Laçın və Zabux kəndindəki ermənilərlə bağlı MÜHÜM AÇIQLAMA  

15:04 24.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Əvvəla, 1992-1993-cü illərədək, yəni rayonun işğalınadək Zabux da daxil olmaqla Laçın rayonunun heç bir kəndində bir nəfər də erməni yaşamayıb. Yalnız Laçın rayon mərkəzində 1988-1989-cu illərədək bir neçə erməni ailəsi yaşayıb. Amma qəribədir ki, 30 ildən çox işğal altındakı yurdlarından didərgin düşmüş rayon sakinlərindən, o cümlədən zabuxlulardan heç biri öz yurduna qayıdıb işğalçı ermənilərin ev-eşiyini bərpa edə bilməyib, Ermənistanda Laçın şəhərində və Zabux kəndində işğal dövründə qanunsuz məskunlaşmış ermənilərin dırnaqarası “haq”larını tələb edirlər. Bu, üzr istəyirəm, həyasızlığın, rəzalətin, riyakarlığın son həddidir”.

Bu fikirləri hafta.az-a açıqlamasında Laçın rayonunun ağsaqqal ziyalılarından biri, Laçın Rayon İcra hakimiyyəti başçısının keçmiş müavini, hazırda Sumqayıt şəhəri məcburi köçkünlərin icması şurasının sədri kimi fəaliyyət göstərən Qəzənfər Hüseynov ifadə edib.

“Hazırda Zabux kəndində qalan ermənilərin əksəriyyəti təxminən 2011-

2013-cü illərdə Suriyadakı müharibə nəticəsində qaçqın düşərək Azərbaycan Respublikasının bu yaşayış məntəqəsinə qanunsuz yerləşdirilmiş ermənilərdir. Onu da qeyd edim ki, Laçınla qonşu olan Qərbi Zəngəzur ərazisindəki hayların da çoxu  XIX əsrdə Rusiya tərəfindən  həmin ərazilərə İrandan köçürülənlərdəndir. Yəni heç Ermənistanın öz ərazisindəki ermənilər yerli deyil, qaldı ki, Laçındakılar, Zabuxdakılar ola”-açıqlamasının davamında bunları söyləyən həmsöhbətimiz Zabuxdakı ermənilərin guya Azərbaycanın nəzarətində yaşamağa razı olmalarını onların növbəti riyakarlığı kimi dəyərləndirib.  

“İkincisi də bizləri, başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan vətəndaşlarını, o cümlədən laçınlıları, zabuxluları o yurdlara - Qarabağa, Zəngəzura bağlayan min illərin dərinliyindən gələn genimizə, qanımıza hopmuş hisslər, dərin, sarsılmaz inam var. Ordumuz, qəhrəman oğullarımız torpaqlarımızı həm də o hisslərin sayəsində düşməndən azad etdi. Amma hayları, erməniləri o yurdlara, eləcə də Laçına, Zabuxa bağlayan heç bir səmimi, dərin hiss yoxdur. Onlar yaxşı bilirlər ki, o yerlərə qanunsuz yerləşiblər və gec-tez bütün torpaqlarımızı tərk etməlidirlər...

Üçüncüsü və ən əsası, beynəlxalq hüquq da tam və qəti şəkildə bizim tərəfimizdədir. Qarabağdan, Laçından, Zabuxdan didərgin salınmış və 30 ildən çoxdur qaçqın-köçkün həyatı sürən yerli vətəndaşlar öz qanuni qeydiyyatda olduqları yaşayış məntəqələrinə qayıtmayınca kiminsə kənardan gəlib o yerlərdə yaşamaq hüququndan dəm vurması tam absurddur... İşğaldan azad edilmiş ərazilərdə yalnız sovet dövründə yaşamış və Azərbaycan vətəndaşı olmuş ermənilər yenidən Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizdə yaşaya bilər. Laçının digər kəndləri  kimi, Zabuxda da öncə dediyimiz kimi, belələri olmayıb...

 Dördüncüsü də  bizlərin, Azərbaycan xalqının, dövlətinin,  xüsusən işğaldan azad edilmiş torpaqların didərgin salınmış köklü sakinlərinin, o cümlədən Laçın rayonu və ayrıca Zabux kəndi sakinlərinin işğalçı Ermənistandan tələb etdiyi, amma yerinə yetirilməmiş çox haqları var. Məsələn, Ermənistan evlərimizin, məzarlıqlarımızın məhv edilməsinə, meşələrin yandırılmasına, sərvətlərimizin talanmasına görə dövlətimizə təzminat ödəməlidir. Həmçinin Laçın rayon mərkəzində, eləcə də Zabux kəndində qanunsuz olaraq tikilmiş kilsələr, qurulmuş xaçkarlar - xaç daşları sökülməlidir. Tezliklə Laçın şəhəri və Zabux da nəzarətimizə keçəndən sonra həmin kilsə və xaçkarları haylardan fərqli olaraq ədəb-ərkanla sökərək aparıb sərhəddə özlərinə təhvil vermək lazımdır ki, onları aparııb Ermənistanda qursunlar” – deyə Laçın ziyalısı vurğulayıb.

Xatırladaq ki, bu günlərdə erməni mətbuatında yayılan məlumata görə, Laçın yoluna alternativ yol çəkildikdən sonra Ermənistan hökuməti  Laçın rayonu mərkəzində və Zabux kəndində qanunsuz məskunlaşmış bütün erməniləri oradn çıxaracaq və bundan sonra həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Və guya Zabuxda yaşayan ermənilər Ermənistana köçmək istəmədiklərini, burada qalıb Azərbaycan vətəndaşları olaraq yaşamaq istədiklərini bildirirlər...

Oxunma sayı 4185
Siyasət rubrikasından digər xəbərlər