“Hər bir vətəndaş dövlət strukturunda təmsil oluna bilər” – Azər Badamov

11:05 14.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ qazisinin ölkə başçısı İlham Əliyev tərəfindən Xətai rayonun icra başçısı təyin edilməsinə müsbət yanaşıram. Təbii ki, təqdir edirəm. Bunu Qarabağ qazilərinə hörmətin təzahürü kimi də qeyd etmək olar”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkili bildirib ki, ümumiyyətlə, son təyinatların tərkibinə baxanda oradakı insanların hansı kateqoriyadan olmasının önəm daşımadığını görürük: “Noyabrın 12-də təyin olunan iki icra başçısından biri bitərəfdir. Yeni Azərbaycan Partiyasının üzvü deyil. Digəri isə Qarabağ qazisidir. Yəni, burada əsas etibarı ilə keyfiyyət göstəriciləri nəzərə alınır. Bu göstəricilər içərisində onun bilik və bacarığı, eləcə də idarəetmə strukturundakı göstəriciləri, bu strukturda öz vəzifəsini icra etmək  qabiliyyəti əsas götürülür. Eləcə də ölkə başçısının onların qarşılarına qoyduğu hədəflərin və tapşırıqların vaxtında icra edilməsi və xalqın – yəni, rəhbərlik etdiyi ərazidə yaşayan vətəndaşların etimadını doğrultması əsasdır. İlk olaraq bunlar ortaya qoyulur”.

Millət vəkili onu da söyləyib ki, hansı icra başçıları bu etimadı doğrultmayacaqsa, onlar öz vəzifələrindən uzaqlaşdırılacaqlar: “Amma Xətai rayonuna təyin olunmuş icra başçısının Qarabağ qazisi olması, bununla yanaşı həmin rayonda Qarabağ müharibəsi veteranlarının, Qarabağ əlillərinin, qazilərin, qaçqın və məcburi köçkünlərin çox olması onları da bir daha ruhlandıracaq. Eləcə də çox müsbət qarşılanacaq. Ümumilikdə götürdükdə bu çox müsbət addımdır. Qarabağ qazisinin icra başçısı olması bir daha onu deməyə imkan verir ki, ölkəmizdə yeni idarəetmə strukturunun formalaşmasında hər hansı bir amil nəzərə alınmır. Hər bir vətəndaş dövlət strukturunda təmsil oluna bilər”. Qeyd edək ki, Prezident İlham Əliyevin 12 noyabrda imzaladığı sərəncamla Quliyev Rafiq Çəpərxan oğlu Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Rafiq Quliyev Qarabağ qazisidir. 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır.

Siyasət rubrikasından digər xəbərlər