“Kənddən Şəhərə” yarmarkası – razı qalanlar da var, narazılar da... - REPORTAJ

17:11 20.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Hər il olduğu kimi bu il də Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” yarmarkaları fəaliyyətə başlayıb. Yarmarka 30 dekabr tarixinədək Bakı və Abşeron ərazisində vətəndaşların xidmətində olacaq. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer öz təsərrüfatlarının məhsulları ilə iştirak edirlər.

Bu müddət ərzində yarmarkada fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək. Hafta.az-ın əməkdaşı yarmarkadakı məhsullar, qiymətlər və digər məqamlarla bağlı üz tutdu  Nərimanov rayonu ərazisindəki təşkil olunan ünvana.

İlk öncə nəzərinizə çatdıraq ki, ötən illərdə olduğu kimi, bu dəfə də pandemiya ilə bağlı qabaqlayıcı tədbirlər məqsədilə yarmarkanın girişində vətəndaşların hərarəti ölçülür, nəzarətçilər tərəfindən dezinfeksiyaedici maddə təklif olunur. Bundan başqa, yarmarka çadırının daxilində bir neçə fərqli nöqtədə dezinfeksiyaedici məhlullar quraşdırılıb. Satıcılar tibbi maska və əlcəkdən istifadə edirlər. 

Hələ yenicə fəaliyyətə başlamasına baxmayaraq artıq bura gələnlərin sayı kifayət dəqər çox idi. Yarmarkada, meyvə-tərəvəzdən tutmuş, çərəzlərə və şorabaya qədər bütün növ kənd təsərrüfatı məhsullarının satışı təşkil edilir. Qısa müddət əvvəl bal yarmarkası keçirildiyindən indi ayrıca arıçılıq məhsullarının yer aldığı stendlər quraşdırılmayıb.

Daha sonra, Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndəsi Qalib Bəhramov bizi maraqlandıran sualları cavablandırdı.

O, bildirdi ki, Kənddən Şəhərə Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla baş tutur:

“Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə əvvəlcədən dezinfeksiya işləri aparılıb, həmçinin yarmarkanın fəaliyyəti boyunca tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Mütəmadi olaraq fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar”.

Qurum rəsmisi onu da söylədi ki, Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir:

“Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib”.

Müsahibimizin sözlərinə görə, indi vətəndaşlar aldıqları məhsulun keyfiyyətindən elə yerindəcə əmin ola bilərlər. Bunun üçün yarmarkanın kənarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən səyyar qida laboratoriyaları qurulub. Bu sayədə hər bir vətəndaş laboratoriyaya yaxınlaşıb aldığı məhsulun keyfiyyət göstəriciləri ilə tanış ola bilər. 

İlkin məlumatları aldıqdan sonra, yarmarkanı gəzməyə və mühitlə tanış olmağa davam etdik. Satıcıların sözlərinə görə, qiymətlər market və mağazalara nisbətən daha ucuzdur. Bu da məhsulun birbaşa fermer tərəfindən, vasitəçi olmadan satışa çıxarılması ilə əlaqələndirilir. Ancaq gəl gör ki, alıcılar heç də bütün məhsulların ucuz olması ilə razı deyillər.

Həmsöhbətimiz Bəsti xanım deyir ki, meyvə almaq üçün bura baş çəkib, lakin mandarin və bu kimi sitrus meyvələrinin qiymətində elə də fərq görmür:

“Hələ dekabrın 31-nə çox var. Ona görə də bayram süfrəsi üçün alış-verişi sonraya saxlamışıq. Gəldim ki bir az mer-meyvə alım. Düşündüm qiymətlər daha ucuz olar. Düzdür, əksər  məhsulların, tərəvəzlərin, qoz və fındığın qiyməti mağazalara baxanda “şükürlü”dür. Amma mandarinin qiyməti marketdə də 1.50-2 manat arasıdır burada da”.

Yeri gəlmişkən deyək ki, məhsulların 1 kiloqramına görə satış qiyməti belə idi:

Soğan – 0.45 AZN

Kartof – 0.80 AZN

Mandarin – 1.20-2 AZN

Nar – 1.50-2 AZN

Xurma – 1 AZN

Fındıq – 5 AZN

Qoz – 5 AZN

Qoz ləpəsi – 8-14 AZN

Ərik qurusu – 14 AZN

Kişmiş – 6 AZN

Kivi – 2-2.20 AZN

Heyva – 1.20 AZN

Alma(ağ və qırmızı) – 1-1.30 AZN

Nehrə yağı – 12 AZN

Şor – 3 AZN

Pendir – 6 AZN

Qaz əti – 10 AZN

Çolpa – 6 AZN

Toyuq – 5 AZN

Lənkəran rayonundan yarmarkaya qatılan fermer Rəftarə xanımın önündəki stendi kivi, limon, “yapon qozu”, turşular, cem və mürəbbələr bəzəyirdi. Fermer deyir ki, ötən illərdə də eyni məhsullar ilə müxtəlif yarmarkalara qatılıb və bəhrəsini görüb:

“Əvvəlki illərdə satış yaxşı olub. Nə gətirirdiksə hamısını sata bilirdik. Bu gün isə hələ təzə başlamışıq. İnanıram ki, yenə elə olacaq”.

Fermer Qəhrəman İbrahimov:

“Astara rayonunun Maşxan kəndindən gəlmişəm. Satışa sitrus məhsulları çıxarmışam. Əsas işim arıçılıqdır.  Ancaq daha əvvəl bal yarmarkası keçirildiyinə görə, hamı kimi biz də balların çox hissəsini satıb qurtarmışıq. Mer-meyvəyə təlabat var. Hələ ki birinci gün olduğuna görə, insanların çoxu yarmarkadan məlumatsızdır. Elə hesab edirəm ki, medianın da dəstəyi ilə tezliklə hamı xəbər tutacaq”.

Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçirilir:

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)

Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Oxunma sayı 114