Ötən il Moskvada yerləşən “Krokus” konsert zalında törədilən terror aktı qurbanlarının xatirəsinə həsr olunacaq abidə mərmər sütun formasında layihələndiriləcək.
Hafta.az-ın yazdığına görə, abidənin martın 22-dək tamamlanması planlaşdırılır. Tünd mərmərdən tikiləcək abidənin hündürlüyü 9 metr olacaq.
Bundan əvvəl “Moskviç Maq” qəzetinin redaktorları abidənin tikintisinə başlanıldığını bildirmişdilər.
Abidənin dizaynının hazırlanması ilə bağlı məlumat ilk dəfə dekabrda paylaşılmışdı.
“Krokus City Hall”da terror aktı 2024-cü il martın 22-də baş verib. Həmin gün zirehli jilet geyinmiş və silahlanmış bir qrup şəxs konsert salonuna daxil olaraq mülki tamaşaçılara atəş açıb. Ardıcıl partlayışlardan sonra terrorçular tamaşaçıların oturacaqlarını yandırıblar və yanğın digər otaqlara keçərək binanın damını bürüyüb.
Hadisə zamanı 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.