Kreml geri dönmək istəyən xarici şirkətlərə şərt qoydu

10:07 25.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya baş nazirinin müavini Denis Manturov ölkəni tərk edən xarici şirkətlərin geri qayıtmasının asan olmayacağını bəyan edib. Manturov xüsusilə avtomobil sənayesinə diqqət çəkərək, “Avtomobil sənayesində vəziyyət çox aydın deyil. Şirkətlər asanlıqla ayrıldılar, amma geri qayıtmaq o qədər də asan olmayacaq. Bizim yaddaşımız güclüdür və bu məsələdə tələsik qərarlar verməyəcəyik” deyib.

Hafta.az-ın yazdığına görə, Manturov, xarici avtomobil istehsalçıları ilə yanaşı, Amerikanın Boeing şirkətinin mümkün qayıdışından da danışıb və Rusiya aviasiya sənayesinin prioritetinin yerli istehsalı dəstəkləmək olacağını vurğulayıb.

Xarici pərakəndə satış şəbəkələrinin geri qaytarılması ilə bağlı aydın mesajlar verən Manturov, vahid qaydaların Rusiyanın bütün bölgələrində qüvvədə olacağını bildirib.

Rusiyalı nazir: “Ölkəmizin qaydaları və yanaşmaları vahid çərçivədə həyata keçirilir. Əgər onlar geri dönəcəklərsə, Krımda və yeni bölgələrdə də əməliyyata hazır olmalıdırlar”.

Krım 2014-cü ildə Rusiyaya, Donetsk və Luqansk separatçı bölgələri, Zaporoji və Xerson vilayətləri isə 2022-ci ildə qondarma referendumla Rusiya tərəfindən ilhaq edilib. Lakin Ukrayna və dünya ölkələri bu referendumları tanımır.

Son zamanlar Qərb şirkətlərinin Rusiya bazarına qayıtması ilə bağlı bəzi söz-söhbətlər yayılıb. Rusiya Ticarət Mərkəzləri Birliyinin vitse-prezidenti Pavel Lülin Inditex (Zara, Massimo Dutti, Bershka) səlahiyyətliləri ilə qeyri-rəsmi danışıqlar aparıldığını bildirərkən, Cənubi Koreya mətbuatı Hyundai-nin Rusiyaya qayıtması üçün qiymətləndirmələr apardığını yazıb.

Kreml xarici şirkətlərin geri qayıtması üçün qapıları tam bağlamasa da, prioritetin yerli istehsalçıları qorumaq olduğunu bəyan edir.