Həftənin TƏLTİFİ - Həftə-reytinq  

11:24 13.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

YAP-ın sədr müavini Əli Həsənov “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla millət vəkili Cavanşir Paşazadə də “Şərəf” ordeni ilə təltif edilib. Sərəncamda Cavanşir Paşazadənin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edildiyi qeyd olunub. Qeyd edək ki, bu ay Əli Həsənovun 75, Cavanşir Paşazadənin 70 yaşı tamam olur.

 

Həftənin HÜCUMU

Ermənistanın Baş naziri Nikol Paşinyanın Vayots dzor vilayətinə səfəri zamanı insident baş verib. Paşinyan yerli sakinlərlə görüşərkən onlardan biri Baş naziri çətirlə vurmaq istəyib. Təhlükəsizlik xidmətinin əməkdaşları sözügedən şəxsi hadisə yerindən uzaqlaşdırıb. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

 

Həftənin ZARAFATI

İlon Mask bu dəfə də təəccübləndirməyi bacarıb. “Twitter”in sahibi Mask San-Fransiskodakı baş ofis binasındakı lövhədən “W” hərfini silib. Belə ki, şirkətin adı “Titter” kimi oxunub. Lakin Maskın bu zarafatı ciddi tənqidlərə səbəb olub.

 

Həftənin TƏHDİDİ

“Ukrayna heç kimə lazım deyil və buna görə də o, mövcudluğunu itirəcək”.  Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. “Ukrayna yox olacaq, çünki ölkə heç kimə lazım deyil", -  deyə Medvedev açıqlayıb.

 

 

Həftənin QƏLƏBƏSİ

Azərbaycan Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Təcrübəli mütəxəssis “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə karyerasında 400-cü qələbəsini qazanıb. 51 yaşlı çalışdırıcı buna 704-cü qarşılaşmasında nail olub. Qurbanovun rəhbərliyi altında komandalar 704 görüşün 178-də heç-heçə edib, 126-da məğlub olub.

 

Həftənin MƏĞLUBİYYƏTİ

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib. Slovakiyada meydan sahibi komanda ilə qarşılaşan millimiz 0:4 hesabı ilə məğlub olub. Qeyd edək ki, Azərbaycan yığması ilk oyunda Monteneqroya 0:3 hesabıyla uduzub.

Oxunma sayı 212