İlin sonunadək əmək haqqları artırılacaq

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Sosial müdafiə və təminat xərcləri 1,6 milyard manat nəzərdə tutulub

Bir müddət öncə cari ilin sonunadək Azərbaycanda orta aylıq əməkhaqqının 379 manata çatdırılmasının planlaşdırılması barədə qəzetimizdə məlumat vermişdik. Ancaq 2011-ci ilin yekunlaşmasına 2 ay vaxt qalır və hökümət hələ də əməkhaqlarının artırılmasına getməyib. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 353,7 manat təşkil edir. Xatırladaq ki, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına imkan verir. Büdcəyə edilən son əlavə və dəyişikliklər nəticəsində sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi çoxaldılıb. Sosial müdafiə və təminat xərcləri 1,6 milyard manat nəzərdə tutulub. Sözügedən məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri dedilər ki, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına şərait yaratsa da, hələlik artım baş verməyib.
Çünki 2006-cı ilin yanvar ayının 1-nə qədər pensiyaya çıxan vətəndaşların pensiyalarının yenidən hesablanması əməkhaqqı artımlarını yubadıb. Hökümət pensiya və əməkhaqqlarının artırılması məqsədilə dövriyyəyə çoxlu vəsait daxil etməkdən ehtiyatlanır. Çünki pensiya ilə yanaşı əməkhaqlarının artırılması istehlak bazarında ciddi qiymət artımlarına səbəb ola bilərdi. Ekspertlər ilin başa çatmasına az zaman qalmasına baxmayaraq hökümətin əməkhaqqı artımına gedəcəyini istisna etmirlər. Lakin artım kiçik rəqəmlər ifadə olunacaq. Ümumiyyətlə öncədən hökümətdə əməkhaqların hansı faizlərlə artırılacağına dair vahid fikr yox idi. Bəzi hökümət nümayəndələri ilin əvvəlində müzakirə edildiyi kimi əməkhaqlarının 20-25 faiz artırılmasını, bəziləri, o cümlədən Maliyyə Nazirliyi bu artımların 10-15 faiz intervalında reallaşmasını istəyir. Ola bilsin ki, tərəddüdlər də artımları yubadır. Mütəxəssislərin fikrincə, artımlar bütün sahələri əhatə etməyəcək. Hökümət hər il əməkhaqqı artımlarına getməklə ciddi sosial öhdəlik götürməkdən ehtiyatlanır. Xüsusən nəzərə alsaq ki, neftin dünya bazar qiymətində dəyişikliklər, o cümlədən qlobal maliyyə böhranın yeni mərhələsinin başlayacağına dair narahatçılıqlar var. Hökümət əməhaqqı artımına gedəcəyi halda növbəti ildə bu sosial öhdəliyin yerinə yetirilməsində yarana biləcək problemdən narahatdır.
Təbriz Vəfalı
Oxunma sayı 81