Hindistanda “müharibəsevərləri” tənqid edən alim həbs edilib

09:42 21.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mayın 6-dan 10-dək Hindistanla Pakistan arasında baş verən toqquşmalar atəşkəs razılaşması ilə başa çatsa da, həm iki nüvə dövləti, həm də dünya ictimai rəyi hələ də gündəmdədir.

Hafta.az-ın yazdığına görə, Hindistanın baş naziri Narendra Modinin administrasiyası məhkəmə sistemindən onun siyasətlərinə etiraz edən jurnalistlərə və alimlərə qarşı istifadə etdiyi üçün tənqid olunub.

Yeni Dehli administrasiyasının müharibə mühitinə reaksiyası dəyişməyib. Təxminən 200 milyon müsəlmanın yaşadığı Hindistanda qonşu Pakistanla müharibəyə qarşı çıxan alimin həbsi mübahisələrə səbəb olub.

Əli Xan ordunu tərifləsə də, "müharibəni qızışdıran" hinduları tənqid edib.

Aşoka Universitetində siyasi elmlərdən dərs deyən mühazirəçi sosial mediada da iddia etmişdi ki, dövlət dini İslam olan Pakistana qarşı qəzəb intiqam hissinə çevrilməməli və Hindistanda müsəlmanlara zülmü artırmamalıdır.

Mahmudabaddan olan 42 yaşlı alim bir neçə gün öncə səhər saatlarında həbs edilib. Ölkənin suverenliyinə qarşı cinayət törətdiyinə görə mühakimə olunacaq alim üç il həbs cəzası ala bilər.

Sosial media platforması X Hindistan hökumətinin münaqişə başlayandan sonra 8 mindən çox hesabın bloklanmasını tələb etdiyini açıqlayıb.

Londonda yaşayan hind əsilli alim Nitaşa Kaul da bazar günü ölkəyə girişinin qarşısının alındığını açıqlayıb.

Sərhədsiz Reportyorların mətbuat azadlığı siyahısında Hindistan 180 ölkə arasında 151-ci yerdədir.