Koronavirus İsrail və Fələstini barışdırdı – Günün təzadları

18:14 19.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrail və Fələstin koronavirusa görə barışdılar.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu məlumatı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet tərəflərin koronavirusla mübarizə üçün ümumi qərargah yaratmaq barədə razılaşdıqlarını bildirib.

“Sərt tədbirlər görmək və yüksək səviyyədə əməkdaşlıq lazımdır ki, virusun yayılmasının qarşısı alınsın”, - deyə qəzetə Fələstin hökumətinin adının açıqlanmasını istəmədiyi nümayəndəsi söyləyib.

Qəzetin mənbəyi İsrailin artıq Fələstinə koronavirusu müəyyən etmək üçün 200 test göndərdiyini də açıqlayıb. Bununla bərabər koronavirusa yoluxduğu güman edilən ərəblər İsrail xəstəxanalarına yerləşdirilib.

 

Nazir müavini aparıcının asqırmasına görə canlı yayımdan qaçdı

Qətərin səhiyyə naziri müavininin gözlənilməz davranışı bir dövlət televiziya kanalının canlı yayımının yarımçıq kəsilməsinə səbəb oldu. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki,  nazir müavini  canlı yayıma vətəndaşları koronavirus pandemiyası dövründə dövlət başçısı əmir Təmim bin Həməd əl-Taninin sağlamlıq vəziyyəti ilə əlaqədar sakitləşdirmək məqsədilə çıxıb.  Video-görüntülərdən yüksək çinli məmurun tele-aparıcının sualını cavablandırdığı bəlli olur.  Ancaq jurnalist bircə dəfə asqıran kimi nazir müavininin dərhal  panika içərisində yerindən qalxaraq, yəqin ki, koronavirusa yoluxmaq qorxusundan aradan çıxdığı görünür.

 

ABŞ-da nəhəng bulud sakinləri qorxutdu

Amerikanın Rod-Aylend ştatının sakinlərini qeyri-adi təbiət hadisəsi dəhşətə gətirdi. Hafta.az-ın Musavat.com-a istinadla yazdığına görə, “Daily Star” xəbər verir ki, günbatana doğru insanlar onların üzərinə nəhəng buludun yaxınlaşdığını görüblər. Şahidlər uzunluğu yüzlərlə kilometr olan bu qorxulu “səma divarını” lentə almağa nail olublar. Koronavirus səbəbindən əsəbləri gərgin olan insanlar bunu “qiyamətin əlaməti” adlandırıb. Sosial şəbəkələrin bir çox istifadəçisi hökumət üzvünün hərəkətlərini gülünc hesab edib və video-yazıya kəskin şərhlər yazıblar.

 

Neftçalada çay evində sahibinin meyiti tapıldı

Neftçala rayonunda çay evində kişi meyiti aşkarlandı.

Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə martın 17-si saat 11:30 radələrində rayonun “Mədəniyyət və İstirahət parkı”nda yerləşən çay evində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Abduləzim Mirzəyev icarə əsasında işlətdiyi çay evində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Konqresin iki üzvü də koronavirusa yoluxdu

ABŞ Konqresinin üzvü, Yuta ştatından olan demokrat Bencamin Makadams da koronavirusa yoluxdu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Konqres üzvünün yaydığı açıqlamada bildirilir. “Vaşinqtondan Kolumbiya dairəsinə qayıtdıqdan sonra məndə soyuqdəymənin əlamətləri müşahidə edildi”, - deyə o bildirib və əlavə edib ki, xəstəlik sonra güclənib. "Çərşənbə axşamı həkimim mənə COVID-19 testindən keçməyi təklif etdi və bundan sonra yerli klinikaya getdim. Bu gün bildim ki, testin nəticələri müsbətdir", - Makadams vurğulayıb. Daha əvvəl ABŞ konqresmeni Mario Dias-Balart (Florida ştatından respublikaçı) ölkənin qanunverici orqanının koronavirusun aşkarlandığı ilk üzvü olub.