Media sahəsindəki islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək - MEDİA

11:19 27.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

““Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət satınalmaları tətbiq şərtlərindən asılı olaraq müxtəlif metodlarla həyata keçirilə bilər. Tender, təkliflər və kotirovka sorğusu kimi bir mənbədən satınalma da qanunla müəyyənləşdirilən metodlardan biridir. Belə ki, təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda həmin təşkilatın qeyd olunan metoddan istifadə etmək hüququ var”.

Hafta.az-ın xəbərinə görə, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada bildirilir.

Açıqlamada qeyd olunub ki, MEDİA Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına  üzv dövlətlərin və müşahidəçi dövlətin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VIII iclasının 09-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilməsinin təşkili məqsədilə istinad olunan hüququndan istifadə edib, yaşadığımız tarixi mərhələdə xüsusi əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli tədbir həm yerli, həm də xarici mediada geniş işıqlandırılıb: “​Təəssüflə qeyd etmək istərdik ki, cəmiyyətdə baş verən hadisələrin mediada ədalətli, balanslı, obyektiv və qərəzsiz işıqlandırılması jurnalistikanın ən başlıca vəzifələrindən olsa da, peşəkar və məsuliyyətli jurnalistikanın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir sıra media nümayəndələri tərəfindən hələ də tam mənimsənilməyib. İnanırıq ki, media sahəsində həyata keçirilən və Agentliyin də əsas tərkib hissəsi olduğu islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək və ali məqsədi həqiqəti yaymaq, əsas peşəkarlıq meyarı isə obyektivlik olan keyfiyyətli jurnalistikanın əhatə dairəsi daha da genişlənəcək”.

Qeyd edək ki, mətbuatda Medianın İnkişaf Agentliyinin sifarişi əsasında 9-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 8-ci iclasının təşkili ilə bağlı xidmətlərin tendersiz keçirilməsinə dair məlumatlar yer alıb. 

Oxunma sayı 234
Media rubrikasından digər xəbərlər