İranda körpə Türkaya öz adından istifadəyə icazə verilmir

09:05 17.01.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran rejimi Güney Azərbaycanda türk varlığını məhv etməyi hədəfləyir. Türklərin dil və mədəniyyətini heçə sayaraq onlara təzyiq edən İran bölgədə türk adlarına qadağa qoyur və ölkə daxilində türk adlarının artmasından ciddi narahatdır.

Hafta.az-ın yazdığına görə, təqib edilən siyasətlərin qurbanlarından biri də körpə Türkaydır. Güney Azərbaycanın Salmas şəhərində yaşayan Maknati ailəsinin körpəsi Türkay Salmas Əhali Müdirliyi əməkdaşları tərəfindən rejim siyasətinin tətbiqinə məruz qalıb. Məsələ ilə bağlı ailəyə yaxın mənbə “Uşağımın adı” kampaniyasına açıqlama verib.

1 sentyabr 2022-ci ildə dünyaya gələn körpəyə ailəsi Türkay adını verib. Adı Salmas Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları tərəfindən “qadağan olunmuş adlar” arasında olduğundan doğum haqqında şəhadətnamə ala bilməyib. Vətəndaşlıq qeydiyyat şöbəsində baş verən təxribat nəticəsində 4 ay şəxsiyyət vəsiqəsiz qalan körpə Türkayın ailəsi övladının bütün sağlamlıq və qida xərclərini özləri ödəyib.

Uşağın şəxsiyyət vəsiqəsi olmadığı üçün yaşanan problemlərə görə ailə körpələrinə Alpay adlı doğum şəhadətnaməsi almalı olub.

2021-ci ildə Cavad İmaminin ailəsi 8 aylıq hüquqi mübarizədən sonra “Türkay”, 2022-ci ildə isə təbrizli bir ailə “Türkay” adlı doğum şəhadətnaməsi əldə edə bilib. Bütün bunlara baxmayaraq, Türkay adı İranda icazə verilən adlar siyahısına daxil edilməyib.