Lada-nın satışları kəskin azaldı

09:23 04.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın avtomobil nəhəngi AvtoVAZ 2025-ci ilin mart ayında Lada markası ilə 28699 avtomobil satdığını açıqlayıb.

Hafta.az-ın Autonews.ru-ya istinadən yazdığına görə, bu rəqəm fevral ayı ilə müqayisədə 7,4 faiz artım göstərsə də, ötən ilin mart ayına nisbətən 33 faiz dramatik azalmaya uyğun gəlir. Şirkətin məlumatına görə, eyni dövrdə Rusiyanın avtomobil bazarı ümumilikdə 44,4 faiz azalıb.

AvtoVAZ-ın prezidenti Maksim Sokolov mart ayında baş verən enişi “dramatik” adlandırsa da, 2024-cü ildə ölkəyə gətirilən yüz minlərlə xarici markalı avtomobilin səbəb olduğu yüksək faiz dərəcələri, kredit şərtlərinin sərtləşdirilməsi və “əsassız qiymət endirimləri” kimi amillərin bu azalmada təsirli olduğunu bildirib. Sokolov vurğuladı ki, bu inkişaflar şirkətin 2025-ci il üçün daralma proqnozlarını təsdiqləyir.

Satışların azalmasına baxmayaraq, bəzi modellərdə bərpa əlamətləri müşahidə olunub. “Lada Granta” martda 11767 ədədlə ən çox satılan model olarkən, fevral ayına nisbətən satışlarını yüzdə 22,5 artırdı. Eyni dövrdə 7111 ədəd “Lada Vesta” satılıb. “Lada Niva Travel” 34,3 faiz artımla 3397 ədəd satışa çatdı. Şirkət birinci rübdə cəmi 76217 Lada avtomobili satıb.

AvtoVAZ, ümumi bazarın daralmasına baxmayaraq, bazar payını artırmağı bacardığını bildirdi. İlin birinci rübündə Rusiya avtomobil bazarının 24,8 faiz azaldığı bir mühitdə Lada satışlarının azalması 16,8 faizlə məhdudlaşıb. Beləcə, markanın ümumi bazar payı 28,7 faizə yüksəldi. Şirkət iddia edir ki, bu dinamika Lada-nın 2025-ci ildə bazardakı mövqeyini qoruya biləcəyini göstərir.