“Hər adam uşağı tənbəl yetişdirə bilmir” - Müsahibə

14:08 09.01.2020
Yazını böyüt
Yazını kiçilt

Son illərdə texnologiyanın sürətli inkişafı insanlar arasında tənbəllik sindromunu xeyli artırıb. İşləri əvəzimizə görən texnologiyalar fəal həyat tərzi anlayışını tədricən sıradan çıxarır.

Tənbəllik sindromu artıq inkişaf etmiş hər bir cəmiyyətdə ciddi problemə çevrilib. Elə bu mövzu ilə bağlı suallarımızı psixoloq Vəfa Əkbər cavablandırır:

- Tənbəllik insan daxilində prosesdirmi?

- Bu, psixoloji bir vəziyyətdir. Belə vəziyyətdə insanın nəyisə etməyə həvəsi qalmır. Bir adamın qoçaq olması üçün onun içində bir motivi olmalıdır. Yəni onu həmin hərəkətə sövq etdirən güc, istək yaranmalıdır. İstək və güc olmadıqda, tənbəllik yaranır. Yəni təkanverən amil yoxdur ki, nəsə iş görəsən. Bunlar olmayanda, artıq tənbəllik adlanır. Belə insanlar nəinki fəaliyyətdə olmağa, hətta vaxtını boş keçirməyə daha çox meyillidir.

- Tənbəllik sindromunun hansı zərərli tərəfləri var?

- Belə bir fikir var ki, bütün alimlərin, yaradıcıların hamısı tənbəl olub. Mən bununla razılaşıram. Bunun özü də bir cəsarət, qoçaqlıq, enerji sərfiyyatıdı.  Əgər tənbəllikdən bir insan özünə maneçilik törətdiyini zənn edirsə və onun fərqindədirsə,  deməli, əvvəlki vaxtına nisbətən indi daha tənbəldir. Körpəlikdən tənbəl yetişən insanlar heç vaxt onun fərqinə varmırlar. O, həmişə hər şeyin yolunda getdiyini zənn edir. Necə ki, balıq suda yaşamağa öyrəşir, bu da o cür öyrənib. Ona elə yaşamaq rahatdır. Əlbəttə, nəyisə zamanında etməkdə gecikir. Doğru çevrə, dost-tanış toplamaqda, iş kollektivinə adaptasiya olunmaqda tənbəllik sindromunun daşıyıcıları daha çox gecikir.

- Hansısa motivasiya üsulu ilə tənbəl insanı hərəkətə gətirmək olarmı? Onlara necə təsir etmək mümkündür?

- Tənbəlliyi sındırmaq üçün vərdişlər, davranışlar var.  Əgər tənbəl də vaxtında hər hansısa bir işi düzgün etməyibsə, artıq bu onun vərdişidir. Amma düzgün bildiyini etməyə can atırsa, bir müddət çətinlik çəkəcək. Alınmaya, bəzən ruhdan düşə bilər. Bəzən isə yolun yarısından geri dönmək istəyir. Əgər iradəsi güclü olacaqsa, istədiyi bir nöqtəyə gəlib çıxacaq.

- Tənbəllik depressiyaya gətirib çıxa bilirmi?

– Mən deməzdim, depressiyaya düşənlər tənbəllərdir, amma tənbəllər də depressiyaya düşür. Daha çox depresiv vəziyyətə düşən insanlar cəld, çevik, aktiv insanlardır. Bir müddət  həyatlarında durğunluq yarananda onlar daha tez depressiyaya düşürlər.  Tənbəllər isə bu vəziyyətə alışdıqları üçün ondan yan keçməyi bacarırlar.

– Belə bir ifadə var ki, “Tənbəl insanlar hər şeyin asan yolunu tapırlar”. Bu fikirlə razısınızmı?

– Əslində, belə insanlar bacarıqlı, rahatlığa düşkün olanlardır. Tənbəl və rahatlığa düşkün olan insanlar bir-birləriindən fərqlənirlər. Rahatlığına düşkün insan tənbəl görünsə belə, nəyəsə cəhd edir. Tənbəl isə nəsə icad etmək üçün heç bir şey düşünmür. Əgər bir adam rahatlığına düşkündürsə, burada pis bir şey yoxdur.  Belə insanlar özlərinə lazım olan qədərini edəcək. Özü üçün onu doğru şəkildə təqdim etməyi bacaracaq. Amma tənbəl bunu edə bilmir.

