Bakıda Aropa Film Festivalı çərçivəsində Latviya dramı olan “Blizzard of Souls" (“Ruhların çovğunu”) filmi nümayiş olunub. Əvvəlcə Latviyanın ölkəmizdəki missiyasının rəhbərinin müavini Viya Buşa festival barədə tamaşaçılara məlumat verib, nümayiş olunacaq filmdən söz açıb. Daha sonra dram əsəri nümayiş olunub.
Rejissor Dzintars Dreyberqs tərəfindən 2019-cu ildə çəkilmiş "Blizzard of Souls" və ya “Ruhların çovğunu” adlı tarixi dram əsəri ekranlara çıxdığı ilk gündən uğur qazanıb. Hətta statistikaya əsasən, ekranlara çıxdığı ilk beş həftə ərzində film 200 min tamaşaçı tərəfindən izlənilib ki, bu da Latviyada müstəqillik dövründə çəkilən filmlər arasında rekord göstəricidir. Onun premyerası 8 noyabr 2019-cu ildə Latviyada, beynəlxalq miqyasda isə 20 fevral 2020-ci ildə Avropa Film Bazarında olub. Film Aleksandrs Qrinsin I Dünya Müharibəsində Latviya batalyonunda atıcısı kimi xidmətindən bəhs edən eyniadlı roman əsasında çəkilib.
Boris Frumin və Aleksander Grinsin ssenarisi əsasında çəkilən filmin rejissoru Dzintars Dreyberqs, operatoru Valdis Kelminş, bəstəkarı Lolita Ritmanis, rəssamı Sandra Sila, montajçısı Qatis Beloqrudovsdur. 123 dəqiqə davam edən filmdə rollarda Otho Brantevics (Arturs Vanags), Greta Truşina (Marta), Martins Vilsons (Vanags), Reziya Kalnina (Mother), Raymond Kelms (Edgars Vanags), Ekabs Reynis (Mikelsons) – ümumilikdə 21 aktyor çəkilib.
Yeri gəlmişkən, filmin baş qəhrəmanı olan Artursun obrazını yaradan Oto Brantevics əvvəllər aktyorluq təcrübəsinin olmamasına baxmayaraq, 1300 namizəd arasından seçilib və parlaq obraz yarada bilib. Ümumiyyətlə, bir çox sujetləri tarixi döyüş yerlərində çəkilən "Blizzard of Souls" gözlənilən uğuru qazanıb.
Filmin əsas motivi I Dünya müharibəsi zamanı baş verən hadisələrdən və əsas qəhrəman olan Arturs Vanaqs adlı gəncin birdən-birə cəhənnəmə dönən həyatından bəhs edir. Film başlayarkən kiçik və sakit kənddə yaşayan 16 yaşlı Arturs müharibə haqqında hələlik, ancaq xəbərlər eşidir. Adi velisoped sürməyi sevgilisi Martadan yenicə öyrənən bu oğlan təsadüfən küçədə rastlaşdığı zabitdən “nə qədər ki, almanlar gəlməyib, əylənin” deməsini belə şən və enerji dolu ürəyinə salmır. Amma qara buludlar Latviyanın səmasını örtməkdəydi, çox keçmir ki, almanlar onların sakit, yamyaşıl kəndlərinə də gəlib çıxırlar.
Alman əsgərlər gələndə atası və böyük qardaşı evdə yox idilər. Amma anası özünü itirmədən Artursu çarpayının altında gizlədir və evə daxil olan alman zabitin qarşısında özünü evdə təkmiş kimi göstərir. Lakin bu ananın həyatını xilas etmir – almanlar onu güllələyirlər.
