Köhnə royal - Hekayə

23:05 25.10.2019
Yazını böyüt
Yazını kiçilt

Günorta işə zəng vurub, anasının ölüm xəbərini verəndə  Asifin  ayağının altından yer qaçdı. Donub key kimi yanındakı insanlara baxdı. Hamı başını aşağı salmışdı. Asif iş yoldaşlarına baxırdı. Sanki onlardan bu xəbərin yalan olduğunu söyləmələrini gözləyirdi. Sonra özünə gəldi. Yox, deyəsən, xəbər yalan deyildi. Başını aşağı saldı, əllərilə üzünü örtüb uşaq kimi hönkürdü.

         Tez iş yerindən çıxıb, taksiyə mindi.  Evə girəndə həyat yoldaşı  ağlaya –ağlaya  qabağına qaçdı. Asifin gözləri  heç kimi görmürdü. Amma hiss edirdi ki, otaq adamla doludur. Donuq baxışlarla ətrafa baxdı. Anasını axtarırdı. Cənazəni otağın ortasında xalçanın üzərinə qoymuşdular. Asif yerə çöküb  anasının soyumuş  bədənini qucaqladı.  Hönkürtüsü ağlaşan qadınların səsini batırdı.

        O, anasına çox bağlı idi. Uşaqlıqdan atasız böyüyən Asif  mehrini anasına salmışdı.  Bu gün o, ən qiymətli insanını itirmişdi. Onun üçün dünya sanki boş qalmışdı. O, anasız necə yaşayacaqdı?

        Qohumları  Asifin qolundan tutub ayağa qaldırdılar. Asif göz yaşlarını saxlaya bilmir, hönkürərək yasa  gələnlərə baxırdı. Ayaq üstə  dayanmağa  iqtidarı yox idi.

         Günlər keçdi.  Anasının üçü ,yeddisi, qırxı  da bu minvalla başa gəldi. Gəlib -gedənlərin sayı   azalmağa başladı.

       Anasından Asifə təkcə  köhnə bir  royal qalmışdı. Röyal qədimi idi,  otağa girəndə hamının  diqqətini  cəlb edirdi. Dilləri də yaxşı işləmirdi, rəngi  qaralmışdı. Asifin həyat  yoldaşı onu neçə dəfə satmaq istəmişdi: “Evimizin  gözəlliyini  korlayır. Ana,  sataq bunu, çox köhnədi,  təzəsini alarıq”, – demişdi qayınanasına. – “Gələn- gedən  soruşur  ki, bu cür gözəl evdə, bahalı  mebellərin  içində  nə əcəb  köhnə royal saxlayırsınız?”.  

“Yox, nə danışırsan?” –qayınanası əsəbiləşmişdi. – “Nə qədər ki, mən sağam,  bu royal  satılmayacaq. Ancaq mən öləndən sonra bu royal evdən çıxa bilər”, – demişdi.

         Asifin anası Nərminə xala bu royalı  çox sevirdi. Bu royal ona  babasından yadigar idi. Almaniyada yaşayan babası  sevimli nəvəsinə   yeddi yaşında  bu royalı hədiyyə göndərmişdi. Ona görə Nərminə xala babasının bu  hədiyyəsini  göz bəbəyi kimi qoruyub saxlamışdı. Düzdür, vaxt, zaman özünü göstərmişdi. Röyal illər keçdikcə rəngini dəyişmiş, solmuşdu. Gözəlliyi, üstündəki naxışları qorunub saxlanmışdı. İllər bu naxışlara toxunmamışdı. Səksənyaşlı bu royal  onun evinin köhnə “sakini”  və otağının yaraşığı idi.  Bu royalı o qədər adam  pulu ilə almaq istəmisdi,ancaq  Nərminə xala  razılaşmamış, evinin bu “ağır çəkili sakinini” heç kimə verməmişdi . Nərminə xala artıq dünyada yox idi. Asifin həyat yoldaşının dili açılmışdı:         

–    Gəlib-gedən var. Royalı sataq  getsin. Evin yaraşığını pozur.