– Bir çox valideyn uşaqların üzərinə böyük məsuliyyət qoyur. Bunun uşağa nə kimi təsiri var? Yəni valideynin qərarları uşaqları tənbəlləşdirirmi?

– Tənbəllik, əslində, ailədən gələn bir xüsusiyyətdir. Bəzən valideynlər öz uşaqlarının yerinə hər şey etməyə, yəni onun əvəzinə onu yedizdirməyə, tökdüklərini yığışdırmağa, onun yerinə xəyal etməyə, hətta xəyallarını necə reallaşdırması üçün  müəyyən prosedurları keçməyə hazırdır. Belə olduğu halda, uşağın həyatında nəsə düşünüb, çıxış yolu tapmaq enerjisi, istəyi olmur. Çünki bunları onun yerinə edən var. Beləliklə, zaman-zaman uşaq nəsə istəməkdən imtina edir. Vaz keçdikdən sonra, ümumiyyətlə, heç nə istəmir. Belə bir hadisə ilə rastlaşmışdım. Abituriyentlərimdən biri heç hazırlaşmaq istəmirdi, bal toplaya bilmirdi. Belə olduqda, mən valideynə dedim ki, şagirdin problemi motiv, diqqət, qayğıdır. Yəni yaddaş problemimiz yoxdur, motivin olmamasıdır. Və o uşaq onu istəmir. Valideyn dedi ki, necə istəməyə bilər ki, bu bizim xəyalımızdır. Bütün nəsil ona göz tikib. Dedim, elə ona görə də siz istəyirsiniz deyə, o fikirləşir ki, mən onlardan çox istəyə bilmərəm. İstəməyi onlara buraxıram. Amma siz ona istəməyi öyrətməmisiniz. O istəsəydi, bunun üçün can atardı. Valideyn mənə dedi ki, biz belə tərbiyə etməmişik. Arzular mənim qızımın içində hələ cücərməmiş, biz onu yerinə yetirirdik. Biz ona rahat həyata öyrətmişik. İstəmirik çətinlik çəksin. Yəni ata demək istəyirdi ki, biz gələcəyə tənbəl qız yetişdirmişik. Bunun özü də böyük prosedurdu. Hər adam uşağı tənbəl yetişdirə bilmir. Tənbəl yetişdirmək üçün valideyn o qədər qoçaq olmalıdır ki, uşaqlar heç nə etməsin, istəməsin.

– Tənbəlin psixoloqa ehtiyacı varmı?

– Təmbəl heç vaxt özünün psixoloqa ehtiyacı olduğunu düşünmür. Çünki o, komfort ərazidə yaşayır. Həmin  komfort da ərazidən çıxmaq istəmir. Amma dəyişmək istəyən insan həmişə psixoloqa ehtiyac duyur.

– Tənbəl insanların dəyişmək ehtimalı varmı?

– Əlbəttə, dəyişməyən bir ölülərdi, bir də dəlilər. Mənim bu dediklərim tənbəl insanları heç də ruhdan salmasın ki, bizdə hər şey qutarıb. Bilirsiniz, əgər siz özünüz nəyəsə cəhd edib öyrənsəniz, onun sizə verdiyi zövqü heç nə əvəz edə bilməz. Bacarıqlı insanlar həmişə elə bilir ki, heç kim onlar qədər işə can yandıra bilməzlər. Amma tənbəllər üçün tam tərsinədir. Elə məsələ də burasındadır ki, bacarıqlı olması üçün dəfələrlə cəhd edib. Mən deməzdim, onların cəhdləri uğurlu alınıb. Bəzən uğursuz, bəzən də yanlış etdikləri də olub. Hətta çox inadla istədiyi bir şeyə addım atıb, amma yolun yarısından başa düşür ki, yox, bu iş onluq deyil. Ümumiyyətlə, uşaqlar 16 yaşadək ailə tərbiyəsində böyüyür. Ailədə gördüklərini əksərən cəmiyyətdə yansıtmağa çalışırlar. 16 yaşdan 18 yaşadək bir boşluq yaranır. Bu boşluq dövründə uşaq və ya yeniyetmə özünü dərk etməyə  başlayır. Əslində, o nə istəyir? O kimdir? Bu kimi suallar yaranmağa başlayır. Özü də bunun fərqinə varır. Həmin ərəfədə valideyn uşağa təzyiq etməsə, onun yerinə qərarlar verib, ruhdan salmasa, o nə istədiyini biləcək və özü-özünü tərbiyələndirəcək.

Şahnun Qasımova