Məhərrəm İbrahimovun ailəsi Prezidentə təşəkkür etdi 

11:57 22.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, 22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib. Şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış kompleksindəki mənzillərin sənədləri onların ailə üzvlərinə təqdim edilib.

 

Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov hafta.az-a bildirib ki, ötən gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev onlarla görüş keçirib. Görüş Prezidentin tapşırığı əsasında təşkil olunub.

 

“ Nazir şəhid ailəsi vəsiqəsini, 3 otaqlı mənzilin sənədini və təyin olunmuş sosial ödənişlərin kartlarını bizə təqdim etdi. Ailə üzvləri olaraq ölkə rəhbərliyinə təşəkkür edirik. Bu, cənab Prezidentin şəhid jurnalistlərə diqqət və qayğısının nümunəsidir. Dünənki görüşümüzdə gələcəkdə şəhid jurnalistlərlə bağlı tədbirlərin keçirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparıldı”.

 

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Oxunma sayı 390