Kənd və qəsəbələr inkişafdan geri qalmamalıdır - TƏHLİL

11:15 13.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, bu məsələdə yerli məmurların üzərinə çox böyük məsuliyyət düşür

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət üçün əsas prioritetlərdən biridir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu məsələyə toxunaraq bəyan edib ki, vətəndaşların problemləri öyrənilməli, rayonlarda abadlıq-quruculuq işlərinə diqqət yetirilməli, mövcud obyektlərin işlək vəziyyətdə olmasına nəzarət edilməlidir.

Yeri gəlmişkən, təxminən bir ay öncə ölkə Prezidenti Yevlax Şəhər İcra Hakimiyyəti və Xaçmaz Rayon İcra Hakimiyyətinə yeni təyinat alan başçıları qəbul edərkən də yerlərdəki problemlərlə bağlı düzgün təhlil aparılması barədə tapşırıq verdi. Dövlət başçısı bəyan etdi ki, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq: "Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək".

Xatırladaq ki, ölkəmizdə 2004-cü ildən bəri davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş dövlət proqramları qəbul edilir. Burada əsas məqsəd regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafının təmin olunması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, eləcə də yoxsulluğun aradan qaldırılmasıdır.

Təhlillərə görə, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Fərmanda da qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən İqtisad Universitetinin professoru Əli Əlirzayev deyib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları 15 ildir ki, icra olunur: “2004-cü ildə ilk proqram qəbul ediləndə regionların problemləri və regionların inkişafı ilə bağlı tələblər də fərqli idi. Bu illər ərzində etiraf edək ki, çox şey dəyişib. Demək olar ki, regionlar tamamilə yeni simadadır. Amma bununla yanaşı problemlər tam həllini tapmayıb. Ona görə də hazırda 4-cü proqram icra olunur. Yəni, rayonların sosial-iqtisadi inkişafı məsələləri daima diqqət mərkəzindədir. Məsələn, regionlarda turizm resursları zəngindir. Həmçinin regionlarda ev təsərrüfatları, fermer təsərrüfatları inkişaf edir, yeni iş yerləri açılır. Amma dövlət başçısının da vurğuladığı kimi, bu inkişaf bütün kəndləri, qəsəbələri əhatə etməlidir. Bu məsələdə yerli məmurların üzərinə çox böyük məsuliyyət düşür. Onlar hər bir problemi düzgün təhlil etməlidirlər. Məsələn, bu gün regionlarda sənaye zonaları yaradılır. Hər bir region üzrə sənaye zonalarının yaradılması inteqrasiya, təsnifat və təmərkküzləşmə baxımından mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycanda bildiyiniz kimi, 11 iqtisadi region var. Bu regionların hər biri üzrə sənaye zonalarının yaradılması daha yaxşı nəticələr verəcək. Hər bir regionun iqlim şəraiti, potensialı, resurslarına uyğun olaraq müxtəlif sahələr üzrə sənaye zonaları yaradılmalıdır. Ona görə də düşünürəm ki, regionlar üzrə sənaye zonalarının yaradılması düzgün siyasətdir. Bu tendensiya istehsalın mərkəzdən əyalətlər qismində kənara yayılmasına, belədə bölgələrin daha da inkişafına  müsbət təsir göstərəcək. Nəticədə ümumi istehsal prosesində regionların çəkisi nəhayət ki, artacaq. Həmçinin yeni iş yerlərinin açılması demək olacaq. Regionlara bu fonda xarici bazarlara sərbəst çıxmalarına, istehsalı özlərinin müəyyənləşdirməsinə imkan yaranacaq”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, indiyədək icra olunan dövlət proqramları regionlarda infrastrukturun inkişafına imkan yaradıb: “Artıq regionların inkişafı üzrə birinci mərhələnin yekunlaşdığını söyləmək olar. Bu, infrastrukturun formalaşması və inkişaf etməsini, o cümlədən nəqliyyat infrastrukturunun inkişaf etməsini əhatə edir. Ötən müddətdə xüsusən balanslı iqtisadiyyatın formalaşması üçün regionla Bakı arasında fərqin azalması müşahidə olundu. Bu fərqin aradan qaldırılması zaman tələb edir və mərhələli şəkildə Bakı ilə regionlar arasında fərqin aradan qaldırılmasına ehtiyac var. Əslində məqsəd də balanslı iqtisadi inkişafa nail olmaq idi. Təbii ki, növbəti mərhələdə son illərdə formalaşmış infrastrukturun daha çox dəyərə transfer edilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var. Yəni, infrastruktur formalaşdırılıb, bazara çıxış imkanları var, xarici investisiyaların cəlb edilməsi üçün imkanlar yaradılıb. Artıq regionların inkişafı özünü daha çox sərmayələrin, eləcə də özəl sektorun iştirakı hesabına yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsinə ünvanlanmalıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan prezidentinin rayonlara səfəri zamanı yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında qoyduğu əsas tapşırıqlardan biri xarici sərmayələrin cəlb edilməsi ilə bağlıdır. Mövcud infrastruktur xarici sərmayənin cəlb edilməsinə imkan yaradır. Bu istiqamətdə investisiya mühitinin daha da yaxşılaşdırılması və xarici investisiyaların cəlb edilməsinə ehtiyac var.  Nəzərə alınmalıdır ki, artıq regionlarda özünüməşğulluq proqramları da tətbiq edilməyə başlanılıb, bu proqram dövlət büdcəsindən maliyyələşdirilir. Ünvanlı sosial yardım proqramının özünüməşğulluq proqramına transfer edilməsi də əsas səbəblərdən biridir. Bununla yanaşı, dövlət büdcəsinin dəstəyi ilə bərabər, qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi hesabına biznesin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması vacibdir”.

Oxunma sayı 75