Anasının öldürülməsi Artursun tərtəmiz ürəyini qisasla, qəzəblə doldurur. Bütün kənd əhli almanların əlinə keçməmək üçün Riqaya tərəf qaçarkən kişilərə silahlanıb vətəni düşməndən qorumaq təklif edilir. Bu da anasının qisasını almaq üçün əsas qəhrəmanımıza fürsət verir. Atası və qardaşı ilə birlikdə Rusiya ordusunun tərkibində fəaliyyət göstərən Latiya atıcı piyada batalyonuna yazılır. Düşmənlə ön cəbhəyə çıxdığı anadək onun içində humanizm, geridə qoyub gəldiyi sarı saçlı, mavi gözlü sevgilisinə qovuşmaq arzuları aşıb-daşırdısa, ilk döyüş günü həyatı zəhərə dönür. Gözləri önündə insanlar həlak olur, hər tərəfdə cəsədlər, hətta qopub-parçalanmış bədən əzaları səpilib. Arturs anlayır ki, bura heç də səngərdə bıçaqla öldürülən siçovula baxın şənlənmək yeri yox, insan həyatının sapdan asıldığı döyüş meydanıdır. Buna baxmayaraq, əzizlərini itirincə düşmən olsa belə, insanları öldürə bilmir, amma reallıq onu məcbur edir.
Filmdə cərəyan edən sujetlər yeni nəsillərə Latiya əsgərlərinin timsalında, vətənin azadlığı və təhlükəsizliyi uğrunda lazım gəldiyində şəhid olmağı təlğin edir. Amma siyasi mühüt bir az qarışıqdır. Latviyalı əsgərlər bilmirdi almanlarla mübarizə aparsın, yoxsa bu torpaqlarda öz hökmranlığını sonsuzadək möhkəmləndirmək istəyən çar Rusiyası ilə. Hər halda, atası, sevimli qardaşı, dostları amansız döyüş meydanında gözləri qarşısındaca qətlə yetirilən Arturs ard-arda dörd dəfə yaralansa da, sağ qalır və almanların Latviya torpaqlarından qovulduğunu görə bilir. Amma... Almanları qovandan sonra azad və suveren Latviya görmək ümidi hər bir latviyalı kimi Artursun da gözündə qalır – ruslar Çar hakimiyyəti üzərində qazandıqları inqilabı bu torpaqlara da gətirmişdilər. İndi Latviyada kimliyindən asılı olmayaraq hamı təhlükədədir, onlar ya kommunist idealogiyasına boyun əyməli, ya da ölməliydilər. Ən pisi isə o idi ki, onlar rusların yox, necə deyərlər, öz qardaşlarının əliylə öldürülürdülər.
Filmin sonunda almanlar yenidən Latiyaya qayıdır. Bir-birini əvəz edən müharibələr latiyalıları əldən salır, amma mübarizlik ruhlarını daha da möhkəmlədir. Artıq geri yol yoxdur, bütün Latviya xalqı alman ordusuna qarşı mübarizəyə başlayır və nəhayətdə, Estoniyadan gələn zirehli qatarın və bölgə xalqlarının da azadlıq mübarizəsində birləşməsi alman işğalını sonlandırır. Dauqava çayı sahilindəki döyüşlər Artursun və onun kimi minlərlə gəncin azadlıq arzusunu qısa müddətə də olsa həyata keçirir. Siyasi, sosial, mənəvi təməllərin necə çökdüyünü göstərən filmin sonunda vətənin azadlığı uğrunda göstərdiyi qəhrəmanlığa görə təltif olunan Arturs segilisi Marta ilə birlikdə boş qalmış elərinə qayıdır...
İki saatdan artıq çəkən "Blizzard of Souls" filmi Hollivud filmləri qədər effektli görünməsə də, əslində insana deyəcəkləri daha çoxdur. Film çox sadədir, hər şey təbidir, səhnələr elə qurulub ki, sanki hər şey həqiqətən baş verir. Çünki sujetlər gerçək həyatı əks etdirir və yüz il öncə yaşanan olayların günümüzdə də təkrarlandığını bəşəriyyətə çatdırır. Axı müharibələr yalnız yüz il əvvəl olmayıb, indi də davam edir. O vaxt Latiya torpaqlarında işğal siyasəti yürüdən Rusiya indi Ukrayna torpaqlarını işğal etmək üçün qan tökür. O vaxt kommunist idealogiyası ilə zəhərləyib tərəfinə çəkə bildiyi latviyalını öz qardaşını öldürməyə vadar edən Rusiya bu gün işğal etdiyi torpaqlarda yaşayan ukraynalıları vətənin azadlığı uğrunda mübarizə aparan qardaşlarını öldürməyə təşviq edir. Filmi uğurlu edən də məhz budur – hər dövrə uyğun olması..