Köçürülmə ilə bağlı fikir ayrılığı və mübahisəli məqam yoxdur – Millət vəkili

18:43 28.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il Sərəncamı ilə təsdiqlənən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış 4-cü mühim məqsəd kimi qarşıya qoyulub.

Bunu hafta.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:

“Həqiqətən də, qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların qayıdışı təmin olunmalıdır. Elə Sərəncamda da qeyd edilir ki,  Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Lakin, bildiyiniz kimi, 30 illik işğal, üstəlik işğalçının vandal olması, torpaqların hər qarışına mina basdırılması, xüsusən, heç bir hərbi əhəmiyyətə malik olmayan ərazilərdə minalarla mülki əhalini hədəfə alınması fonunda böyük qayıdışın təmin olunması yalnız-tikinti-quruculuq prosesi ilə məhdudlaşmır”.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməlidir. 

“Bilirsiniz ki, kənd yalnız evlərin yerləşdiyi məhəllələrdən ibarət deyil, otlağı, əkin sahəsi, çayı bulağı var və bir kənddə normal yaşayışa təhlükəsiz şərait yaratmaq üçün bu sadaladığım yerlərin hamısından minalar təmizlənməlidir ki, hazırda da azad olunmuş ərazilərdə çevik formada minatəmizləmə prosesi davam edir”.

B.Məhərrəmov hesab edir ki, bundan başqa, Sərəncamda da deyildiyi kimi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Onun sözlərinə görə, quruculuq prosesi sürətlə davam edir. Xüsusən də, bu prosesin ilk başlandığı rayon  Zəngilandır və demək olar ki, proseslər yekunlaşmaq üzrədir.

Deputat bildirib ki, burada layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlığın olması üçün ciddi işlər görülüb.

“Bundan əlavə, böyük qayıdışın uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiyaya nail olunmalıdır və bu proses də sürətlə aparılır. Bütün bunlarla yanaşı, milli prioritetlərdə də nəzərdə tutulduğu kimi, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.

Köçürmənin detallarına gəlincə, aidiyyatı dövlət komitəsi məsələ ilə bağlı daha köklü məlumat verə bilər, lakin, əminliklə demək olar ki, bu sahədə fikir ayrılığı və mübahisəli məqam yoxdur. Bu kateqoriyadan bütün vətəndaşlar dədə-baba torpaqlarına qayıtmaları üçün gün sayır”.

Oxunma sayı 51