İnkişaf Yolu Layihəsinin ilk mərhələsi bu il tamamlanacaq

09:29 11.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, İnkişaf Yolu Layihəsi çərçivəsində İraqın Fav Limanında həyata keçirilən işlərin birinci mərhələsinin bu il tamamlana biləcəyini deyib.

Hafta.az-ın yazdığına görə, layihənin Türkiyənin qlobal ticarət dəhlizlərindəki strateji mövqeyini daha da gücləndirəcəyini bildirən Uraloğlu, İraqla yekun razılaşmanın qısa müddətdə imzalanmasının planlaşdırıldığını söyləyib.

OECD İnkişaf etməkdə olan Bazarlar Forumunda çıxış edən nazir Uraloğlu nəqliyyat infrastrukturuna investisiyaların təkcə iqtisadi artımı deyil, həm də regional inteqrasiyanı, ticarətin asanlaşdırılmasını və davamlı inkişafı dəstəklədiyini bildirib. Uraloğlu, "Nəqliyyat infrastrukturu makroiqtisadi hədəflərə çatmaqda rıçaq rolunu oynayır. Bu sistemlər sürətli və ucuz nəqliyyata kömək edir, eyni zamanda gəlir bölgüsündə tarazlıq yaradır və ətraf mühitə təsirləri idarə edir" deyib.

İnkişaf Yolu Layihəsinin Fars körfəzindən başlayaraq Bağdad və Mosul üzərindən Türkiyəyə qədər uzanacağını söyləyən Uraloğlu, layihənin 2092 kilometrlik dəmir yolu və 1923 kilometrlik avtomobil yolu infrastrukturu ilə Avropa ilə inteqrasiya ediləcəyini qeyd edib. Uraloğlu, “Yeni İpək Yolu” olaraq da bilinən xəttin Asiya ilə Avropa arasındakı ticarət dövrünü ənənəvi dəniz yollarına nisbətən təxminən 15 gün qısaldacağını vurğuladı. Türkiyənin bu dəhlizdə təbii bir mərkəz olduğunu bildirən Uraloğlu, yeni strukturun qlobal logistikada əhəmiyyətli dinamizm yaradacağını bildirib.

Son 23 ildə nəqliyyat və infrastruktur sahəsinə ümumilikdə 290 milyard dollar sərmayə qoyulduğunu xatırladan Uraloğlu, bu investisiyaların böyük hissəsinin beynəlxalq əlaqələrin gücləndirilməsinə yönəldiyini bildirib. Nazir diqqətə çatdıran layihələr arasında Marmaray, Bakı-Tbilisi-Qars Dəmir Yolu, Zəngəzur Dəhlizi, İstanbul Hava Limanı, Yavuz Sultan Səlim və 1915 Çanaqqala körpüləri, Avrasiya tuneli, Osmanqazi körpüsü, Şimali Mərmərə şossesi və Ankara-Niğde avtomobil yolunun olduğunu bildirib.