Həftənin TƏLTİFİ - Həftə-reytinq

14:49 02.05.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Hafiz Paşayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  H. Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb. Qeyd edək ki, Hafiz Paşayev ADA Universitetinin rektorudur. Onun mayın 2-də 80 yaşı tamam olacaq.

 

Həftənin MƏHKUMU

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov bu gün məhkəməyə çıxarılıb. İstintaq Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verib. Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova təqdimatı təmin edərək Alimpaşa Məmmədov barəsində 4 ay müddətinə həbs qərarı çıxarıb.

 

Həftənin LAYİHƏSİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Zəngilan səfərində “Ağıllı kənd” layihəsinin təməli qoyulub.  Qeyd edək ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.

 

Həftənin ŞİLLƏSİ

Fox TV-də yayımlanan məşhur “Masumiyyet” serialının qəhrəmanı Hülya Avşarın (Hale Ilqaz) ssenariyə uyğun olaraq vurduğu şillə aktyor Ertuğrul Postoğluyu (İsmail Ilqaz) xəstəxanalıq edib. Avşarın sərt əl hərəkəti həmkarının çənəsinin çıxması ilə nəticələnib. 54 yaşlı aktyor təcili olaraq xəstəxanaya aparılıb. Postoğluya Hülya Avşarın əmisioğlu Dr. Erol Avşar müdaxilə edib. Xəstəxanada müalicə alan aktyor bir müddət sonra yenidən çəkiliş meydançasına qayıda biləcək. Hadisədən sonra “Masumiyyet”in də çəkilişləri müvəqqəti olaraq dayandırılıb.

 

Həftənin ETİRAFI

Müğənni Elton Hüseynəliyev müzakirələrə səbəb olacaq açıqlama verib. Sənətçi “Səhər mərkəzi” proqramına qonaq olarkən evdə keçirilən məclislərdə iştirak etdiyini bildirib. “Arada işlər olur, gedirik. Evdə keçirilən məclislərə qatılırıq. Orada böyük ansambl yoxdur, canlı oxuyuruq. 15 nəfərlik ansambldan 3 nəfərə düşmüşük”. Qeyd edək ki, pandemiya səbəbi ilə Azərbaycanda toyların, ad günü tədbirlərinin keçirilməsi qanunla qadağandır.

 

Həftənin HAKİMİ

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə “Keşlə” arasında keçirilən cavab oyunundan sonra xoşagəlməz hadisə baş verib. Matçın yan xətt hakimi Pərvin Talıbov qarşılaşmadan sonra koridorda bir neçə nəfər tərəfindən hücuma məruz qalaraq döyülüb. Hadisənin baş verdiyini təsdiqləyən laysman ona hücum çəkənləri tanımadığını söyləyib: “Hər oyundan sonra tuneldə futbolçulara nəzarət etmək hakimin görəcəyi işdir. Mən də orada durmuşdum ki, oyunçular arasında hər hansı bir xoşagəlməz hadisə yaşansa, baş hakimi məlumatlandırım. Öz yerimi tutub stadiona baxırdım. Elə o anda arxadan 4-5 nəfər üstümə cumub təpik vurmağa başladılar, nalayiq söyüşlər işlətdilər. Mən də yalnız özümü müdafiə etməyə çalışdım. Amma onlar nə futbolçu, nə də məşqçilər idi. Tanımadığım şəxslər idi".

 

Həftənin CƏRİMƏLİSİ

Tailandın Baş naziri Prayut Çan-O-Ça maska taxmadığına görə cərimələnib. Ölkədə  qüvvəyə minən koronavirusla bağlı məhdudiyyətlərə görə 49 əyalətdə və Banqkokda ictimai yerlərdə maska taxmaq məcburidir. Sosial şəbəkələrdə Baş nazirin maskasız fotoları yayıldıqdan sonra Banqkok qubernatoru onun 6000 bat (190 dollar) məbləğində cərimələndiyini yazıb.

 

Azad Əliyev

Oxunma sayı 202