100 manat alırdım. Bu isə aylıq 800 manat deməkdir. Ümumiyyətlə, özümü reklam etmirəm. Ən başlıca amil sənətkarın yalnız sənətini görməsidir. Əgər evimi, maşınımı, bağımı göstərsəm, artıq mən sənətkar deyil, biznesmen adlandırılmalıyam. Bizim qazancımız xalq sevgisidir. O da daşınmaz əmlak kimi xərclənmir. Mən tamaşaçı məhəbbətinə görə bu yerdəyəm. Onların çörəyini yeyirəm...”.

 

Həftənin “saqqallı təlxəyi”

Sentyabrın18-də  işğalçı ölkə baş naziri N.Paşinyanın qərarı ilə baş məsləhətçi vəzifəsinə təyin olunan keçmiş erməni polis rəisi Valeri Osipyan istefası barədə məktub yazdı. O, yeni vəzifəyə təyin olunmasının əleyhinə olub və Paşinyanın müşaviri vəzifəsini icra etməkdən imtina edib. Oktyabrın 3-də Valeri Osipyan işə çıxmaq əvəzinə istefa məktubu göndərib. Rusiyanın “News Media” nəşriyyat evinin prezidenti Aram Qabrelyanov bu xəbəri öz Feysbuk səhifəsində paylaşaraq, baş verənləri şərh edib: “Qəribə insandırlar. Bir saqqallı təlxəyin hələ də hakimiyyətə necə gəldiyini başa düşməyib? Mən burada, Moskvada otura-otura təlxək haqqında dərhal başa düşdüm, məgər onlara bunu başa düşmək üçün bir il müddət lazım idi?..".

 

Həftənin “anti-trampçı kanalı”

ABŞ-ın “CNN” telekanalının rəhbərliyi prezident Donald Trampın seçkiqabağı reklam çarxını yaymaqdan imtina etdi. Söhbət 30 saniyə çəkən bir videosüjetdən gedir. Həmin materialda ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin 2016-cı ildə Ukrayna hakimiyyətindən baş prokuror Viktor Şokini işdən çıxarılmasını tələb etməsindən bəhs olur. Reklam çarxından belə bəlli olur ki, sonuncunu günahı Co Baydenin oğlu Hanter Baydenin rəhbərlik etdiyi “Burisma” neft-qaz holdinqinin fəaliyyətini yoxlamaq imiş. “Co Bayden baş prokurorun qovulması halında Ukraynaya 1 milyard dollar vəd edib. Lakin prezident Tramp Ukraynadan korrupsiya işi ilə bağlı təhqiqat aparmasını tələb etdikdə demokratlar ona qarşı impiçment proseduru başladıblar. Onların mediadakı nökərləri isə həmin qüvvələrə tabedilər”, - deyə diktor süjetin gedişində bu cümlələrlə ictimaiyyətə müraciət edir. Trampın seçki qərargahı isə “CNN”i hər vəchlə və məqsədyönlü şəkildə Co Baydeni ittihamlardan qorumağa çalışmaqda günahlandırıb.