Məişət tullantılarının idarə olunması

19:19 15.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bəzi ərazilərdə tullantılar düzgün idarə edilmədiyindən ətraf  mühitə ciddi ziyan dəyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı və ətrafa qoxunun yayıldığı faktı təsdiqini tapıb.

O qeyd edib ki, faktla bağlı tullantıların idarə edilməsinə cavabdeh Dağ Kəsəmən bələdiyyəsinin sədri Ariz Bayramov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

Yeri gəlmişkən, məişət tullantısı problemi ölkəmizdə illərdir ki, müzakirə predmetidir. Bu problem Bakının mərkəzi ərazilərində müşahidə edilməsə də, ətraf rayon və qəsəbələrdə, kəndlərdə özünü qabarıq büruzə verir. Məlumat üçün bildirək ki, tullantıların toplandığı poliqonlara pestisidlər, rənglər, həlledicilər, turşular və başqa zəhərli maddələr atılır. Baxmayaraq ki, bu cür tullantılar ümumi tullantıların 1 faizini təşkil edir, onların ətraf mühitə yayılmaması üçün nəzarət olunmalıdır.

Qeyd edək ki, ötən il Azərbaycan da bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya təsdiqlənib. Strategiyada  göstərilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram", “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, “2011–2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri çərçivəsində beynəlxalq investisiyalar cəlb etməklə təhlükəli (o cümlədən radioaktiv) tullantıların yığılması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üçün poliqonlar yaradılıb. Bakı şəhərində yığılan tullantıların zərərsizləşdirilməsi məqsədilə Balaxanı qəsəbəsində istehsalat gücü 500 min ton olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tikilib. Həmin zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri zavodlardan biri hesab edilir və dördüncü nəsil texnologiyaların (4G) tətbiqi ilə ətraf mühitin mühafizəsi sahəsində Avropa İttifaqının ən sərt normativlərinə uyğun qurulub. Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində ildə 231,5 milyon kVt/saat elektrik enerjisi hasil edilir ki, onun da bir qismi daxili tələbatı ödəmək üçün dövlət enerji şəbəkəsinə ötürülür.

Sənəddə habelə qeyd olunub ki, Bakı şəhəri ərazisində yaranan bərk məişət tullantılarının səmərəli idarə edilməsi məqsədilə 2008-ci ildə təsis edilmiş “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti paytaxtın ekoloji durumuna ciddi problemlər törədən bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün Balaxanı poliqonunun bərpasını təmin etmiş, nəticədə ətraf mühitə təhlükə törədən amillər zərərli tullantıların kənarlaşdırılması yolu ilə aradan qaldırılmış, poliqon ərazisində tullantıların qəbulu və yerləşdirilməsi üçün meydançalar genişləndirilmiş, daxili yollar yenilənmiş, müvafiq abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb. Eyni zamanda, bərk məişət tullantılarının təkrar dövriyyəyə cəlb edilməsi məqsədilə Almaniya istehsalı olan qabaqcıl texnologiyalar əsasında qurulmuş və illik gücü 200 min ton olan Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu istismara verilib, tullantıların çeşidlənməsi nəticəsində emal üçün yararlı olan kağız, şüşə, plastik, qara və əlvan metal, habelə digər xammalın ayrılması tullantıların ümumi həcminin azaldılmasına, əlavə xammal bazarının və ölkədə təkrar emalın formalaşdırılmasına və ən önəmlisi, tullantıların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə imkan verib. Qeyd olunanlarla yanaşı, bərk məişət tullantıları üzrə təkrar istehsalı inkişaf etdirmək məqsədilə 2012-ci ildə təməli qoyulan və 2017-ci ildə istifadəyə verilən Balaxanı Sənaye Parkı fəaliyyətə başlayıb. Orada işləyən müəssisələrə vergi və gömrük sahəsində tətbiq olunan stimullaşdırıcı tədbirlər, onların rəqabətqabiliyyətli olmasına, səmərəli və ekoloji təhlükəsizlik meyarları əsasında formalaşmasına və yüksək texnologiyalar tətbiq etməsinə təkan verib.

Bundan başqa, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində 2011–2014-cü illərdə Böyük Bakı ərazisində bərk məişət tullantılarının yığılıb toplanması və zərərsizləşdirilməsi sisteminin təkmilləşdirilməsi üçün bir sıra tədqiqatlar aparılıb. Digər tərəfdən, Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinə dair Milli Strategiyanın hazırlanması və məişət tullantıları sahəsində vahid idarəçiliyin tətbiqi üçün ölkə ərazisindəki vəziyyət təhlil edilib, şəhər və rayonlarda bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşıma, toplama və zərərsizləşdirmə sisteminin qurulması üçün regional sanitariya poliqonundan və ötürücü məntəqələrdən ibarət şəbəkənin yaradılması ilə bağlı təkliflər, həmçinin mərhələli hüquqi, inzibati, maliyyə, institusional və texnoloji islahatlara dair tövsiyələr hazırlanıb. Layihənin icrası çərçivəsində Bakı şəhərində Qaradağ və Suraxanı poliqonları tam bərpa olunub, çoxsaylı qeyri-qanuni tullantı sahələri müəyyən edilərək təmizlənib, yeni texnika və avadanlıq alınıb və tullantıların idarə edilməsi üçün ilkin informasiya bazası yaradılıb. Bakı ərazisində fəaliyyət göstərən yeni sistemlər istisna olmaqla, regionlarda əksər hallarda tullantıların açıq zibilxanalarda toplanması, bu məqsədlə ayrılmış sahələrin hasarlanmaması, həmin sahələrdə basdırılan tullantılardan əmələ gələn çirkləndirici maddələrin qrunt sularına qarışması, bəzi tullantı poliqonlarının birbaşa olaraq çayların sahili boyunca və subasar düzənliklərdə yerləşdirilməsi bu sahəyə xüsusi diqqət yetirilməsi zərurətini yaradır. Layihənin prioritet istiqamətlərindən biri kimi bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış tövsiyələr əsasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” formalaşdırılmış, birinci mərhələdə 5  ili əhatə edəcək bu Milli Strategiyanın uğurla həyata keçirilməsi üçün konkret addımlar atılmasına və müsbət nəticələr əldə edilməsinə yönələn müvafiq tədbirlər müəyyənləşdirilib.

Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcək.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.