Kəlbəcər və Laçının iqtisadi potensialı – Müzakirə

12:12 30.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 26-da Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçısı səfər zamanı bir sıra layihələrin təməlini qoydu, bərpa və yenidənqurma işləri ilə tanış oldu. Belə ki, Prezident Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş "Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq "Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub. Dövlət başçısına Laçın rayonunda "Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlət başçısına həmçinin Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Sonra Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoyub, tikilməkdə olan "Çıraq-1” kiçik su elektrik stansiyasında olub.

Bəs, görəsən, Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfərinin iqtisadi cəhətdən hansı əhəmiyyəti var? Bu rayonların mövcud potensialı, hazırda həmin ərazilərdə həyata keçirilən layihələr gələcəkdə ölkə iqtisadiyyatına hansı dvidentləri qazandıracaq?

Bəri başdan deyək ki, Kəlbəcər və Laçın rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun xüsusilə faydalı ehtiyatları, turizm imkanları və kənd təsərrüfatının inkişafı baxımından növbəti mərhələdə regionun əsas investisiya mərkəzlərini təşkil edəcək. Bu rayonlarda aparılan infrastruktur layihələri ərazinin Azərbaycan iqtisadiyyatına inteqrasiyasını qısa zamanda təmin edəcək.

Hər iki rayonun xüsusilə xarici investorları cəlb edəcək imkanları mövcuddur. Kəlbəcərin təbii resursları və turizm potensialı xüsusilə seçilir. Qızıl, xrom yataqları, sənaye əhəmiyyəti civə ehtiyatları ilə zəngin olması Kəlbəcəri xarici investorlar üçün cəlbedici edir. Nəzərə alsaq ki, qeyri-neft sektoru üzrə hazırda qızıl ölkəyə xarici valyuta gətirən əsas üç məhsuldan birini təşkil edir. Üstəlik pandemiya qızılın ən etibarlı aktivlərdən biri olduğunu və növbəti dövrdə də qızılın qiymətinin beynəlxalq birjalarda artmağa davam edəcəyini sübut etdi. Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə Azərbaycanın növbəti dövrdə qızıl ixracını daha da artıracaq. 

Həmçinin, Laçında aqrar, sənaye və turizm sahələrini inkişaf etdirmək mümkün olacaq. Rayon xüsusilə civə yataqları ilə zəngindir və bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə burada mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib. Bu xüsusiyyətlərinə görə Laçın davam edən layihələrin həyata keçirilməsi yaxın zamanda yerli və xarici biznes dairələrinin əsas hədəfini təşkil edə bilər.  

Həm Kəlbəcər, həm də Laçının tarixi abidələrlə zəngin olması bölgəni bir çox turist üçün maraqlı edəcək. Belə ki, Kəlbəcər-Laçın bölgəsi tarixi-mədəni abidələrlə zəngindir. Dünya əhəmiyyətli memarlıq abidələrinə Kəlbəcər rayonunda Gəncəbasar monastırı (XIII əsr), Tərtər çayının sahilində Xudavəng monastırı (XIII-XVII əsrlər) aid edilir. Bölgədə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinə Kəlbəcərin Çıldıran, Qarnakar, Qocaqot kəndlərində alban məbədləri, ilk və orta tunc dövrünə aid yaşayış yerləri, Qubadlı rayonunun Əliquluuşağı kəndində Göyqala (V əsr), Mağara məbədi, Balalıəsənli kəndində sığınacaqlar (IV əsr), Laçın rayonunda Cicimli kəndində türbələr (XIV və XVIII əsrlər), kurqanlar (Dəmir dövrü), Qoçaz kəndində Mağara məbədi (V əsr), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalası (XII əsr), Məmmədbəyli kəndində səkkizguşəli türbə (XIV əsr) aid edilir. Kəlbəcər-Laçın bölgəsində həmçinin, yerli əhəmiyyətli tarixi-mədəni abidələr də çoxdur (məscid, məqbərə, qədim yaşayış yerləri və s.). Bütün bunlar isə yaxın gələcəkdə Azərbaycanı təkcə bölgənin deyil, dünyanın turizm istiqamətlərindən birinə çevirəcəyinə şübhə yaratmır. Üstəlik bölgə kənd təsərrüfatı, o cümlədən də heyvandarlıq və əkinçilik üçün də geniş imkanları özündə cəmləşdirir. Bütün bu sahələrə investisiyaların cəlbinə imkan yaradacaq infrastruktur layihələrinin böyük qisminə artıq start verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov da Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərini hafta.az-a şərh edərkən bildirib ki, Kəlbəcər və Laçında həyata keçirilən işlər bərpa və yenidənqurma prosesinin qısa zamanda həyata keçirilməsi və daha intensiv şəkildə infrastrukturun formalaşdırılmasına imkan verəcək.

Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün həm nəqliyyat, həm də logistika xidmətlərinin formalaşdırılmasına ehtiyac var idi ki, növbəti mərhələdə daha qısa zamanda məskunlaşma prosesinə başlaya bilək: “Kəlbəcər və Laçının iqtisadi potensialı kifayət qədər böyükdür. İntensiv infrastrukturun formalaşdırılması həmin bölgələrimizin Azərbaycan iqtisadiyyatında payının artmasına imkan verəcək. Keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonu, hazırkı Şərqi Zəngəzur iqtisadi rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatındakı payı 27 il ərzində cüzi olub. Azərbaycan iqtisadiyyatının cəmi 0,6 faizini formalaşdırıb. Bu isə əsasən həmin rayonların digər bölgələrimizdə fəaliyyət göstərən müəssisələri hesabına baş verib. Lakin işğaldan əvvəlki dövrün Kəlbəcər və Laçın iqtisadiyyatı göstərir ki, bərpa və yenidənqurma mərhələsindən sonra bu rayonlarımızın Azərbaycan iqtisadiyyatının 4 faizini formalaşdırmaq imkanı var”.

Millət vəkili qeyd edib ki, Kəlbəcər Cənubi Qafqazda azsaylı bölgələrdəndir ki, fasiləsiz turizm xidməti təklif etmək imkanı var. Bura yay-qış, tarixi, dini, sağlamlıq turizm imkanları daxildir. Bu isə turistlərin cəlb edilməsi, fasiləsiz turizm xidmətinin təklif edilməsi baxımından vacibdir: “Hazırda bu ərazilərin investisiya imkanları genişlənib. Bu, yerli və xarici investorlar üçün maraqlı olacaq. Xarici investorlar üçün bərpa-yenidənqurma mərhələsindən sonra Kəlbəcərdə sərmayə qoyuluşunun həyata keçirilməsi cəlbedici olacaq. Bu ərazinin zəngin və faydalı ehtiyatlarının işlənməsinə xarici investorların cəlb edilməsi həyata keçiriləcək. Türkiyə şirkəti ilə bu istiqamətdə anlaşmalar var. Gözlənilir ki, növbəti mərhələdə daha çox xarici investisiyanın sənaye məhsullarının istehsalına cəlb edilməsi mümkün olacaq”.

Vüqar Bayramovun sözlərinə görə, Laçın aqrar və turizm, eləcə də təbii ehtiyatlar baxımından seçilən bölgələrimizdəndir. Burada beynəlxalq aeroportun inşası və istifadəyə verilməsi daha çox turistin bölgəyə səfər etməsi, həmin ərazilərimiz vasitəsilə daha çox yükdaşımaların həyata keçirilməsinə imkan verəcək: “Hər iki rayonun Azərbaycanın qeyri-neft istehsalına da xüsusi töhfə verməsi gözlənilir. Bütövlükdə Kəlbəcər və Laçın növbəti dövrlərdə işğaldan azad olunmuş ərazilərimiz baxımından iqtisadi inkişafın drayverlərindən birinə çevriləcək. Bərpa və yenidənqurma prosesindən sonra qısa zamanda hər iki rayon Azərbaycan iqtisadiyyatının böyüməsinə, xüsusilə də qeyri-neft sektorunda drayverlərdən biri kimi çıxış edəcək”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirli də hesab edir ki, adıçəkilən rayonların çox böyük iqtisadi potensialı mövcuddur: “Bu potensialı əsas 3 istiqamətdə qruplaşdırmaq olar. Birincisi, bu ərazilərdə aqrar sektorun inkişafı üçün geniş imkanlar var. Bu rayonların əhalisinin böyük əksəriyyəti vaxtilə heyvandarlıqla məşğul olub. Təbii ki, bu istiqamətdə ciddi nəticələr əldə etmək üçün həmin ərazilərə əhalinin böyük köçü reallaşmalıdır. Digər tərəfdən bölgənin çox geniş turizm potensialı var və bu sahədə ölkə iqtisadiyyatına ciddi tövhələr verə bilər. Ümumilikdə, bu iki rayon və Şuşa turizm üçün ən əhəmiyyətli rayonlardır. Hazırda bu ərazilərdə infrastrukturun yaradılması, kommunikasiyaların qurulması prosesi gedir. Eyni zamanda, bu bölgələr təbii sərvətlərlə də zəngindir. Bu ərazilərdə qızıl, mis yataqları var, mineral su ehtiyatları mövcuddur və.s. Prezident də budəfəki səfərində Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoydu. Bu təməlqoyma düşünürəm ki, çox böyük iqtisadi, həm də mənəvi əhəmiyyət daşıyır və gələcəkdə ölkə iqtisadiyyatına öz tövhəsini verəcək”.

Oxunma sayı 137