Hindistan və Pakistan mübahisəli Kəşmir bölgəsində baş verən toqquşmalardan sonra pilotsuz təyyarələr üçün rəqabəti gücləndirirlər.
Hafta.az-ın yazdığına görə, anonimlik şərti ilə “Reuters”ə danışan təhlükəsizlik rəsmiləri deyirlər ki, nüvə silahına malik qonşular gələcəkdə pilotsuz uçuş aparatlarından (PUA) daha tez-tez istifadə etməyi planlaşdırırlar.
Hindistanın aviasiya sektorunu inkişaf etdirmək üçün çalışan Hindistan Dron Federasiyasından Smit Şah, Yeni Dehli hökumətinin yaxın 12-24 ay ərzində İHA-lara təxminən 470 milyon dollar xərcləyəcəyini söyləyib. Qeyd edilir ki, bu, Kəşmir münaqişəsinə qədər qoyulan investisiyadan təxminən üç dəfə çoxdur.
Hindistanda yerləşən ideaForge Technology dron firmasının direktor müavini Vişal Saksena, Yeni Dehli hökumətinin bir çox sınaq uçuşlarının keçirildiyi İHA-lara "görünməmiş" maraq göstərdiyini söyləyib.
Mənbələr bildiriblər ki, Pakistan Hərbi Hava Qüvvələri də qabaqcıl döyüş təyyarələrini riskə atmamaq üçün daha çox İHA almağa çalışır.
Hindistanda Fransa istehsalı olan 30-a yaxın “Rafale” döyüş təyyarəsi var. Pakistan ordusunun Çin istehsalı olan 20 J-10 döyüş təyyarəsi mövcuddur.
Böyük Britaniyada yerləşən “Janes” müdafiə kəşfiyyat şirkətindən Oişi Majumdarın sözlərinə görə, Pakistan yerli İHA-nın tədqiqat və istehsal imkanlarını inkişaf etdirmək üçün Çin və Türkiyə ilə əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Məlumata görə, İslamabad hökuməti YIHA-III model PUA-lara xüsusilə arxayındır. Pilotsuz təyyarə Pakistan Milli Aeronavtika Elm və Texnologiya Parkı (NASTP) və Baykar arasında birgə layihənin məhsuludur. Məlumatda bildirilir ki, Baykar pilotsuz təyyarəni Pakistanda yığır. Pakistan rəsmisi bildirib ki, dron qurğusu iki-üç günə yerli istehsal oluna bilər.
London Kral Kollecinin politoloqu Valter Ladviq Hindistanla Pakistan arasında İHA rəqabətini belə qiymətləndirir: “Hər iki ölkə onları böyük gərginlik yaratmadan hərbi təzyiq göstərmək yolu kimi görür”.
Məlumatda bildirilib ki, Kəşmirdəki münaqişə zamanı Hindistan ordusu İsrail istehsalı HAROP, Polşa istehsalı WARMATE və yerli istehsal olan İHA-lardan istifadə edib.
İki Pakistan mənbəsinin məlumatına görə, İslamabad YIHA-III və Asisguard Songar pilotsuz uçan aparatlarından, həmçinin dövlətə məxsus Global Industrial & Defense Solutions şirkətinin istehsalı olan Şahpar-II İHA-dan da istifadə edib.