Kirayə mənzil mexanizmi nə zaman işə düşəcək?- Açıqlama

13:02 06.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu il Prezident İlham Əliyev yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə kirayə mənzillərin daimi olaraq uzun müddətə verilməsi haqqında sərəncam imzaladı. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bununla bağlı saytında (https://mcgf.az/) bölmə yaradılıb. Və bu bölmədə şərtlər barədə məlumat almaq mümkündür.

Kirayə mənzillərin alınması üçün yalnız Azərbaycan vətəndaşı olan şəxslər  müraciət etməlidirlər. İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsinin alınması üçün kirayə üçün müraciət olunmalıdır. Belə ki, yaşayış sahəsinin verilməsi üçün yaşayış sahəsi almaq istəyən şəxsin kirayə müqaviləsinin bağlanılması məqsədilə müraciəti, habelə ərizəçinin ailə üzvlərinin müraciəti yalnız “ASAN Xidmət” mərkəzlərindən birində əldə edilmiş gücləndirilmiş elektron imza sertifikatı ilə “Elektron İpoteka və Kredit Zəmanət” sistemində (elektron sistem) yaradılan elektron kabinetdə müvafiq ərizə-anket formasının doldurulması vasitəsilə edilir. Müraciətlər real vaxt rejimində elektron sistemdə qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. İkinci mərhələdə bu müraciətə baxılır. Təhlilin nəticəsinə əsasən, ərizəçinin kredit tarixçəsi “müsbət”, “qənaətbəxş” və ya “mənfi” olaraq qiymətləndirilir:

Üçüncü mərhələdə kirayə yolla mənzil əldə etmək istəyən ərizəçinin gəlirləri təhlil edilir. Gəlirlərinin təhlili onun aylıq məcmu gəlirləri əsasında həyata keçirilir. Ərizəçinin aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Bu cür gəlirlərə əmək haqqı, sahibkarlıq (ən azı son 12 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır) və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, əmək pensiyaları, sosial müavinətlər, alimentlər və sair gəlirlər aid ola bilər. Ərizəçinin gəlirləri elektron sistem vasitəsilə əldə edilən məlumatlara və ya ərizəçi tərəfindən görüş zamanı təqdim edilən vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, onun orta aylıq gəlirləri ərizəçinin gəlirlərinin təhlili ilə eyni qaydada hesablanır və ərizəçi ilə həmin ailə üzvünün orta aylıq gəlirinin cəmi ərizəçinin orta aylıq gəlirini təşkil edir.

Dördüncü mərhələdə kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsi həyata keçirilir. Ərizəçinin kirayə müqaviləsi üzrə aylıq ödənişinin maksimal məbləği onun xalis orta aylıq gəliri əsasında müəyyən edilir. Ərizəçinin xalis orta aylıq gəliri hesablanarkən onun orta aylıq gəlirindən aşağıdakı    xərclər çıxılır. Buraya ölkə üzrə yaşayış minimumu məbləği nəzərə alınmaqla ərizəçinin və onun ailə üzvlərinin saxlanması üçün xərclər, ərizəçinin kredit təşkilatlarından aldığı kreditlər, o cümlədən kredit xətləri üzrə icra olunmamış öhdəlikləri və zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər üzrə ödəniş cədvəlində müəyyən olunmuş aylıq ödənişlər daxildir.

Gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçinin orta aylıq gəlirindən əlavə olaraq ailə üzvünün xərclərində yuxarıda verilən ərizəçinin xalis orta aylıq gəlirinin müəyyən olunduğu qaydaya uyğun olaraq çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri müəyyən edilir.

Əgər müraciət edən evlidirsə, özünün, ailə üzvlərinin yaşayış minimumu, o cümlədən mövcud kredit öhdəlikləri üzrə aylıq ödənişlərin məbləği çıxılaraq hesablanır.

Kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Kredit tarixçəsi “müsbət”dirsə, subay şəxsin xalis orta aylıq gəlirin 50 faizi  götürülməklə ödənişə cəlb olunacaq, evli şəxsin isə xalis orta aylıq gəlirin 70  faizi götürülməklə ödənişə cəlb olunacaq. Kredit tarixçəsi “qənaətbəxş” qiymətləndirildikdə subaylardan xalis orta aylıq gəlirin 40 faizi, evlilərdən  xalis orta aylıq gəlirin 80 faizi götürülməklə aylıq ödəniş müəyyən ediləcək.

Kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə  subay şəxsin xalis orta aylıq gəlirinin 30 faizi, evli olduqda  xalis orta aylıq gəlirin 70 faizi götürülməklə müəyyən ediləcək.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği müəyyən edilərkən nəzərə alınır ki, kirayə müqaviləsinin müddəti ilə ərizəçinin və ya gəlirlərinin nəzərə alınması üçün müraciət edən ailə üzvünün ən yaşlısının müraciət anına yaşının cəmi 63 ildən çox olmasın. Məhz bu hesablamalardan sonra kirayə müqaviləsinin bağlanması ilə bağlı müsbət və ya mənfi qərar verilir.

Qərar müsbətdirsə, kirayə üçün yaşayış sahəsinin seçilməsinə başlanılır. Ərizəçi elektron sistemdə 12 aylıq qabaqcadan ödəniş məbləğindən əlavə ödəniş etmək barədə öhdəlik götürdükdə, əlavə ödənişə uyğun olaraq elektron sistemdə daha yüksək aylıq ödənişi olan yaşayış sahələri seçim üçün təklif olunan yaşayış sahələrinin siyahısına əlavə olunur.

Daha sonra kirayə müqaviləsi rəsmiləşdirilir. Bu mərhələdə zəruri sənədlər toplanılır, kirayə müqaviləsi fondun səlahiyyətli nümayəndəsi və ərizəçi tərəfindən imzalanmaqla notariat qaydasında rəsmiləşdirilir. Ərizəçi kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini fonda ödədikdə kirayəçi statusunu qazanır və kirayə müqaviləsi qüvvəyə minir. Yaşayış sahəsi kirayə müqaviləsi qüvvəyə mindiyi andan 3 iş günü müddətində fond tərəfindən kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verilir. Kirayəçi yaşayış sahəsini istifadəyə qəbul edib müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kirayə müqaviləsi üzrə ödənişlərini aparmalıdır.

Kirayə mənzillər minimum 3, maksimum 25 il müddətinə verilir. Son ödəniş tarixinə yaş 63 yaşdan çox olmamalıdır. İlkin ödəniş aylıq ödənişin ən azı 12 misli məbləğindədir və yalnız manatla olmalıdır. Kirayə hüquqlarının ötürülməsi mümkündür və  3 ildən sonra fondla razılaşdırmaqla həyata keçirilə bilər. Vaxtından əvvəl tam ödəniş də  3 ildən tez olmayaraq həyata keçirilə bilər.

İqtisadçı Vüqar Bayramov hafta.az-a açıqlamasında dedi ki, satın almaq məqsədi ilə təklif ediləcək kirayə evlər maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhədlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir:

“Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN xidmət vasitəsi ilə müraciət edə biləcəklər. Bu mənzillər 2013-cü ildən sonra inşa edilən binalardadır və kvadratları da yeni tikililərdəki sahələrə uyğundur. O baxımdan, satın almaq məqsədi ilə mənzilə sahib olan zaman gəlirinizə uyğun kvadrat seçə biləcəksiniz”.

Bəs mexanizm tam nə zaman işə düşəcək?

Hafta.az-ın sorğusuna Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan cavab olaraq bildirilib ki, dəqiq tarix bəlli deyil:

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hazırlıqlarla əlaqədar olaraq kirayə mənzil mexanizminin tətbiqinə bir müddət sonra başlayacaqdır. Mexanizm işə başlayan zaman Fond bu barədə elan verəcəkdir”.

 

Oxunma sayı 65
Sosial rubrikasından digər xəbərlər