               Asif  hər gün arvadının giley-güzarını  eşitməkdənsə,  köhnə royalı satmağın tərəfdarı idi. Anası öldükdən sonra bu royala daha  da bağlanmışdı. Elə düşünürdü ki,  bu royal satılsa,  anası ilə  bağlı bütün  xatirələri  ömürlük  itirəcək. Hər dəfə işdən gələndə royalın qarşısında dayanar, analı  xatirələr gözünün qabağından kino lenti kimi gəlib keçərdi. Anası musiqi müəlliməsi idi. Bu evə nə qədər uşaqlar gəlib-getmişdi... Bu royalı  nə qədər uşaq səsləndirmişdı... Hələ özü... Axı özü də bu royalda  nə qədər  mahnılar  çalmışdı...  Royalı  satmaq ona çox ağır gəlirdi. Elə bilirdi,  anasının  yadigarını satmaqla onun xatirələrini də satırdı.

 Çox fikirləşdikdən sonra, Asif royalı satmaq qərarına gəldi. ”Mən satmasam, uşaqlar satacaq”, – deyə düşündü. – “Onsuz da köhnə royaldı. Kimin nəyinə lazımdı? Bir az çalıb atacaqlar”.

        Belə düşüncələrlə  köhnə musiqi alətləri  satılan  dükana  gəldi. Burada  onun  tanıdığı  bir qoca  royal ustası  işləyirdi. Salamlaşıb hal-əhval  tutduqdan sonra anasının köhnə royalından bəhs etdi. “Evdə yer tutur, satmaq istəyirəm”, – dedi.

 Usta:

–    Yaxşı, sabah gəlib   baxaram.  

 Asif sağollaşıb evə qayıtdı. Həyat yoldaşına  royalı satmaq üçün  musiqi alətləri satılan dükana getdiyini və sabah  ustanın gəlib baxacağını, qiymət qoyacağını dedi.

Bu söhbətdən  xanımı çox sevindi. Artıq  köhnə, evinə yaraşmayan royaldan canı qutaracaqdı.

     Ertəsi gün Asifin çağırdığı usta  deyildiyi kimi, vaxtında gəlib çıxdı. Kənardan eynəyinin altından   diqqətlə bu alman royalına baxıb, qaşlarını çatdı:

      – Asif, royala söz ola bilməz, qədimi royaldı. Bu yaşıma qədər belə royal görməmişəm. Bu royal qiymətsizdi, – deyib royala yaxınlaşdı. Royalın qapağını  açıb  əlini  rəngi solmuş, qaralmış dillərinə toxundurdu: 

– Kökdən də  düşüb. Deyəsən, heç vaxt köklənməyib. Bəs ananız  bunu necə çalırdı?

    – Bilirsiniz, anama royalı kökləyək deyəndə əsəbiləşirdi. Heç vaxt usta gətirməyə  qoymurdu. Deyirdi, belə yaxşıdı.

   – Niyə  görəsən? Usta öz-özünə sual verdi. Sonra  royalın üst   hissəsini  sökməyə başladı. Nədənsə şübhələnmişdi. Nə axtardığını, deyəsən, bilirdi. Bir neçə saat royalın  içində vurnuxduqdan  sonra qışqırdı:

 – Tapdım! Asif  tapdım! Şirinliyini verəcəksən!

 – Nəyi tapdınız?     

– Ananızın  royalı  satmamasının səbəbini tapdım.

– Bunu bilməyə nə var ki, babasının hədiyyəsi idi.

–    Yox, Asif, səbəb o deyildi. Səbəb royalın simlərinin qızıldan olmasıdı.

Asif eşitdiklərinə inanmadı. Göz bəbəkləri  hədəqəsindən çıxdı:

– Ola bilməz! Bu qədər sim  qızıldan ola bilməz!

