“İranın əvvəllər elan etdiyi “qırmızı xətləri”nə rəğmən ABŞ Ermənistana gəlir...” - AKİF NAĞI

13:29 06.02.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Tramp administrasiyası öz müttəfiqlərini tələsmədən müəyyənləşdirir. Əsasən də ilk prezidentlik dönəmindəki prosesi yürüdür. Təbii ki, Birləşmiş Ştatların regionda əsas müttəfiqi İsraildir və bu dövlətlə eyni münasibətləri tam şəkildə davam etdirirlər. Və bu günlərdə Tramp İsrail baş naziri Netanyahunu çox səmimi və mehriban şəraitdə qəbul etdi. Aydın məsələdir ki, birinci prezidentlik dönəmindəki xətti davam etdiriləcək və İsrailin regiondakı mövqeyi tam şəkildə müdafiə olunacaq. ABŞ-nin bölgəyə dair İsraillə birgə müəyyən planları var”.

Bu fikirləri hafta.az-a açıqlamasında yeni ABŞ prezidenti Donald Trampın hakimiyyət başına gəldiyi ilk günlərdən Yaxın Şərq və ayrıca İranla bağlı yürütdüyü siyasəti şərh edən Azad Vətən Partiyasının sədri Akif Nağı dilə gətirib.

“Bilirsiniz ki, İsrailin maraqlarına uyğun olaraq Tramp Qəzzadakı fələstinlilərin digər ərəb ölkələrinə köçürülməsi məsələsini qaldırıb. Və əgər bunu həyata keçirmək istəsələr, regionda vəziyyət tamamilə dəyişəcəkdir. Düzdü, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu planın əleyhinə çıxdı.  Və təbii ki, ABŞ Türkiyənin mövqeyi ilə hesablaşmaq zorundadır”, - Trampın regionda əsasən İranın zəifləməsi istiqamətində siyasət yürüdəcəyinə diqqət çəkib.

“Təbii ki, ABŞ-nin regionda əsas problemlərindən biri İrandır.  Amerika İranı həm öz maraqlarına uyğun olaraq tam asılı duruma salmağa çalışır. Eyni zamanda yeni Ağ Ev administrasiyası bu işdə daha çox İsrailin maraqlarını nəzərə alır.  Hələ andiçməsindən az öncə Tramp İrana qarşı nisbətən yumşaq mövqe nümayiş etdirirdi. İran prezidenti Məsud Pezeşkian tərəfindən də uyğun mesajlar verildi və ifadə olundu ki, ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdırlar. Həmin vaxt Tramp da İranla müəyyən məsələləri nizama salmağa meyilli görsənirdi. Amma görünür, Ağ Ev üçün İsrailin mövqeyi daha vacibdir. İsrail də çalışır ki, İran tam zəif bir vəziyyətə salınsın. Onsuz da İran son aylar xeyli zəif duruma salınıbdır. Bu dövlət Yaxın Şərqdə, bir neçə terror qruplaşmalarından başqa, demək olar ki, bütün təsir imkanlarını itirib. Və Suriyada Əsədin devrilməsindən sonra hakimiyyətə gələn yeni qüvvələr açıq-aşkar İran əleyhinə olan bir mövqe tuturlar”, - Akif Nağı belə deyib.

“İran həmçinin Cənubi Qafqazda da mövqelərini itirir.  İranın əvvəllər elan etdiyi “qırmızı xətləri”nə baxmayaraq ABŞ Ermənistana gəlir və bu ölkənin sərhədlərində müəyyən qüvvələr yerləşdirməsi nəzərdə tutulur. Yəni İran buna da müqavimət göstərə bilmədi. Və “ən yaxın müttəfiq”lərindən olan Ermənistan da ondan üz çevirdi.  Bütün bunları nəzərə alaraq İran belə ağır durumdan çıxış yolları axtarır. Amerika isə İrana “xilasedici kəməri” atmadı, ona yardım əlini uzatmadı. Və hazırda belə görünür ki, İran yalnız Rusiyaya yaxınlıq vasitəsilə ABŞ-nin nisbətən loyal münasibətinə nail olmağa çalışır. Yəni bu yaxınlarda İranla Rusiya arasında bağlanmış strateji tərəfdaşlıq haqda müqavilə təsadüfi deyil. Və həmin müqavilədə də çox maraqlı bir bənd mövcuddur. O bənddə göstərilir ki, müqaviləni imzalayan tərəflərdən birinə qarşı başqa bir dövlət tərəfindən təcavüz olunarsa, digər tərəf həmin təcavüzdə iştirak etməyəcək. Yəni qəribə bir yanaşmadır. Bəlkə də dünya praktikasında belə bir müttəfiqlik olmamışdır. Çünki adətən bu cür saziş mətnlərində “tərəflərdən birinə təcavüz olacağı halda digər tərəf ona yardım edir” kimi maddələr olur. Və belə görünür ki, İran İsrail və ya ABŞ tərəfindən ona qarşı təcavüz olacağı halda Rusiyanın, ən azı, kənarda qalmasını istəyir.  Çünki o dərəcədə zəif və çıxılmaz durumdadır ki, Moskvadan, heç olmasa, belə bir dəstək almağa çalışır”, - deyə yekunda partiya sədri diqqətə çatdırıb.