KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib - FOTO

14:25 19.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Churros” ictimai-iaşə obyekti fəaliyyətə başlayıb.

KOBİA-dan hafta.az-a bildirilib ki, “Fəvvarələr meydanı”nda yerləşən “Churros”da İspaniya şirniyyatı olan “churros”un hazırlanması və satışı həyata keçirilir. Eyni zamanda, burada müxtəlif çeşiddə çaylar, kofe növləri, kokteyllər və digər sərinləşdirici içkilər hazırlanaraq satılır. Hazırda “Churros”da 5 nəfər işlə təmin edilib.

KOBİA tərəfindən “Churros” ictimai-iaşə obyektinin yaradılmasına konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və sair kimi istiqamətlərdə dəstək göstərilib.

“Churros” şəbəkəsinin genişləndirilməsi və Bakının digər ərazilərində də yaradılması nəzərdə tutulur.

KOBİA mikro və kiçik sahibkarların ölkə iqtisadiyyatında rolunun və məşğulluqda payının artırılması üçün bir sıra biznes təşəbbüslərin və layihələrin reallaşdırılmasına dəstək göstərib. Agentlik dövlət dəstəyi mexanizmləri və öz xidmətləri hesabına startapların və sahibkarların biznes təşəbbüslərinin və layihələrinin reallaşdırılmasına dəstəyini davam etdirəcək.