Mədəniyyət və incəsənət xadimlərinə fəxri mükafatlar təqdim edilib

15:15 06.10.2011
Yazını böyüt
Yazını kiçilt
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı sərəncamlara əsasən, fəxri adlara layiq görülən bir sıra mədəniyyət və incəsənət xadimlərinə orden və mükafatları təqdim edib. Muzey mərkəzində baş tutan təqdimetmə mərasimində çıxış edən Əbülfəs Qarayev ölkə başçısının Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirdiyini dilə gətirib. Nazir fəxri adlara layiq görülən sənət adamlarını təbrik edib, onların bu yüksək diqqətə layiq olduqlarını vurğulayıb: “Bu fəxri medalların verilməsi, eləcə də mədəniyyət sahəsində gözlə görünən inkişaf dövlət başçısının diqqətinin nəticəsidir. Azərbaycanda hər bayram yaradıcı insanların yaddaşına həkk olunur. Çünki dövlət başçısı bu bayramların, əlamətdar günlərin heç birini unutmur. Bu gün təqdim olunan bu mükafatların hər biri layiqlidir və başqa sözə ehtiyac yoxdur. Fəxri adlara layiq görülən yaradıcı insanların hər biri tanınır, Azərbaycan mədəniyyətinin təbliği, inkişafı yolunda lazımi addımlar atırlar“.
Nazir Ə. Qarayev ilk əvvəl Xuraman Qasımovaya “Şərəf“ ordeni təqdim edib. Xuraman Qasımov bu ada layiq görülməsindən dolayı çox xoşbəxt olduğunu deyib: “Azərbaycan xalqı qarşısında baş əyirəm. Sənətimə, əməyimə verilən yüksək qiymətdən çox xoşbəxtəm. Valideynlərimə mənə doğru yol göstərdikləri üçün bacım Fidan Qasımovaya mənə dəstək olduğu üçün minnətdarlıq edirəm“.
Tədbirdə Ağasəməd Səmədov, Zabit Nəbizadə, Barat Alıyev, Elşad Bağırov, Rövşən Quliyev, Vaqif Gərayzadə, Aygün Səmədzadə, Ziya Şıxlinski, Böyükağa Məmmədov, Vahid Əliyev, Yadulla Həşimi, Səbuhi İbayev, Zöhrə Abdullazadə, Abbas Bağırov, Tahir İmanov, Lalə Məmmədova və başqalarına layiq görüldükləri fəxri mükafatlar təqdim edilib.

Sevda
Oxunma sayı 84