– İnanmırsan, gəl özün bax. Usta  royalın içərisində olan yazını ona  göstərdi.

–  Bu royal qiymətsizdI, satıla  bilməz. Qaydalara görə,  yalnız muzeyə verilə bilər. İstehsal tarixinə bax: 1920.  Ölkədə  cəmi on dənə  istehsal olunub. Biri də sizdədi. O dövrdə belə royalları ölkənin ən varlı  insanları alırdı. Ananızın  babası Almaniyada nə işlə məşğul olurdu?

        – Düzü, heç yaxşı bilmirəm. Bircə onu bilirəm ki,  ingilis və alman dillərini yaxşı bilirdi. Çox savadlı adam idi. Səfirlikdə işləyirdi. Tez-tez yerlərini dəyişirdilər. Müxtəlif ölkələrə gedirdi. Amma son zamanlar Almaniyada çalışırdı. Royalı da anama yeddi yaşı olanda  oradan göndərib.

– Görürsən, anan qorxusundan sənə də deməyib.

 – Görəsən, nədən qorxurdu?

–    Qorxurdu ki, hökümət bilər və əlindən alar. Bir vaxtlar Almaniya hökuməti  bu royalları özü axtarışa vermişdi, hətta qəzetdə də çıxmışdı. Royalı təhvil  verənə pul  verirdilər.  Səksəninci  illərdə cəmi  üçünü tapmışdılar. Yeddisi isə hələ də tapılmayıb. Görürsən, dördüncünü mən tapdım. Mənə şirinlik düşür.

Asif də, yoldaşı da, uşaqları da mat-məəttəl qalmışdılar. Həyəcanla  bu qoca ustanı dinləyirdilər. Sevinsinlərmi, gülsünlərmi, bilmirdilər.  Nə edəcəklərini də bilmirdilər. Donub qalmışdılar.

 – Niyə sevinmirsiniz? Evinizdə bu boyda xəzinə var.  Sabah bütün qəzetlər sizdən yazacaq. Bütün dünya sizdən danışacaq. Tanınmış insanlardan biri olacaqsınız . Hökumət bəlkə sizə pul da verdi.

Arvadı:

 – A kişi özünə gəl, noolub sənə, görmürsən deyir pul verəcəklər? Sevinərək Asifi silkələdi.

–    Dayan görüm, səninki də elə pul olsun. Biz  fikirləşərik,  usta.

 Asif arvadının əlini  itələyib ona göz ağartdı. Sonra  usta ilə bir qədər söhbətdən sonra  onu qapıya qədər  yola saldı. Xahış etdi ki, anasının royalı barəsində heç kimə bir söz  söyləməsin. Usta başı ilə razılıq edib,  gülümsəyərək  qapıdan çıxdı. Deyəsən, Asifin qərarından məmnun idi.

Asif  otağa qayıdıb :

–    Biz royalı satmayacağıq. Muzeyə də verməyəcəyik. Bu royal  ömürlük evimizin sakini olacaq. Ona görə ki, o bizim üçün çox qiymətlidi, həm də  anama babasından yadigardı. Anam bu ənənəni qoruyub saxladı. Əgər  anam  nəfsinə hakim olub, ən çətin günlərimizdə belə onu satmadısa, deməli, biz də satmayacağıq.  Biz də bu ənənəyə sadiq qalacağıq. Onu qoruyub-saxlayacağıq. Nəsildən-nəsilə ötürəcəyik...

Otağa sükut çökdü. Asifin qərarını hamı başı ilə təsdiq etdi.

– Əhsən, – deyib Asif  övladlarından məmnun qalaraq  sevincindən kövrəldi  və gözündən axan yaşı  əli ilə  sildi. Bir anlıq  anasınin nəfəsini  hiss etdi..

...Gecə anası Asifin yuxusuna gəldi. Gülümsəyirdi. Deyəsən, babasının yadigarını  satmadığına görə oğluna minnətdarlıq edirdi...

 Məlahət  Hümmətqızı