Alimlər ketogenik pəhrizin anoreksiyanı müalicə edə biləcəyini deyirlər.
Hafta.az-ın “News Medical”a istinadən yazdığına görə, tərkibində aşağı karbohidratlar, kifayət qədər protein və yüksək yağlar olan ketogenik pəhriz orqanizmə yağ ehtiyatlarını yandırmağa və beləliklə də arıqlamağa imkan verir.
Bu günə qədər aparılan araşdırmalar göstərir ki, bu pəhriz xərçəng və diabetə də müsbət təsir göstərə bilər.
Digər tərəfdən mütəxəssislər uzun müddət bu şəkildə qidalanmanın ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini də vurğulayırlar.
Son illər alimlər ketogenik pəhrizin yemək pozğunluqlarını müalicə etmək potensialını araşdırırlar.
“Frontiers in Nutrition” jurnalında dərc olunan bir araşdırma aparan komanda ketogenik pəhrizin anoreksiya müalicəsində istifadə edilə bilən bir üsul olduğunu söyləyir. Yeməkdən qaçmaq və artıq çəkili olduqlarını düşünməklə özünü göstərən anoreksiya nervozadan əziyyət çəkən insanlar çox vaxt əslində arıq olurlar.
Müşahidə olunur ki, itirilən çəki geri qaytarılarsa, bədənlərindən narazı olurlar və kökəlmək qorxusu artır.
Anoreksiyada insan ketoz adlanan metabolik dəyişiklik yaşayır və bu zaman enerji mənbəyi kimi qlükoza yerinə keton adlanan cisimlər istifadə olunur. Tədqiqatçılar bu insanların orqanizminə ketonların verilməsinin onların ac qalmalarının qarşısını alacağını düşünür.
Terapevtik ketogenik pəhrizdə bədənə karbohidratlar daxil olmadığı üçün yağların yanması nəticəsində ketonlar əmələ gəlir. Bu yolla alimlər ketozun kökəlmək narahatlığını azaldacağını irəli sürürlər. Ketonlar həmçinin beynin enerji qəbulunu artırır.
Yeni araşdırmada, çəkilərini bərpa edən, lakin yemək pozğunluqları haqqında düşüncələri olan 5 nəfər çəkilərini qorumaq üçün terapevtik ketogenik pəhrizə başladılar. Tədqiqat nümunəsinə əsaslanaraq, tədqiqatçılar iştirakçılara ketamin də verdilər. 8 həftənin sonunda aparılan sorğular yemək pozğunluğu əlamətlərində əhəmiyyətli bir azalma göstərdi.
Tədqiqatçılar, ketaminin tətbiqindən əvvəl də əhəmiyyətli yaxşılaşmanın qeyd edildiyini söyləyirlər.
Tədqiqatlar göstərir ki, ketogenik pəhriz əhval-ruhiyyəni tənzimləmək və anoreksiyanın müalicəsində kilo itkisinin qarşısını almaq potensialına malikdir.
Lakin tədqiqatçılar bunun ilkin nəticələr olduğunu vurğulayırlar. Bundan əlavə, iştirakçıların çox az olması da mühüm məhdudiyyətdir.
Ketogenik pəhrizin yemək pozğunluqlarının müalicəsində göstərə biləcəyi təsirlə bağlı daha çox araşdırmaya ehtiyac var.