İsraillə 12 günlük münaqişədən sonra Tehran hava qüvvələrini sürətlə modernləşdirmək üçün Çin istehsalı olan J-10C qırıcılarının alınması ilə bağlı danışıqları sürətləndirib. İslam Respublikası ilk dəfədir ki, ödəniş şərtlərinə görə təxminən iyirmi ildir dalana dirənmiş bu müqaviləni başa çatdırmağa bu qədər yaxın görünür.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, iranlı hərbi analitiklər İsrailin münaqişədə özünü büruzə verən hava üstünlüyünün qərar qəbul edənləri “tez və əlçatan” həll yollarına vadar etdiyinə diqqət çəkir. Digər tərəfdən, İranın 2023-cü ildə Rusiyadan sifariş etdiyi 50 ədəd Su-35-dən yalnız bir neçəsi gətirilib.
2015-ci ildə 150 J-10C üçün Çinlə masa arxasına oturan Tehran Pekinin “enerji mübadiləsi” variantı ilə razılaşmadan imtina etməsi və valyuta azlığı səbəblərindən sövdələşməni dayandırdı. Danışıqlar BMT-nin 2020-ci ildə silah embarqosunu ləğv etməsindən sonra yenidən canlanıb, lakin hələ də nəticə əldə edə bilməyib. İndi Vaşinqtonun Çini İran neftinin idxalına qarşı sanksiyalardan azad etmək qərarı tərəflərə yeni ödəniş formulunu yaratmaq imkanı verir.
İran Hərbi Hava Qüvvələrinin inventarının əsasını hələ də 1970-ci illərdən F-4, F-5 və F-14 təyyarələri təşkil edir, ehtiyat hissələrin əldə edilməsinin çətinliyi səbəbindən bu donanmanın əməliyyat imkanları məhduddur. Rusiyanın 2023-cü ildə təhvil verdiyi bir neçə Su-35 gözləntiləri qarşılamaq üçün bəs deyil və Ukraynadakı əməliyyatla əlaqədar Moskvanın istehsal gücünü daxili tələbata çevirməsi sifariş üzrə 50 təyyarənin çatdırılma cədvəlini qeyri-müəyyən edir.
Mütəxəssislər iddia edirlər ki, 60-90 milyon dollar dəyərində olan və istifadəyə hazır istehsala malik tək mühərrikli orta səviyyəli J-10C İranın 400 təyyarəlik uzunmüddətli donanma hədəfindəki kritik boşluğu doldura bilər. Rusiya istehsalı olan MiQ-35 dizayn baxımından uyğun hesab edilsə də, hələ kütləvi istehsalda olmadığı üçün Tehranın qısamüddətli ehtiyaclar siyahısında yer tapa bilmir.