Kənd təsərrüfatının inkişafı məşğulluq səviyyəsinin yüksəlməsi deməkdir - EKSPERT

14:05 18.01.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu gun iqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolu var. Sevindirici hal ondan ibarətdir ki, ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur. Bu müsbət haldır. Statistikaya görə, ötən il kənd təsərrüfatı təxminən 7 faiz artıb. Xüsusilə bitkiçilikdə bu artım daha böyük, təqribən 10 faizdən çox olub. Bu da görülmüş işlərin nəticəsidir”. Bunu hafta-az-a açıqlamasında iqtisadçı-alim Əli Əlirzayev bildirib.

Onun sözlərinə görə kənd təsərrüfatının inkişafı həm də ölkədə məşğulluq səviyyəsinin yüksəlməsi deməkdir: “Məsələn, hazırda Azərbaycanın inkişaf modeli əməktutumlu sahələrlə bağlıdır. Bu o deməkdir ki, daha çox insan əməyinə əsaslanan sahələrin inkişaf etdirilməsi lazımdır. Belə sahələrin başında isə pambıqçılıq gəlir. Nəticədə daha çox əməkçinin işlə təmin olunmasına şərait yaranır. Yəni, pambıqçılıq elə bir sahədir ki, orada hərtərəfli əməktutumlu imkanlar olduğuna görə çoxsaylı işçi qüvvəsinə tələbat artır. Bu səbəbdən bölgələrdə çoxsaylı insanın sosial vəziyyəti, güzəranı yaxşılaşır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın pambıq istehsalı ilə bağlı öz ənənələri var. Təbii ki, bu gün ənənəvi sahələrin dirçəldilməsi regionların sosial-iqtisadi inkişafına müsbət təsir edəcək. Əhalinin məşğulluq səviyyəsinin artmasına təsir göstərəcək”.

Ə.Əlirzayev habelə deyib ki, kənd təsərrüfatının inkişaf etditilməsinə paralel olaraq emal müəssisələri də işlək vəziyyətə gətirilməlidir: “Burada bir problem var. Problem odur ki, aqrar sahədə istehsalı artsa da, onun emal dərəcələri bizdə arzuolunan səviyyədə deyil. Yəni aqrar sektorda istehsalı artırmaqla yanaşı, emalı və bundan müxtəlif məhsulların istehsalını təşkil etməliyik. Bunu edə bilsək, o zaman daha çox gəlir əldə edəcəyik. Bunun sayəsində daha çox insan işlə təmin ediləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı növbəti dövrdə kənd təsərrüfatı emalına böyük diqqət göstərilməsinin vacibliyini önə çəkib: “Bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvə - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır. Yəni, özəl sektor onsuz da bu işləri görür, yəni öz vəsaiti hesabına bu işləri görməlidir. Bizdə keçən il üzüm istehsalı kəskin artıb. Bunun da başlıca səbəbi bu sahəyə dövlət dəstəyinin olmasıdır. 25 faiz artıb və 190 min tondan çox üzüm yığılıb. Son illər ərzində bu, ən böyük rəqəmdir və bilavasitə bunun şərabçılığa böyük təsiri olacaq və biz bunu görürük. Şərabçılıq da ixracyönümlü məhsuldur. Yəni, bazar olmadan biz şərabı sata bilməyəcəyik. Ona görə biz bəzi dost ölkələrlə bu istiqamətdə işlər aparmışıq. Bəzi ölkələrdə kvotalar var, idxal kvotaları var və biz bu kvotaları əldə etmişik. Ona görə bu gün Azərbaycan şərabı bir çox ölkələrdə satılır və bunun həcmi artmalıdır. Mən hesab edirəm ki, şərabçılıq üçün bazarlarla bağlı problem olmayacaq. Çünki ənənəvi bazarlar var və yeni, misal üçün, Çin kimi böyük bazar var. Azərbaycan şərabları artıq ora ixrac edilir. Tütün istehsalı bizdə son illər ərzində artıbdır - dövlət dəstəyi hesabına qurutma kameraları, subsidiyalar, digər tədbirlər. Keçən il Azərbaycanda böyük siqaret fabriki açılmışdır. Yəni, biz daxili tələbatı yerli istehsal hesabına təmin etməliyik, mövcud olan siqaret fabriki yenidən qurulub. Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir. Baramaçılıq bizdə demək olar ki, tamamilə itirilmişdi, 2015-ci ildə cəmi 200 kiloqram barama yığılmışdı. Ancaq keçən il 630 ton oldu. “Şəki İpək” fəaliyyət göstərməyə başladı, orada yüzlərlə insan işləyir. İpəkçiliklə bağlı düşünülmüş konsepsiya olmalıdır. Pambıq istehsalı da keçən il rekord həddə çatıb - 294 min ton. Məhsuldarlıq 29,4 sentner, yəni, 30 sentnerə yaxındır. Sovet dövründə cəmi iki, ya üç il ərzində bu dərəcədə məhsuldarlıq olmuşdu. Bu da emal sənayesini dəstəkləyən sahədir. Artıq iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir. Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır məhsul. Ona görə bu məsələlərlə bağlı və elektron kənd təsərrüfatı proqramı artıq nazirlik tərəfindən icra edilir”.