Jurnalistdən qaçan baş nazir soyuducu otağında gizləndi - GÜNÜN TƏZADLARI

18:15 11.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Britaniyanın Baş naziri Boris Conson jurnalistin sualına cavab vermək əvəzinə soyuducu otağında gizləndi. Hafta. az yazır ki, Trend-in məlumatına görə, ölkədə dekabrın 12-də baş tutacaq parlament seçkiləri ərəfəsində süd müəssisəsinə baş çəkən baş nazir jurnalistlərlə görüşüb. Müxbirlərdən birinin sualına cavab verməkdə çətinlik B. Conson “Mən bir saniyəyə qayıdıram”, – deyərək köməkçilərinin müşayiəti ilə soyuducu otağına girib.

 

Bərdədə işdən yeni çıxarılan polis adama 8 bıçaq vurdu

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verdi. Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini Muradov Fehruz Novruz oğlu həmyerlisi Allahverdiyev Nicat Vidadi oğlunu bıçaqlayıb. O, N.Allahverdiyevə 8 bıçaq zərbəsi endirib. Yaralı ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan N.Allahverdiyevin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətdiyi deyilən F.Muradov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı olub və bir müddət əvvəl vəzifəsindən azad olunub. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 

Müsavat funksioneri müsavatçı jurnalisti məhkəməyə verdi

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan müsavatçı jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət etdi. Hafta.az yazır ki, "Report"un xəbərinə görə, Binəqədi Rayon Məhkəməsinə verilən xüsusi ittiham qaydasında şikayətdə Yafəz Əkrəmoğlunun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalanması istənilib. Xüsusi ittiham qaydasında şikayət hakim Abbas Rzayevin icraatına verilib. Qeyd edək ki, iddiaya Yafəz Əkrəmoğlunun Müsavat Partiyasının Almaniyada "mühacir alver"ni təşkil etdiyi və bu prosesdə partiyanın rəhbərliyinin iştirak etməsi barədə iddialarla çıxış etməsi səbəb olub. Böhtan əməli sübuta yetirilərsə, onu min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir. Xatırladaq ki, Y.Əkrəmoğlu "Azadlıq" Radiosunun əməkdaşı olub və bir neçə ildir ki, Avropada mühacirətdə yaşayır.

 

Kanadada ilk elektrik mühərrikli uçaq havaya buraxıldı

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tamamilə elektrik enerjisi ilə işləyən təyyarə səmaya qalxdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Harbour Air Seaplanes” şirkəti məlumat yayıb. Qeyd edilir ki, uçuş Şimali Amerikada ən böyük hidroplanların istehsalı üzrə aviaşirkət “Harbour Air”ın və “elektrik aviasiyası sahəsində inqilab" etmiş “MagniX” şirkətlərinin birgə fəaliyyəti sayəsində mümkün olub. Hava maşını hələlik ticarət məqsədi ilə istismara buraxılıb.  Təyyarənin mühərriki 750 at gücünə malikdir. “Bu tarix aviasiyada üçüncü eranın – elektrikin başlanğıcı kimi əlamətdardır", - xəbərdə qeyd edilir. Təyyarəni “Harbour Air” şirkətinin baş direktoru və banisi Qreq Makduqall idarə edib.

 

Məşhur model  bir saatda 4 dükanı soydu

Oğurluq ittihamı ilə tutulan dünyaca məşhur “İnstagram” modeli Monika Marina Aqustino haqqında məhkəmə qərarı çıxdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Avstraliya mətbuatının yaydığı məlumata görə, Sidneydə yaşayan 24 yaşlı Monika bu ilin noyabr ayında oğurluq və narkotik maddələrdən istifadə maddələri ilə tutulub. İstintaq nəticəsində öz maşınında üzü maskalı şəxslərlə birlikdə sahil kənarında yerləşən mağazaların olduğu bölgəyə gələn Aqustinonun bir saat içində 4 mağazanı soyduğu ortaya çıxıb. Geyimlərdən başqa, nağd pul və kredit kartları da oğurlayan Aqustino oğurladığı kredit kartları ilə alış-veriş də edib. Polisin təqibi nəticəsində ələ keçən bir uşaq anası olan Aqustinonun üzərindən narkotik maddələr də çıxıb. Tutularaq həbsxanaya salınan gənc qadınla bağlı məhkəmə ötən günlərdə yekunlaşıb. Nəticədə modelə 24 ay həbs cəzası kəsilib. Məhkəmənin qərarına görə, modelin 18 aydan tez şərti cəzaya keçməsi mümkün olmayacaq. Modelin məhkəmənin qərarından apellyasiya şikayəti edəcəyi gözlənilir.

 

Zaqatalada avtomobil atla toqquşdu

Zaqatalada qəfil yola çıxan at qəzaya səbəb oldu, bir nəfər xəsarət aldı. Hafta.az xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə dekabrın 10-da axşam saatlarında rayonun Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib. Rayon mərkəzinə doğru istiqamətdə hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobilinin qarşısına qəfildən at çıxıb və avtomobil atı vurub. Qəza zamanı at hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - rayonun Danaçı kənd sakini, 25 yaşlı Adilə Rövşən qızı Əhmədova aldığı müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. A.Əhmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.