“Kinonun, teatrın dəyər verənləri hər zaman olacaq” – Nürəddin Mehdixanlı

14:52 02.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda Milli Kino Günüdür. Azərbaycan kinosunun 121 yaşı tamam olur. Kinomuzun bu günü və sabahı ilə bağlı Xalq artisti Nürəddin Mehdixanlı ilə söhbətləşdik. Xalq artisti hafta.az-a müsahibəsində ümidli danışdı. Kinomuzun sabahının yaxşı olacağına əminliyini ifadə etdi.

-Nürəddin müəllim, bir çoxları hesab edir ki, artıq kinoya və teatra münasibət dəyişib. Sovet dövründəki şöhrətini itirdiyini düşünürlər. Siz də bu fikirdəsiniz, yoxsa…?

-İllər keçdikcə zaman, dünyagörüşü dəyişir. Zamana, ətrafa və ətrafda baş verən hadisələrə münasibətlər də dəyişir. Bir zamanlar teatr ən güclü ideoloji silah idisə, ondan sonra kino ortalığa çıxdı. Daha güclü silaha çevrildi. Sonra televiziya meydana gəldi. Televiziya kinodan da güclü silaha çevrilmək imkanı əldə etdi. Artıq internet əsridir. 21-ci yüzildir. İnsanlar kinodan, teatrdan daha çox sosial şəbəkələrə zaman ayırırlar. İnternet vasitələrindən istifadə edirlər. Bunların hamısını təbii qəbul etmək lazımdır. Yaşamağa haqqı olan sənət yaşayacaq. Həmin sənətlərin, eləcə də kinonun, teatrın dəyər verənləri, qiymətləndirənləri hər zaman olacaq.

-Razılaşırsınızmı, 30-40 il əvvəl ekranlaşdırılan filmlər indi çəkilmir. Keçid dövrünün problemləri keçib getdimi?

-İndi bəzi tamaşaçılarımız gileylənirlər ki, əvvəlki illərdəki filmlər indi çəkilmir. Həmin işlərin bənzərinin olmadığını söyləyirlər. Çəkilən ekran işlərini zəif adlandırırlar və sair. Burada müəyyən dərəcədə haqlıdırlar. Amma keçmiş nostaljidir. Birdə geriyə qayıtmayacağını anladığımız üçün daha dəyərli olur. Gələcəkdə nələrin baş verəcəyindən xəbərimiz yoxdur. Sadəcə gələcək haqqında planlar qura bilərik. Ona görə də bəziləri deyə bilər ki, müstəqillik illərində Azərbaycan kinosunda geriləmə, dayanma halları baş verdi. Bir zamanlar biz böyük bir imperiyanın tərkibində idik. Orada yanaşmalar, sifarişli yaradıcılıq istiqamətləri idi. Biz həmin imperiyanın tərkibindən çıxıb tamamilə müstəqil bir ölkəyə çevrildik. Müstəqil ölkənin də ilkin dönəmlərdə çox ciddi problemləri olur. Ölkənin oturuşması, onun təhlükəsizlik, hərb sisteminin, iqtisadiyyatının oturuşması müəyyən vaxt, zaman alır. Dəyərlər dəyişilir. İdarəçilik sistemində, insanların dünya görüşündə müəyyən dəyişmələr baş verir. Bu da sənət aləmində müəyyən çaşbaşlıq yaradır. Ona görə də məsələlərə bir az başqa rakurslardan baxmaq lazımdır. Kinoya, teatra beş-on il əvvəlki münasibət artıq yoxdur. Çünki dövlət gücləndikcə, özünün iqtisadi potensialını artırdıqca mədəniyyətin ayrı-ayrı sahələrində də daha çox diqqət yetirilməyə başlayır. Hazırda da bu proses gedir.

-Müstəqillik dövründə çəkilən və yaxşı ekran işi adlandıra biləcəyiniz hansı filmlərin adlarını sadalaya bilərsiniz?

-Müstəqillik illərində də kifayət qədər keyfiyyətli filmlər çəkdik. İndi texniki avadanlıqlar yenidir. Köhnələr dəyişdirildi. İndi kinolar yeni avadanlıqlarla çəkilir. Dövlət sifarişi ilə “Hökmdarın taleyi”, “Cavad xan”, “Dolu”, “40-cı qapı” filmləri ekranlaşdırıldı. “İlahi məxluq”, “Məhkumlar”, “Cavid ömrü” kimi bir çox filmlər çəkilib. Bunların hamısı müstəqillik dövrünün filmləridir.

-Bəs tamaşaçılar, kütlə niyə bu filmləri görə bilmir?

-Bir zamanlar kinoteatların, teatrların çoxluğu, ən azından hər bir rayonun özündə yay-qış kinoteatrlarının olması müşahidə edilirdi. İnsanlar da oraya axın edirdilər. Göstərilən filmlərə baxırdılar. İndi bu kimi resurslar – kinoplakat anlayışı olmadığından yeni çəkilən filmlərimizi tamaşaçılar görə bilmir. Bu nöqteyi nəzərdən də deyirlər ki, Azərbaycan kinosunda dayanma olub. Xeyr, yaxşı, maraqlı işlər də var.

-Bəs daha yaxşıları da olacaqmı?

-Şübhəsiz. Daha yaxşıları da olacaq. Çünki dövlət artıq bu sahəyə kifayət qədər maddi resurslar ayırır. Sənət adamlarını mükafatlandırır. Mənzillər, evlər, fəxri adlar verilir. Dövlət bu prosesi stimullaşdırır. Hesab edirəm ki, gələcəkdə daha yaxşı işlərimiz olacaq. Mən də fürsətdən istifadə edib bütün ömrünü, həyatını bu gün 121 yaşı olan Azərbaycan Milli Kinosunun inkişafına həsr edən bütün insanları ürəkdən təbrik edirəm. Onlara can sağlığı, sağlamlıq, uğurlar arzulayıram. Hesab edirəm ki, hər şey daha yaxşı olacaq. Sabahın bu gündən daha yaxşı olacağına inanıram. Azərbaycan xalqı kifayət qədər güclü və istedadlıdır. Bu xalq yenidən bir sıçrayış edəcək. Bilirsiniz, təbiətdə də qabarmalar və çəkilmələr var. bir zamanlar Xəzər də çəkilib çıxıb getmişdi. Sonra Xəzər yenidən öz yurd-yuvasına qayıtdı. Yəni, çəkilmələrin arxasınca həmişə bir qabarma gəlir. Düşünürəm ki, Azərbaycanda sənət sahəsində də həmin qabarma artıq görünməyə başlayıb. Hər şey yaxşı olacaq.