Məğlub xalq kimi ermənilərin üz ifadələrini görmək istəyərdim – Xalq artisti

17:41 27.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu gün çox qürurlu gündür. Eyni zamanda, şəhidlərimizə görə hamımızda ürək ağrısı var. Çünki biz şəhidlərin sayəsində o torpaqlara  qayıtmışıq. Mənim ailədən də qardaşımın oğlu, xüsusi təyinatlı qüvvələrdə xidmət edən İsrafil İbrahimov Vətən Müharibəsində 30 gün döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin hər biri bizim qəhrəmanımızdır”.

Bu fikirləri hafta.az-a açıqlamasında tanınmış xanəndə, xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov deyib.

O, həmçinin vurğulayıb ki, Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq:

“Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Ali Baş Komandanımıza, müzəffər ordumuza təşəkkür edirəm. Ona görə ki, biz 30 il idi o torpaqların həsrətini çəkirdik və Ali Baş Komandanın hücum əmrini gözləyirdik. Və həmin əmr bir il bundan öncə bugünki gün verildi.

Həmin gün mən deyərdim ki, xalqımız bir nəfər kimi hamısı sevindi. Çünki biz haqq işimiz uğrunda müharibəyə qalxdıq. Biz torpağımızın həsrəti ilə müharibəyə qalxdıq. Bizim işimiz haqq işi idi. İgidlərimiz də Ali Baş Komandanın əmri ilə əks hücuma keçərək qısa müddətdə torpaqlarımızı düşməndən azad etdilər. Baxmayaraq ki, ermənilər məğlubedilməz orduya malik olmaları barədə özləri üçün yalançı mif yaratmışdılar. Azərbaycan əsgəri, igid oğulları bu mifi 44 gün ərzində darmadağın etdi.

 Və torpaqlarımızı qarış-qarış azad etdilər. Şükür bu günümüzə. Bir il bundan əvvəl bəlkə də heç xəyalımıza da gəlməzdi ki, biz bu gün Şuşada tədbir keçirəcəyik, Xarı bülbül festivalı təşkil edəcəyik, Ağdama gedəcəyik. Bu gün biz artıq Şuşaya Zəfər yolu da çəkmişik. Füzulidə hava limanı da tikmişik. Artıq bu əraziləri tikib qururuq. Bu bəlkə də mən deyərdim ki, bir möcüzədir. Biz 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızı qaytarmışıq. Hər il işğal günlərini qeyd etməkdən yorulmuşduq. Hər dəfə arzulayırdıq və deyirdik ki, gələn il bu vaxtı Qarabağda olaq. Artıq işğal günləri tarixə qovuşub, Qarabağın azad günlərini qeyd edirik. Nə gözəl günlərdir ki, biz yaşayırıq. Mən  xarici ölkələrdə keçirilən tədbirlədə düşmən ölkənin musiqiçilərinin sifətlərini indi görmək istəyərdim.

Məğlub xalq kimi onların üz ifadələrini necədir. Artıq mən zəfər çalmış xalqın bir sənətkarı kimi onların üzünə baxmaq istəyirəm. Baxın, onlar 30 il torpaqlarımızı əllərində saxladılar. Bütün torpaqlarımızı xaraba qoydular. Amma biz qayıtdığımız 11 ayda həmin əraziləri artıq tikməyə başlamışıq. Erməni bizim məscidlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, yuvalarımızı, insanlarımı məhv etdilər. Dünyanın heç bir yerində belə müharibə aparılmır, bu cür müharibə qanunu yoxdur, əsgər ancaq əsgərlə döyüşər. Əsgər qəbirlə, şəhidlə döyüşməz ki. Şəhidlərimizin qəbiri dağıdılıb, Xan qızı Nətavanın məzarı yerlə-yeksan edilib. Bunun adı sadəcə vandallıqdır. Onlara insan demək olmaz. Düzdür, biz qonşuyuq, nə vaxtsa sülh imzalayacağıq. Amma bizim onlarla düşmənçiliyimiz əbədiyyətə qədərdir. Şəxsən mən düşünürəm ki, bizim heç vaxt bir millət olaraq erməni ilə dostluğumuz olmayacaq, onlarla əbədiyyətə qədər düşmənik. Çünki onlar bizə o qədər pisliklər ediblər, Xocalı faciəsini törədiblər, qız-gəlinlərimizi vəhşiliklə qətlə yetiriblər, Vətən Müharibəsi dövründə Gəncədə, Bərdədə gecə yatmış insanları bombaladılar. Biz isə sərhəddən o tərəfə heç nə atmadıq, müharibəni sivillərlə deyil, döyüş meydanında apardıq. Bununla dünyada ən mədəni müharibə aparan bir millət olduq. Bu bizim haqq işimiz olduğuna görə də qalib gəldik”.

Xalq artısti onu da bildirib ki, yüz minlərlə insanın yuvasını dağıdan, o insanları elindən-obasından didərgin salan bir millət heç vaxt xoşbəxt ola bilməz: “Düşünürəm ki, Allah da onları cəzalandırdı. Ermənilər sonda bir millət kimi xəritədən silinməyə məhkumdurlar. Onların gələcəyini görmürəm. Allah millətimizi, dövlətimizi qorusun. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Bayrağımız da hər zaman yüksəklərdə dalğalansın”.

Oxunma sayı 527