Hindistan Konstitusiyasının qəbulundan 73 il ötür - Bakıda bayram tədbiri keçirilib

09:30 26.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan Konstitusiyasının qəbul edilməsindən 73 il ötür. Bu münasibətlə Hindistanın ölkəmizdəki Səfirliyi tərəfindən bayram tədbiri təşkil olunub.

Hafta.az-ın yazdığına görə, “Samvidhan Divas” kimi də tanınan "Konstitusiya Günü" Hindistan vətəndaşları arasında konstitusiya dəyərlərini təbliğ etmək məqsədilə hər il noyabrın 26-da qeyd olunur. Hindistan Konstitusiyası 26 noyabr 1949-cu ildə qəbul olunub və 26 yanvar 1950-ci il tarixindən qüvvəyə minib.

Konstitusiyanın layihələndirmə komitəsinin sədri Doktor B.R.Ambedkar Hindistan Konstitusiyasının baş memarı hesab olunur. Onu, həmçinin Hindistan Konstitusiyasının atası adlandırırlar. 

“Konstitusiya Günü” tədbirinə Azərbaycan rəsmiləri, tanınmış mədəniyyət xadimləri, universitetlərin nümayəndələri, Hindistan tarixini və mədəniyyətini sevənlər, Hindistanın Azərbaycandakı dostları, o cümlədən Hindistan diasporunun çoxsaylı üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr daxil olmaqla 80-ə yaxın iştirakçı qatılıb.

Hindistan Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar çıxış edərək, tədbirin əhəmiyyətini və Hindistan Konstitusiyasının hazırlanmasında layihəndirmə komitəsinin böyük səylərini vurğulayıb. O, həmçinin Hindistan vətəndaşlarına Konstitusiyanın və Konstitusiya Gününün əhəmiyyətini xatırladıb.

Daha sonra tədbir iştirakçıları doktor B.R.Ambedkarın Konstitusiya haqqında çıxışını və sənədin hazırlanmasına dair videoçarxları, eləcə də Hindistan Konstitusiyası haqqında təqdimatı izləyiblər.

Tədbirdə, həmçinin Hindistan vətənpərvərlik mahnılarının sədaları altında rəqslər, Hindistanın Konstitusiyası haqqında sual-cavab oyunu və digər mədəni çıxışlar olub.

Oxunma sayı 2517
Mədəniyyət rubrikasından digər xəbərlər