Masallıda karantində saxlanılan xəstələrə Novruz sovqatları verildi - GÜNÜN TƏZADLARI

18:40 18.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Koronavirus şübhəsi ilə karantin altında saxlanılan vətəndaşlarımız ilaxırçərşənbə münasibəti ilə təbrik edilməyə və onlara bayram sovqatı verilməyə başlandı. Hafta.az-ın verdiyi xəbərdə deyilir ki, belə ibrətamiz tədbirlərdən biri Masallı rayon Mərkəzi Xəstəxanasında icra edilib. Xəstəxana rəhbərli və kollektivi adından tibb müəssisəsində karantində qalan vətəndaşların bayramı təbrik edilib və onlara Novruz sovqatları verilib. Maraqlı olayın video-görüntüləri də yayılıb.

Qeyd edək ki, Avropa və digər ölkələrdə tibbi personalla xəstələr arasında bu cür mənəvi bağlar müşahidə olunmur.

 

Putinin gizli bunkeri qarət edildi

Rusiyada gizli məlumatların saxlanıldığı bir hökumət bunkeri qarət edildi. Hafta.az xəbər verir ki,  bu barədə Ukrayna mediası məlumat yayıb. Oğrular Moskva yaxınlığındakı hökumət rabitə bunkerini qarət ediblər. Bunkerdə Federal Mühafizə Xidmətinin (FMX) xüsusi rabitə vasitələrinin təhlükəsizliyini təmin edən texnikası quraşdırılmış olub. Bundan əlavə, “Rostelecom” telefon stansiyasının arxivləri bunkerdə olub. Xəbərdə deyilir ki, etibarlı mənbələrdən alınan məlumata görə, Rusiya Federasiyasında yerləri bilinməyən 12 belə məxfi rabitə bunkeri var. Jurnalistlərin fikrincə, həmin bunkerlərin hamısı yerin altındadır. Onlar hesab edir ki, gizli bazaların yeri barədə  yalnız yerli insanlar bilə bilər. Oğruları Moskva yaxınlığındakı həmin obyektlərdən birinə yönləndirən də məhz yerli sakinlər olub. Bu bunker həm də onunla fərqlənir ki, orada  müharibə vəziyyətində qoşunlara komandanlıq etmək üçün bir hərbi qərargahın  yerləşdirilməsi mümkündür.

 

Əməkdar artistin avtomobilini yararsız hala saldılar

Əməkdar artist Elnur Kərimovun avtomobilini əzərək yararsız hala saldılar. Hafta.az  Musavat.com-a istinadla xəbər verir ki, aktyor bu haqda sosial şəbəkədə paylaşım edib: "Səhər uşağı həkimə aparırdım. Maşına yaxınlaşanda bu mənzərəni gördüm. Maşının şüşəsini qırıblar, alt tərəfi ümumiyyətlə yoxdur. Maşında onsuz da heç nə yox idi, amma yararsız hala salınması insanlıqdan kənar hərəkətdir. Həyətdə 24 saat nəzarətçi var, deyir, heç nə görməmişəm".

 

Cəlilabadda həkim karantində qalanlara şeir oxudu

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında koronavirus şübhəsi ilə karantində olan şəxslərə bayram sovqatı verildi. Hafta.az-ın yazdığına görə, "Report"  xəbər verir ki, bununla bağlı təşəbbüs xəstəxananın həkimləri tərəfindən irəli sürülüb. Belə ki, tibb heyəti karantində olan şəxsləri Novruz bayramı münasibətilə təbrik edib və onlara bayram sovqatları təqdim edilib. Həkimlərdən birinin şeir deməsi karantində olanlar arasında maraqla qarşılanıb.

 

Bakıda əcnəbi futbolçular Novruz imtahanından keçirildi

“Sabah” klubu Novruz Bayramı ərəfəsində maraqlı addıma əl atdı. Hafta.az-ın yazdığına görə, Oxu.az xəbər verir ki, Bakı klubu bu bayramla əlaqədar əcnəbi oyunçularını sınaqdan keçirib. Belə ki, serbiyalı qapıçı Saşa Stamenkoviç, eyni ölkəni təmsil edən müdafiəçi Filip İvanoviç, Qvineya əsilli fransalı yarımmüdafiəçi Amadu Diallo və Konqo əsilli fransalı hücumçu Kevin Kubemba Azərbaycanın milli bayramı ilə bağlı suallara cavab verməyə çalışıblar. Novruz Bayramı imtahanından ən yaxşı çıxan isə beş ildən çox Azərbaycanda oynayan, “Neftçi”nin sabiq futbolçusu Saşa Stamenkoviç olub.

 

Biləsuvarda ev bayram şamından yandı

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verdi. Hafta.az xəbər verir ki, hadisə martın 17-dən 18-ə keçən  gecə Xırmandalı kəndində qeydə alınıb.  Belə ki, həmin kəndin sakini Niyaz Əsədova məxsus birmərtəbəli evdə yanğın olub. Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb edilərək söndürülüb. Nəticədə ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin iki otağının yanar kosntruksiyaları 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, ev bayram şamının aşması nəticəsində yanıb. Faktla bağlı araşdırma aparılır.