Böyük Britaniyanın Mançester şəhərində yerləşən təhsil müəssisələrindən birinin binasında bıçaqlı hücum baş verib. Hadisə nəticəsində üç nəfər xəsarət alıb. İlkin məlumatlara görə, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur.
Hafta.az xəbər verir ki, Plant Hill küçəsindəki "Co-Op Academy" məktəbində baş verən insidentdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi dərhal saxlayıblar.
Məlum olub ki, hücum edən şəxs gənc qızdır. Digər şagirdlərin və işçi heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədris ocağında dərhal təcrid rejimi tətbiq edilib. Polis nümayəndəsi zərərçəkmiş üç nəfərin həqiqətən də bıçaq yarası aldığını, lakin hazırda onların səhhəti üçün ciddi təhlükənin olmadığını vurğulayıb. O, həmçinin əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerində fəaliyyətini davam etdirir və məktəbə lazımi dəstək göstərilir.
Hüquq-mühafizə orqanları ictimaiyyəti əmin edib ki, şagirdlər və müəllimlər üçün heç bir genişmiqyaslı təhlükə qalmayıb. Məktəbin qapıları önündə və ərazisində polis, eləcə də təcili tibbi yardım maşınları növbə çəkir./"Daily Mail"/