Komandir gözümün qabağında şəhid oldu – Qazilərimiz danışır

15:42 27.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün 27 sentyabr Anım Günündə Qazilərimiz də Vətən uğrunda canını qurban verən Şəhidlərin ruhunu anıb. O qazilərimiz sırasında Vətən Müharibəsində düşməni lərzəyə salan Eldar Quliyev və Roman Əliyev də var.

Xocavənddə Qırmızıbazar istiqamətində döyüşlərdə iştirak edən II Qarabağ döyüşçüsü, qazi Roman Əliyev hafta.az-a bildirib ki, müharibədən 1 il ötsə də bu günə qədər də müharibənin o dəhşətlərini unutmayıb.

“Biz 30 ildən sonra Qələbə sevincini yaşadıq. Bu 30 ildə hər gün şəhid verirdik. Şükür bu günümüzə ki,  indi Qaqabağ bizimdir”.

Qazi bölük komandiri, Şəhid Amil Şükürovu heç vaxt unutmayacağını deyib.

“Komandir gözünün qabağında şəhid oldu.  İndiyə qədər də onun vurulma anını, onun nəşinin döyüş bölgəsindən necə çıxarılmasını unuda bilmirəm.  O anları heç vaxt unutmarıq da.  Şəhidlər ölməz, Vətən bölünməz. Şəhidlər Xiyabanından gəlirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah bütün Qazilərə şəfa versin.  Allah Şəhid ailələrinə səbr versin. Şəhid ailələrini Xiyabanda gördükcə, adam özünə gələ bilmir.  Amma bu dəfə Ora qürurla getdik. Şəhidlər ölməzdir. Çünki Şəhidlərimizin qanını aldıq”.

Şəhidlər Xiyabanına üz tutan qazi Eldar Quliyev hafta.az-a bildirib ki, ürəyində nə qədər dost itkisinin üzüntüsünü yaşasalar da, bu gün qürur hissi keçirirlər.

“Onunla təsəlli tapırıq ki, döyüş dostlarımızın qanını yerdə qoymadıq.

Cəbrayıl, Füzuli rayonları istiqamətində döyüşən, müxtəlif yaralar alan qazi Eldar Quliyev  bir neçə gün ardıcıl olaraq hərbi hissələr üzrə qruplar halında rayonlarda dəfn olunan şəhidləri ziyarət edəcəklərini deyib.  

“3-4 gündən sonra Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edəcəyik. Biz Şəhidlər Xiyabanlarını ziyarət edərkən kədər hissi ilə yanaşı bir qürur hissi də keçiririk. Çünki şəhidlər ölməzdir, müqəddəsdir. Biz döyüşə Vətən uğrunda şəhid olmağa getmişdik. Biz də o yüksəkliyə çatmağı istəmişdik.  İndi bizim şəhid dostlarımız o zirvədədir. Bizim üçün kədərli olan odur ki, dostlarımız aramızda deyil. Lakin hər kəs də o zirvəyə ucala bilmir”.   

Qazimiz deyir ki, Şəhid dostları haqqında çox xatirələri var. Şəhid ailələrinə onlardan danışacağıq.

“Biz döyüşə necə qatılmağımız, hansı yolları keçməymiz haqqında xatirələri onlarla bölüşəcəyik.  Heç nəyi unutmaq olmaz. Ordakı  gördüyümüz bir anı belə  danşmaq üçün bir ömür yetməz”.

Oxunma sayı 20