Hollivudda bir çox ulduzun da meneceri olan kino prodüseri Samuel Haskellin oğlu Los-Ancelesdə zibillikdə qadının cəsədi tapıldıqdan sonra nəzarətə götürülüb.
Hafta.az-ın yazdığına görə, zibil təmizləyicisi olan iki kişi 35 yaşlı Samuel Haskell Jr-ın Tarzanadakı evindən təxminən 5 mil aralıda qadının cəsədini konteynerdə görüb.
Los-Anceles Polis İdarəsi dünən verdiyi açıqlamada zibillikdə tapılan cəsədin kiçik Haskellin 37 yaşlı həyat yoldaşı Mey Haskellə aid ola biləcəyini, lakin şəxsiyyəti müəyyənləşdirmə işlərinin davam etdiyini bildirib. Qeyd olunub ki, müstəntiqlər evdə aparılan axtarışlar zamanı xeyli miqdarda qan nümunələri və sübutlar aşkarlayıblar.
Polis daha sonra kiçik Haskelli həbs edib.
Polis rəsmilərinin bildirdiyinə görə, cütlük Haskelllərə aid olduğu müəyyən edilən evdə üç övladı və Mey Haskellin valideynləri ilə birlikdə yaşayırmış.
Cütlüyün 6, 8 və 12 yaşlı üç övladının yaxınlarının yanında olduğu bildirilib.
Səlahiyyətlilər ötən şənbə günündən itkin düşən Mey Haskellin anası Yanxayang Vang və atası Qaoşan Linin axtarışlarını davam etdirdiklərini bildiriblər.
Noyabrın 13-də məhkəmə qarşısına çıxacaq Haskell 2 milyon dollar girov qarşılığında həbsdə saxlanılır. Onun hissələri 500 dollara çıxartdırmaq istədiyi iddia edilib.
“New York Post” qəzetindəki iddiaya görə, kiçik Haskell konteynerdə cəsədin tapılmasından bir gün əvvəl təmizlik işçilərindən qarajındakı çantaları 500 dollara çıxarmalarını istəyib.
Pulları qəbul edən işçilər hər birinin çəkisi təxminən 20 kiloqram olan torbalarda nə olduğuna baxmaq üçün bir neçə məhəllə uzağa gediblər. İçinə baxanda bədən hissələrini gördüklərini deyən işçilər evə qayıdaraq bu işə qarışmaq istəmədiklərini bildiriblər və çantaları yenidən avtomobil yoluna qoyublar. Daha sonra Haskell işçiləri aldatmaq istəsə də, onlar deyilənlərə inanmayıblar və iki fərqli polis bölməsinə gedərək şikayət etmək istədiklərini, lakin dinlənilmədiklərini iddia ediblər.
Digər tərəfdən, elə həmin gecə tikinti işçiləri Haskellin evinin yaxınlığında qara torbalarda cəsətə bənzəyən şey gördüklərini polisə bildirdilər.
Los Anceles Polis Departamentindən verilən açıqlamaya görə, polis həmin gün xəbərin yayıldığı yerə gedib, lakin heç bir dəlil tapa bilməyib.
Haskell Jr-ın atası Samuel Haskell Hollivudda Corc Kluni, Dolli Parton və Vupi Qoldberq kimi adların meneceri olub. “Maqnolia Hill” prodakşn şirkətinin də qurucusu olan Haskell eyni zamanda uzun müddət “Miss America”nın prezidenti olub.