İqlim böhranının təsirləri dünyanın əsas neft limanlarını təhdid edir ki, Rusiyanın strateji limanları da bu riskdən sığortalanmayıb.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, dəniz səviyyəsinin cəmi 1 metr qalxması Səudiyyə Ərəbistanı, ABŞ və Çin başda olmaqla bir çox ölkənin əsas neft limanlarına ciddi təsir göstərəcək, eyni zamanda Rusiyanın Baltik dənizindəki Primorsk limanı da bu təhlükəyə daxildir. Bu liman Rusiyanın neft və enerji ixracının əhəmiyyətli bir hissəsini qarşılayır və hər il milyardlarla dollar dəyərində enerji nəqlini həyata keçirir.
Primorsk Limanı Rusiyanın ən böyük neft limanlarından biri kimi seçilir və 2023-cü ildə ölkənin ümumi neft ixracının 15 faizinə töhfə verib. Bununla belə, araşdırmalar göstərir ki, liman aşağı hündürlüyünə görə dəniz səviyyəsinin qalxmasından ciddi şəkildə təsirlənə bilər. Climate Central və ICCI tərəfindən aparılan simulyasiyalar dəniz səviyyəsinin bir metr qalxmasının limanın infrastrukturuna, anbarına və nəqliyyat xətlərinə əhəmiyyətli dərəcədə zərər verə biləcəyini proqnozlaşdırır. Rusiya bu limandan hər il təxminən 150 milyard dollar enerji ixrac edir.
Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün (ICCI) direktoru Pam Pearson, "Qalıq yanacaqdan istifadə nəticəsində dəniz səviyyəsinin qalxması enerji limanlarını təhdid edir. Bu, ironikdir, çünki bu limanlar iqlim böhranının əsas səbəbi olan qalıq yanacaq ixracı üçün istifadə olunur" deyib. Tədqiqatçılar qeyd ediblər ki, liman infrastrukturunu qorumaq üçün bahalı daşqından mühafizə sistemləri tikilə bilər, lakin bu cür həllər davamlı deyil. Mütəxəssislər, bərpa olunan enerjiyə keçidin qaçılmaz olduğunu vurğulayaraq, “Yoxsa bu divarları daha hündür tikməli olacaqsınız” deyirlər.
Tədqiqat Səudiyyə Ərəbistanı, ABŞ və Çin, eləcə də Rusiyadakı neft limanlarını araşdırıb və dəniz səviyyəsinin qalxmasının qlobal neft ixracının təxminən 20 faizinə təsir edə biləcəyini müəyyən edib. Rusiyanın enerji sektoruna təzyiqlər təkcə iqlim dəyişikliyi ilə məhdudlaşmır, eyni zamanda Qərbin sanksiyaları və enerji tələbatındakı dəyişikliklər də ölkənin enerji strategiyalarına yenidən baxmasına səbəb olur. Zero Carbon Analytics-in eksperti Murray Uorfi, "Qalıq yanacaqlardan asılılıq enerji təhlükəsizliyi deyil, fəlakət gətirir" deyən ölkələrin bərpa olunan enerji mənbələrinə keçməsi lazım olduğunu söyləyib.