Heydər Əliyev Fondu “Qabusnamə“ni rus dilində nəşr etdi

15:15 16.04.2010
Yazını böyüt
Yazını kiçilt
Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan “Qabusnamə“ kitabını rus dilində nəşr edib. Bu barədə foundun yaydığı məlumatda bildirilir. Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyunca müdrik məsləhətləri ilə aktuallığını qoruyub-saxlayıb. 1082 - 83-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış “Qabusnamə“ orta əsrlərdə Azərbaycan hökmdarlarının, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olub. Həmin dövrdə hər bir savadlı və mədəni insanın ailəsində qorunub-saxlanan kitab gənc nəslin tərbiyəsində mühüm rol oynayıb, nəsildən-nəslə ötürülən mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi qiymətləndirilib. Məlumata görə, rus oxucusuna təqdim olunan “Qabusnamə“ Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan verir. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 tirayla nəşr olunub. “Qabusnamə“ Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini zənginləşdirib. Fondun dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan kitabları gənc oxucu auditoriyası üçün zəngin mənbə hesab etmək olar. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrini dilimizə çevirdərək nəşrinə dəstək verir.

Sevda Babayeva
Oxunma sayı