Günahkar olsalar da, qayğıya ehiyacları var

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Əlil məhkumlara yardımlar davam etdirilir

Son illər Azərbaycanda cəzaçəkmə yerləri həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqət mərkəzindədir. Belə ki, son illər ölkə başçısının rəhbərliyi ilə ədliyyə, o cümlədən penitensiar sistemdə köklü islahatlar aparılıb, cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilib, saxlanma şəraiti, ərzaq və tibb təminatı yaxşılaşdırılıb, ictimai nəzarət gücləndirilib, müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görülüb. Bütün bunlar təqdirəlayiq işlər olsa da, həbsxana həyatının çətinlikləri qaçılmazdır. Üstəlik, nəzərə alsaq ki, cəzaçəkmə müəssisələrində əlil məhkumların da sayı kifayət qədərdir. Nəzərə alsaq ki, bu cür məhbusların düşdükləri çətin şəraitə uyğunlaşması digərlərindən daha ağır olur. Belə məqamda isə təbii olaraq onlara daha çox güzəşt edilməsi önə gəlir. Bəs görəsən, bu cür şəxslərə hansısa əlavə güzəştlər edilirmi? Ümumiyyətlə, onlara göstərilən dövlət qayığısı hansı səviyyədədir?

Əlil məhbuslar lazımi səviyyədə qeydiyyata alınıb

Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin sədri Əliməmməd Nuriyevin sözlərinə görə, hazırda cəzaçəkmə müəssisələrində müxtəlif kateqoriyalı 400-ə yaxın əlil var: “Biz ictimai komitə olaraq bu istiqamətdə müəyyən tədbirlər görürük. Onu da deyim ki, bizdə ictimai komitənin üzvlərindən biri də fiziki imkanları məhdud olan bir şəxsdir. O, cəzaçəkmə müəssisələrinə gedərkən onlarla xüsusi olaraq danışıqlar aparır. Ümumiyyətlə, Ədliyyə Nazirliyi bu istiqamətdə müsbətyönlü işlərini davam etdirir. Xüsusilə qeyd etmək lazımdır ki, həbsxanalardakı əlil məhbuslar qeydiyyata alınıb. Və onların həm protezlərlə təmin olunması, həm də digər problemlərinin həll olunması ilə bağlı bilavasitə iş görülür“. Komitə sədri onu da əlavə etdi ki, köhnə cəzaçəmə müəssisələrində əlil məhkumların rahat hərəkət etməsi üçün lazımi şərait olmasa da, yeni tikilənlərdə bütün bunlar nəzərə alınacaq: “Layihə üzrə bir neçə yeni cəzaçəmə müəssisəsi tikilir ki, onların da demək olar hamısında fiziki qüsurlu cəzaçəkənlər üçün hər cürə şərait yaradılacaq. Belə ki, rahat hərəkət təmin ediləcək, üstəlik, onların qida rasionuna da diqqət yetiriləcək. Bundan başqa, əlil məhkumların onlara uyğun müxtəlif peşələrlə məşğul olmaları üçün də lazımi tədbirlər görüləcək. Həmçinin onlara müavinətlər də verilir ki, bununla da əlil məhkumlar həm özlərini təmin edirlər, hətta müvinətin qalan hissəsini ailələrinə də göndərə bilirlər“.

“Fiziki qüsurlu məhkumlar vaxtından əvvəl azadlığa qovuşmalıdır“

Onu da əlavə edək ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib ki, Azərbaycanda xəstə və əlil məhkumların vaxtından əvvəl azadlığa buraxılması istiqamətində iş aparılır. Onun sözlərinə görə, bu məqsədlə PX-də rəis müavini Hüseyn Əlixanovun sədrliyi ilə komissiya fəaliyyət göstərir. Nazir müavini əlavə edib ki, xəstə və əlil məhkumların və onların ailə üzvlərinin müraciətləri komissiyada araşdırılır, məhkumun cəza çəkdiyi müəssisə rəhbərinin rəyi öyrənildikdən sonra məhkumun vaxtından əvvəl azadlığa buraxılması barədə rəy verilir. Quliyev həmçinin penitensiar müəssisələrdə saxlanılan xəstə və əlil məhkumlara xüsusi diqqət yetirildiyini, onların müalicəsi üçün bütün mümkün imkanlardan istifadə olunduğunu deyib. Xidmət rəisi cəzaçəkən xəstə və əlil məhkumların şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin davam etdirildiyini bildirib: “Bizdə bu məsələlərlə bağlı komissiya yaradılıb. Həmin məhkumların ailələrinin xahişləri, məhkumların şikayətlərinə baxılır. Çalışırıq ki, şəraiti daha da yaxşılaşdıraq. Azərbaycanda Penitensiar Xidmət əməkdaşlarının məhkumlarla münasibəti çox yaxşıdır. Hətta beynəlxalq qurumlardan monitorinqə gələn nümayəndələr də buna heyran olurlar. Bu da bizim mentalitetimizdən irəli gəlir. Avropa və Amerikada belə münasibət yoxdur“. Hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov isə bildirib ki, vaxtından əvvəl azdlığa buraxılma adətən çarəsiz məhbuslara şamil olunur: “Hər halda, burada çarəsiz xəstə məhbuslardan söhbət gedir. Məsələ ondadır ki, çarəsiz xəstəlikdən əziyyət çəkən məhbuslarla bağlı xüsusi komissiya fəaliyyət göstərir. Yəni o cür məhbuslar evində vəfat etmək üçün buraxıla bilər. Bütövlükdə, əlil və xəstə məhbusların humanizm prinsipləri əsas götürülməklə əfv və digər yollarla azad edilməsi mümkündür. Həmçinin, onları vaxtından əvvəl şərti azadlığa da buraxmaq olar“.

17 nəfər əlil məhkuma ayaq protezləri verilib

Onu da xatırladaq ki, yaxın günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində sosial adaptasiyaya ehtiyacı olan şəxslərin müəyyən edilməsi, qeydiyyata götürülməsi və bu ehtiyacların təmin olunmasına həsr edilən tədbir keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, tədbir “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında“ qanunun tətbiq edilməsi barədə prezidentin fərmanının icrası ilə əlaqədar reallaşıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşəbbüsü ilə Penitensiar Xidmətin tabe qurumlarında cəza çəkən əlil məhkumların protezlərə olan ehtiyaclarının ödənilməsi və müxtəlif zəruri tibbi avadanlıqlarla təchiz olunmaları məqsədilə keçirilən tədbirdə Penitensiar Xidmətin Həbsxanası, 1, 2, 6, 7, 11, 12, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən 17 nəfər əlil məhkuma ayaq protezləri verilib. Eyni zamanda, həmin məhkumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez ortopedik bərpa mərkəzi tərəfindən tibbi avadanlıqlarla da (əsa, çəlik və s.) təmin olunub.
Sevda Zahidqızı
Oxunma sayı 123