“Laçın” tankeri Xəzərdən kənar hövzələrə yükləri daşıyacaq

13:03 16.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerin istismara verilməsi, RoPax tipli “Azərbaycan” bərə-gəmisinin tikintisinin növbəti mərhələsinin davam etdirilməsi üçün suya salınması mərasimi keçirilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən hafta.az-a verilən məlumata görə, mərasimdən sonra bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələrinin Bakı Gəmiqayırma Zavoduna media-turu təşkil olunub.

Jurnalistlərə məlumat verilib ki, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı bu gəmi Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Gəminin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker Iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

“Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi əsasında bu tip daha üç tankerin tikintisi aparılır.

Sonra jurnalistlər inşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan RoPax tipli “Azərbaycan” bərə-gəmisi ilə tanış oldular.

Media nümayəndələrinə məlumat verildi ki, bu gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə Zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.

Qeyd olunub ki, unikal RoPax tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.

“Azərbaycan” RoPax tipli bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.